“Azərenerji”yə ayrılan vəsait doğru istiqamətə yönləndirilməyib” - Ekspert
Bizi izləyin

İqtisadi gündəm

“Azərenerji”yə ayrılan vəsait doğru istiqamətə yönləndirilməyib” - Ekspert

“Son dövrlər elektrik enerjisinin istehsalı ilə bağlı, ümumilikdə bu sektora böyük vəsait ayrılıb. İnvestisiya qoyuluşu istiqamətində büdcədən “Azərenerji”yə böyük miqdarda vəsaitin ayrıldığını ötən gün keçirdiyi müşavirədə ölkə Prezidenti də qeyd etdi. Lakin görünən odur ki, ayrılan vəsait doğru istiqamətə yönləndirilməyib”.

Bu sözləri Publika.az-a açıqlamasında istisadçı ekspert Vüqar Bayramov ölkədə enerji təchizatında yaranan problemlə bağlı Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə səsləndirilən fikirləri şərh edərkən deyib.

V.Bayramov bildirib ki, yalnız 2010-17-ci illərdə “Azərenerji” xətti ilə əmlak və avadanlıqların alınması üçün 1 milyard 982 milyon manat vəsait xərclənib. Həmin vəsaitin əhəmiyyətli hissəsi 2015-ci ildən əvvəlki dövrə yəni manatın devalvasiyasından əvvəlki illərə təsadüf edir.

“Bu, o deməkdir ki, dollarla ifadədə sözügedən istiqamətə kifayət qədər böyük məbləğdə vəsait ayrılıb, xüsusən avadanlıqların alınması, yeni texnologiyanın ixracı ilə bağlı cəlb edilən vəsaitin həcmi də çox olub. Əmlak və avadanlıqlar üçün ayrılan vəsaitin 354 milyon manatı devalvasiyadan sonrakı dövrə təsadüf edir. Yəni, 2010-2014-cü illərdə “Azərnerji”yə 1 milyard 628 milyon vəsait ayrılıb. 2017-ci ildə “Azərenerji”nin elektrik satışından əldə etdiyi vəsait 1 milyard manatdan çox olub. Ayrılan vəsait, elektrik satışından əldə edilən gəlirin artmasına baxmayaraq, biz belə bir hadisə yaşadıq. Bütün bu investisiya qoyuluşları fonunda belə hadisənin baş verməsi elektrik sisteminə ayrılan vəsaitin müasir texnologiyanın bu sektora transferinin həyata keçirilmədiyini göstərmiş oldu. Ötən gün müşavirədən səsləndirilən fikirlərdən də bu nəticəyə gəlmək olur. Mingəçevir Su Elektrik Stansiyası 1969-cu ildə inşa edilib, bu gün orada istifadə edilən avadanlıqların böyük bir qismi ya sovet dövrü istehsalıdır, ya da Rusiyadan idxal edilən avadanlıqlardır. Praktik olaraq müasir, risklərdən sığortalanmış, Avropa istehsal edilmiş avadanlıqların alınması ilə bağlı ciddi işlər aparılmayıb. Yəni əsas məsələ texniki baxımdan müasir tələbələrə cavab verən avadanlıqların ölkəyə idxal edilməməsi ilə bağlıdır. Təəssüf ki, bunlar da vəsaitlərin şəffaf xərclənməməsi ilə bağlı narahatlıq yaradır”, - deyə ekspert bildirib.

V.Bayramov alternativ enerji mənbələrindən istifadəyə ehtiyac olduğunu deyib:

“Azərbaycanın imkanları genişdir, potensialımız var. Ölkə Prezidentinin də qeyd etdiyi kimi alternativ mənbələrdən istifadə etmək imkanlarımız var. Son illər ölkədə yeni elektrik stansiyaları inşa edilib. Lakin onların ya elektrik ötürmə imkanları zəifdir, ya da bir qismi istifadə edilmir. Nəticədə bir mənbədən asılılıq yaranıb. Ona görə də ölkədə elektrik enerjisi təminatının formalaşması üçün birmənalı şəkildə elektrik enerjisi istehsal edən müəssisələrin şaxələndirilməsinə ehtiyac var. Bir mənbədən asılılığın aradan qaldırılması və Mingəçevir SES-in modernləşdirilməsi, müasir avadanlıqlar hesabına yenidən qurulması labüddür. Rəsmi statistikaya görə, Mingəçevir SES ölkədə elektrik enerjisinə təlabatın 60 faizini ödəyir. Lakin son qəzadan sonra ölkə ərazisinin əhəmiyyətli hissəsi elektriksiz qaldı. Bu, o deməkdir ki, Mingəçevir ölkənin elektriklə təminatında yeganə mənbədir. Müşavirədə də qeyd edildi ki, bu, digər stansiyaların işləməməsi və ya işin qurulmamasından xəbər verir. Ölkə Prezidenti də bunu sual etdi. Təəssüf ki, “Azərenerji” bu məsələni açıq şəkildə cavablandırmır. Lakin elektrik enerjisi istehsal edən digər stansiyaların işləməməsi reallıqdır. Buna görə də digər elektrik stansiyalarının işə salınması və elektrik təminatında şaxələnmənin tətbiqinə ehtiyac var. Həm də alternativ enerji mənbələrindən istifadə mütləqdir. Azərbaycan Günəş və küləyin çox olduğu ölkələrdən biridir. Paytaxtda külək enerjisi, eləcə də ölkə ərazisində Günəş enerjisi hesabına alternativ mənbə yaradılması mümkündür. Bir tərəfdən ənənəvi mənbələr genişləndirilməli, digər yandan alternativ enerji mənbələrindən istifadə edilməlidir ki, ölkə bir mənbədən asılı olmasın”.

V.Bayramovun sözlərinə görə, son hadisələr göstərdi ki, belə məqamlarda dövlət qurumlarının fəaliyyəti üçün generator təminatı yetərli deyil, habelə onlar bu hallara hazırlıqsızdırlar:

“İnkişaf etmiş ölkələrdə elə bir metro xətti yoxdur ki, generator olmasın. Hətta bəzi ölkələrdə metro xətləri və digər nəqliyyat vasitələrində alternativ enerjidən istifadə edirlər. Qəribə olsa da, Azərbaycanda metroda belə generator yoxdur. Generatorların alınması Azərbaycanın iqtisadi imkanları daxilindədir. Səhiyyə müəssisələrində generatorların olduğu deyilirdi, lakin reallıq göstərdi ki, onların çoxu işləmir. Bu, bir daha həmin obyektlərin generatorla təminatına ehtiyac olduğunu göstərir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm