Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək
Bizi izləyin

İqtisadi gündəm

Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək

Bu gün Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçiriləcək.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, boru kəmərdə pay sahibləri, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcək.

Açılış mərasiminin keçiriləcəyi Eskişəhərin Seyidqazi ərazisində TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşir. TANAP-la nəql olunan bu ərazidən qaz daxili qaz şəbəkəsinə qoşulacaq və Türkiyə bazarına çatdırılacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək.

Ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAPlayihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm