Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqladı

“Vergi Məcəlləsinə bir neçə vacib dəyişiklik təklif olunur”.

Publika.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" verilişində deyib.

Onun sözlərinə görə, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır.

M.Cabbarov bildirib ki, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır: “Burada aylıq əməkhaqqı 8 000manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir”.

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir əlavə edib ki, bu ödənişlərin vahid olması təklif edilir: “Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz “kölgə iqtisadiyyatı”nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur. Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik. Bu ən vacib və ən böyük islahatdır, amma yeganə islahat deyil”.

M.Cabbarov qeyd edib ki, mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur: “Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə25%-dən 14%-ə endirilir. Yəni bu çöx əhəmiyyətli və köklü dəyişiklikdir. Bu, faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edən əmək haqqı güzəşti islahatıdır. Dövlət başçısı tərəfindən bu sahədə işləyən həm vətəndaşlara, həm də biznes subyektlərinə çox böyük güzəşt, töhfədir. Belə güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir.

Biz buna görə inanırıq ki, Azərbaycan sahibkarları, vətəndaşlarımız güzəştləri düzgün qiymətləndirəcək və öz növbəsində dövlətin bu addımına, bu dəvətinə vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əmək haqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər. Vergilər Nazirliyinin işi bunun inzibatçılığından ibarətdir. Biz bu siyasətin həyata keçirilməsində qəti olacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm