“Neftin qiyməti 500 dollara qalxacaq” – Həmid Herisçi
Bizi izləyin

İqtisadi gündəm

“Neftin qiyməti 500 dollara qalxacaq” – Həmid Herisçi

İran-ABŞ qarşıdurmasında Pentaqon sözsüz ən yeni smart dağıdıcı silahlarından istifadə etməyi planlaşdırır. Bu, tam yeni silahlardır. İran isə təbii silahdan istifadə edəcək. “Təbii silah” dedikdə mən 57 kilometrlik Hörmüz boğazını nəzərdə tuturam. İran son anda bu dar körfəzi qapayacaq. Nəticədə neftin bareli 500 dollara qalxacaq. Dünya iqtisadiyyatının buna dözməsi isə mümkün deyil.

Bu fikirləri Teleqraf.com-a yazıçı Həmid Herişçi deyib.

Herişçi əlavə edib ki, boğazın adı da çox mənalıdır: “Hörmüz işıq tanrısının adıdır. Hörmüz qaranlıq dünyasının hökmdarı Əhrimana qarşıdır. İndi özünüz düşünün, İran-ABŞ qarşıdurmasında kim işıqdı, kim qatı zülmət? Kim Əhriman, kim Hörmüzdür?”

ABŞ-ın dünya ölkələrinə noyabra qədər İranla neft alverini başa çatdırmaq barədə ultimatum ünvanladığını xatırladan müsahibimiz deyib ki, artıq Yaponya və Hindistan bu təşəbbüsə qoşulub:

“İran bu ultimatuma özünəməxsus cavab qaytarıb. Tehran bəyan edib ki, əgər mənim bir damcı neftim dünya bazarına çıxa bilməsə, Hörmüz körfəzini bağlayacam. Siz də Fars körfəzindən bir qram neft çıxara bilməyəcəksiz”.

H. Herişçi bildirib ki, İran-ABŞ qarşıdurmasının mümkün nəticəsi kimi neftin qiyməti kəskin bahalaşacaq: “Artıq analitiklər hətta bir barelin 500 dollara olacağını qeyd edirlər”.

Müsahibimizin fikrincə, indiki mərhələdə ABŞ İrana birbaşa hücum etməyəcək: “Məncə, qarşıdurmanın birinci həddində hərbi əməliyyatlar olmayacaq. Tərəflər, hibrid silahlardan, kiber hücumlardan bolluca istifadə edəcək. ABŞ bu sahədə bütün mümkün imkanlarından, ən yeni smart silahlarından istifadə edəcək. Oxşar ən yeni silahlar İran tərəfindən də meydana atılacaq. Hələ odlu silahlardan istifadə gündəmdə deyil. ABŞ quru əməliyyatlarından çəkinir. Ağırlığı kibersilahlara verir. Nəzərə alaq ki, The Wall Street Journal nəşrinin verdiyi məlumatlara görə “Dragonfly”, yaxud “Energetic Bear” haker dəstələri ABŞ-ın enerji saytlarına sızmağı bacarıblar. Bu dəstələr öz xidmətlərini İrana da təklif edə bilərlər. Yaxud artıq ediblər. ABŞ-ın əsəbləri həm də buna görə korlanıb. Hərbi qarşıdurma dünya xaosu ilə nəticələnə bilər deyə Avropa İttifaqı bundan çəkinir. Avropa İttifaqı istəyir ki, bulanıq suda öz qızıl balığını tutsun. Başqa sözlə, Avropa maraqlıdır ki, Tramp bütün dağıdıcı qüvvəsini bu böhrana xərcləsin. Yəni ABŞ zəifləsin. Əslində Rusiya da oxşar mövqedədir”.

Sonda Herişçi deyib ki, bu gün, Rusiya Baş Qərərgahının rəhbəri, general Vitali Gerasimov ölkənin xarici işlər naziri Segey Lavrovla birgə qəfil öz təyyarələrini Tel-Avivdən Berlinə yönəldiblər:

“Məncə, İran-ABŞ-İsrail üçbucağında Rusiya siyasi manevr edərək, Suriyanı və İranı Ukraynaya dəyişib. Gerasimov ilə Lavrov bu situatsiyanı NATO rəhbərliyi və Angela Merkel ilə görüşlərdə müzakirə edəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm