• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Əkin sahələrinin yandırılması torpağın humus ehtiyatını məhv edir

Əkin sahələrinin yandırılması torpağın humus ehtiyatını məhv edir

Son günlər taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması halları artıb, bu isə ciddi fəsadlar törədir. Həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərli olan bu üsul torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikrofloranın məhvinə gətirib çıxarır. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir.

Publika.az xəbər verir ki, hazırda ölkə ərazisində taxıl biçini yekunlaşmaq üzrədir. Yalnız dağlıq və dağətəyi bölgələrdə biçin davam edir. Taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bəzi torpaq mülkiyyətçiləri biçindən sonra əkin sahələrini yandırır. Bəzi fermerlərin fikrincə, samanı yandırmaqla torpağın münbitliyi artırılır, bu üsulla alaq otları və zərərvericilərə qarşı səmərəli mübarizə aparılır. Üstəlik, əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq məzsədilə sahələrə od vurulur. Mütəxəssislər isə deyir ki, bu fikir tamamilə yanlışdır. Çünki, bitki qalıqları müxtəlif üzvi maddələr və qida elementlərinin vacib resurslarından biri hesab olunur. Bitki qalıqları torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Nəticədə torpağın münbitliyini artır. Taxıl sahələrinin biçindən sonra yandırılması zamanı isə torpaqdakı orqanogen elementlər qaz halında itir, münbitliyə mənfi təsir edir. Torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır.

Yanğın zamanı yüksək temperatur torpağın üst qatına sistematik təsir edir, nəticədə humus ehtiyatı məhv olur. Torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 5 santimetr qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4- 4,5 kiloqram azot, 2-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə məhsuldarlığı 20-30 faiz azaldır. Sahələrin yandırılmasını zərərvericilərə qarşı mübarizə vasitəsi hesab edənlərə gəlincə, mütəxəssislər deyir ki, dənli bitkilərin əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir. Bu isə ekoloji problemlərə gətirib çıxarır. Həmçinin işıq dirəkləri, elektrik naqilləri məhv olur.

Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Qanunun 9-cu maddəsinə edilən dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.

Əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə görə, fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək cərimələnir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR