• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi müzakirə olundu - FOTOLAR

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi müzakirə olundu

Beynəlxalq Sərgilər Bürosunun (BSB) “Ekspo-2025” sərgisinin keçirilməsinə hazırlıq üzrə qiymətləndirmə missiyasının Bakı səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, konfransda iştirak edən “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri, maliyyə naziri əvəzi Samir Şərifov Bakının beynəlxalq sərginin ev sahibliyinə namizədliyindən danışıb.

Onun sözlərinə görə, BSB-nin Qiymətləndirmə Missiyası Bakıda olduğu müddətdə Azərbaycan rəsmiləri ilə görüşlər keçirib: “Prezident İlham Əliyev tərəfindən qəbul ediliblər. Həmçinin, Milli Məclisin deputatları ilə görüşüblər. Bu görüşlərdə “Ekspo-2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi məsələsi müzakirə olunub. Qiymətləndirmə Missiyası sərginin keçiriləcəyi əraziyə baş çəkib və həmin ərazinin sərgidən sonra Azərbaycan xalqının xeyrinə necə istifadə ediləcəyinə dair planla tanış olublar. Ümid edirik ki, missiya “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi etməsi haqda qərar qəbul edəcək”.

S. Şərifov əlavə edib ki, sərginin Bakıda keçirilməsi Azərbaycanın tanıdılması baxımından əhəmiyyətli layihədir.

“Sərgi üçün ayrılmış ərazidə gələcəkdə müasir parklar salınacaq. Həmçinin, Bakı şəhərinin yeni yaşayış ərazisi olacaq”, - deyə o bildirib.

Birinci vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov da “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb: “Azərbaycan Ekspo hərəkatında 2008-ci ildən hərəkət edir. Bu il Azərbaycanın üzvlüyünün 10 illiyini qeyd edirik. Bu illər ərzində təşkilatla sıx əməkdaşlıq etmişik. Son üç sərgidə Azərbaycan tərəfindən qurulmuş milli pavilyonlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilib”.

E.Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsinin insan kapitalının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

BSB İcraiyyə Komitəsinin prezidenti, qiymətləndirmə missiyasının sədri Jai-Chul Choi çıxışında bildirib ki, Azərbaycana səfərlərinin məqsədi səfərlərinin məqsədi Bakının namizədlik potensialı ilə yaxından tanış olmaqdır: “Azərbaycan “Ekspo-2025” sərgisinə Bakının namizədliyini irəli sürüb. Sonuncu sərgi 2015-ci ildə Milanda keçirilib, 2020-ci ildə isə Dubayda keçiriləcək. Qiymətləndirmə Missiyası Bakıda böyük qonaqpərvərliklə qarşılanıb. Prezident İlham Əliyevlə görüşmək imkanımız oldu. O bizə bildirdi ki, insan kapitalının inkişafı üçün bu sərginin Bakıda keçirilməsi əhəmiyyətlidir. Biz Milli Məclisin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər, eləcə də müxtəlif təbəqədən olan insanlarla ünsiyyətdə olduq. Hər kəs Ekspo sərgisinin Bakıda keçirilməsində maraqlıdır”.

Jai-Chul Choi qeyd edib ki, Bakının namizədliyi ilə bağlı Qiymətləndirmə Missiyasında müsbət rəy yaranıb: “Sərginin keçirilməsi üçün 4 şəhər namizədliyini irəli sürüb. Namizədin seçilməsi noyabr ayında olacaq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR