Neft 100 dollara qədər bahalaşa bilər – İqtisadçı
Bizi izləyin

İqtisadi gündəm

Neft 100 dollara qədər bahalaşa bilər – İqtisadçı

Dünya bazarında neftin qiymətində 2014-cü ilin ortalarından başlayan kəskin azalmalar 2016-cı ilin yanvar ayında özünün pik həddinə – bir barrel üçün 32,1 dollara çatdı. Bundan sonra qiymətlərdə müxtəlif zaman kəsiyində müəyyən oynamalar olsa da əsasən yüksələn xətlə artaraq bugünkü səviyyəyə – yəni, bir barrel üçün 85,6 dollara çatdı.

Publika.az xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, son aylar ərzində qiymətlərdə baş verən davamlı yüksəlişə mütəxəssislər müxtəlif izahlar versələr də artım bilavasitə dünya siyasi müstəvisində baş verən prosseslərlə bağlıdır:

“İlin sonuna qədər neftin qiymətlərinin 100 dollara qədər artacağı barədə proqnozları real qəbul etmək olar. Çünki noyabrın 4-dən etibarən ABŞ-ın İran neftinin satışına qoyduğu embarqo qüvvəyə minəcək. İranın dünya bazarlarına çıxardığı neftin həcmi sanksiyalar götürüldükdən sonra 2,5 milyon barrel səviyyəsinə qədər artmışdı.

Sanksiyaların yenidən tətbiqindən sonra nə baş verəcək? İran artıq bu sanksiyaların bəyan edildiyi vaxtdan neftini kimlərə, hansı yollarla və hansı şərtlərlə satmaq istiqamətində araşdırmlar aparmaqla məşğuldur. Lakin bu işlər nə qədər səmərəli olacaq? İran embarqoya qədər bazara çıxardığı 2,5 milyon barrel neftin hansı hissəsini gizli sövdələşmələr yolu ilə sata biləcək?

Bəlli məsələdir ki, bu yolla satılan neftin qiyməti dünya bazarlarında satılan neftin qiymətlərindən bir xeyli aşağı olacaq. Deməli, İran qadağalar qüvvəyə mindikdən sonra embarqoya qədərki həcmdə neft sata bilsə belə, bunun böyük bir hissəsini gizli yollarla edəcəyindən qiymətlərin aşağı olması hesabına itkilərə məruz qalacaq.

Digər tərəfdən, onun embarqonun tətbiqindən sonra neft satışının həcmi kəskin azalacaq. Bu isə İran iqtisadiyyatına növbəti ciddi zərbə, dünya bazarlarında neftin qiymətlərinin yüksəlişinə isə bir təkan olacaq”.

İqtisadçı daha sonra “Bu durumda bir neft ölkəsi olaraq biz nə etməliyik” sualına cavab axtarıb. Qeyd edib ki, ilk növbədə neft pulları hesabına valyuta ehtiyatlarımızı maksimum artırmalı və bu yolla əldə edilən gəlirin bir hissəsini bilavasitə yerlərdə kiçik və orta istehsal və emal müəssisələrini yaradılması üçün biznes layihələrin çox güzəştli şərtlərlə kreditləşdirilməsinə yönəltməliyik:

“Bu gün dövlət xətti ilə biznes layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmini neftin qiymətlərinin kəskin artmasından daxil olan gəlirlər hesabına 10 dəfəyə qədər də artırmaq mümkündür. Bunu vəsaitlərin bilavasitə Dövlət Neft Fondunun büdcəsindən Sahibkarlığın İnkişafı Fonduna ayırmaq yolu ilə də etmək olar.

Bizim neftin qiymətlərinə güvəncimiz yoxdur. Ölkə prezidenti bunu dəfələrlə bəyan edib. Bu gün başlanılan iqtisadi islahatlar yaxın zamanlarda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inqilabi bir dönüşü hədəfləyib. Bu dönüşə nail olmağın ən düzgün yolu da banklarımızın iqtisadiyyatdan üz çevirdiyi bir dönəmdə neftin satışından əldə olunan əlavə gəlirlərin bir hissəsinin biznes mühitin qaldırılması istiqamətində xərclənməsi ola bilər”. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm