Azərbaycanda sürətlə inkişaf edən sahə: kəndlilərə ildə yüz milyonlarla dollar qazandırır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda sürətlə inkişaf edən sahə: kəndlilərə ildə yüz milyonlarla dollar qazandırır

2016-cı il üçün statistik göstəricilərə görə, Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixracın qeydə alındığı sahələrindən biri də fındıqçılıq olub. Bu məhsul ölkəyə təkcə Zaqatala üzrə 105 milyon dollara yaxın valyuta gətirib. Bu isə ölkənin fındıqçılıqla məşğul olan kənd əhalisini, xüsusilə şimal-qərb rayon camaatını çox sevindirib. 2017-ci ilin ikinci rübündə məhsulun qitymətində kiloya görə 7-8 manat bahalaşma müşahidə edilib.

Ötən ilin 1-ci rübündə ölkə üzrə 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Belə ki, Azərbaycanda inkişafda olan kənd təsərrüfatı sahələri arasında ölkəyə ən çox valyuta gətirən məhsul elə fındıq olub. Ölkənin 13 rayonu üzrə 40 min hektardan çox ərazidə fındıq bağlarının salınması nəzərdə tutulmuşdu. 2018-ci ilin sonuna qədər isə daha 10 min hektar ərazinin fındıqçılıq üçün ayrılacağı bildirilmişdi.

Hazırda ölkədə fındıqçılıqla məşğul olan 9 min nəfərdən çox işçi qüvvəsi var. Ərazilərin genişləndirilməsi ilə bu rəqəmlər 20-25 min nəfərə qədər çoxala bilər.

Ümumiyyətlə, kənd təsərrüfatının digər qolları kimi (pambıqçılıq, çayçılıq, arıçılıq) fındıqçılıq da sovet dövrü bitəndən sonra müəyyən mənada durğunluq dövrü yaşayıb. Lakin digərlərindən fərqli olaraq, bu sahə aktuallığını qoruyub və tamamilə tənəzzül prosesi yaşamadan bu günə qədər aktiv fəaliyyət sahəsi kimi qalıb. Son illər ərzində isə fındıqçılıq demək olar ki, kənd təsərrüfatı ilə məşğul olan əhalinin əsas ümid yeri olub. Belə ki, bəlli statistikaya görə, 2013-cü ildə ölkədə mövcud olan fındıq bağlarının sayı 30 min, 2015-ci ildə isə bu rəqəm 32 min 700 hektara çatıb. Bütün bunlar müsbət göstəricilərdir. Hazırda isə dövlət bu sahənin inkişafını öz üzərinə götürüb. Belə ki, lazım olan bütün texniki tədbirlər dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin edilib.

Azərbaycanın fındıq ixrac etdiyi əsas ölkələr arasında Rusiya və Almaniyanın adını çəkmək olar. Ümumilikdə isə Azərbaycan 25 ölkəyə fındıq ixrac edir. Beləliklə bu sahədə qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi və kənd təsərrüfatının əsas qollarından biri olan fındıqçılığın daha da aktivləşdirilməsi məqsədilə fındıq bağlarının sahəsini 80 min hektara qədər artırmaqdır.

Azərbaycan fındıq istehsalı üzrə dünya miqyasında dördüncü yerdə qərarlaşıb. Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilənvə keçirilməkdə olan tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişlərə nail olaraq yaxın gələcəkdə dünya miqyasında bir neçə pillə daha irəliləyə bilərik.Fındıqçılığın sürətli inkişafı Azərbaycana böyük və perspektivli addımlara yol açacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının müdiri Hüseyn İdrisov Publika.az-a bildirdi ki, ölkəmiz aqrar sahədə yüksək perspektivləri olan ölkədir:

"Fındıqçılıq kənd təsərrüfatı sahələri arasında ən gəlirli sahələrdən biri olub və elə də davam edir. Qeyri-neft sektoruna ayrılan diqqət xüsusilə bu sahədə qısa zamanda yüksək naliyyətlərin əldə olunmasına zəmin yaradacaq. Bizim regionlarımız münbit torpaqları ilə seçilir. 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması da bu sahədə olduqca böyük imkanlar yaradır. Regoionlarımız ayrı-ayrı bitkilərin, məhsulların becərilməsinəə, münbit şəraitinə görə müəyyən qruplara bölünüb. Məsələn Şəki, Zaqatala bölgəsi qoz, fındıq istehsalına görə artıq ixtisaslaşmış hesab olunur. Digər tərəfdən, hər bir məhsulun özünəməxsus bioloji xüsusiyyəti var. Məhsuldarlığın özü də bir mənada həmin bitkilərin uyğun bölgələrdə əkilməsindən asılıdır. İndi ölkəmizdə fındıq istehsalının 70%- i məhz Şəki-Zaqatala bölgəsinin payına düşür. Cari il üçün ölkə başçısının sərəncamına görə, fındıq bağlarının sahəsi 80 min hektara qədər artırılacaq".

Ekspert onu da qeyd edib ki, bu və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi diqqət ayrılıb:

"Bu eyni zamanda yeni iş yerlərinin açılmasına, ixrac potensialının artırlmasına və kənd təsərrüfatı sahəsində çalışan əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Bütün bunlar zəncirvari, bir-birinə bağlı detallardır. Hökumətimizin bu sahəyə ayırdığı diqqət əminəm ki, qısa müddətdə yüksək nəticələrə gətirib çıxaracaq".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm