Azərenerji: Bu müqavilə ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir
Bizi izləyin

İqtisadi gündəm

Azərenerji: Bu müqavilə ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində “Azərenerji” ASC ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb.

Publika.az xəbər verir ki, müqavilənin şərtlərinə görə, rəsmi Bakı Tehrana 180 mVt civarında elektrik enerjisi satacaq. İranla bağlanan enerji anlaşmasını şərh edən “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı əldə edilən razılaşmanın Azərbaycanda aparılan uğurlu enerji siyasətinin tərkib hissəsi olduğunu bildirib:

“Müqavilə şərtlərinə görə, Azərbaycan tərəfi İrana 160±20 MVt elektrik enerjisi satacaq. Bildiyiniz kimi “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir və bu, ölkəmizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Bağlanan müqavilə də ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir. Məhz bir neçə gün öncə cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən iclasında verdiyi tövsiyələrdən biri də enerji ixracının genişləndirilməsi ilə bağlı idi”.

Təxmini hesablamalara görə, İrana elektrik enerjisi satışından dövlət büdcəsi milyonlarla dollar civarında gəlir əldə edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm