OPEK anlaşması: nəyə nail olundu? - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

OPEK anlaşması: nəyə nail olundu? - ŞƏRH

OPEK+ anlaşması bazarda bir müddət qiyməti yuxarı darta bilər, amma fundamental iqtisadi faktorlar önə çıxan kimi qiymətlər yenə aşağı enəcək.

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, OPEK-in son toplantısı ətrafında böyük ajiotaj yaradılan iclas idi:

“OPEK hasilatın 800 min, OPEK-ə daxil olmayan, amma sazişə qoşulan ölkələr isə 400 min - cəmi gündəlik 1,2 mln. barrel azaldılacağı ilə bağlı razılıq əldə olundu. Əslində içiboş qərardır, mütəxəssislər həmən bunu anlayacaqlar, amma gündə neft bazarında fyuçers, yəni "kağız neft" satan 30-40 mln. naşı treyder bunu anlamadı, sözlü müdaxilələrlə də qiyməti 5% artırdılar”.

İqtisadçı qərarın məğzinə də münasibət bildirib:

“İlk növbədə azalma noyabr ayı göstəricilərinə görə olacaq - keçən ay isə həm OPEK, həm də Rusiya rekord hədlərdə neft hasil etmişdilər. İkincisi, bu anlaşma işlək olsa, OPEK+ ölkələri hasilatı 1,2 mln. barrel azaltsalar belə, hasilatın həcmi bu ilin əvvəlindən 800 min barrel çox olacaq - yəni, hasilat yenə yuxarı hədlərdə qalacaq. Üçüncüsü, burada qazanan yenə ABŞ olacaq. Çünki Amerikada neft hasilatı tarixində ən yüksək həddə çatıb, hətta ABŞ-da bu ay neft ixracı neft idxalını qabaqlayıb. Qiymət 60-70 dollar koridorunda bir müddət qalsa, ABŞ-da hasilat yenə artacaq, bu da qiymətlərə növbəti basqı yaradacaq”.

İqtisadçı qeyd edib ki, İran üzərinə heç bir öhdəlik götürmədi:

“Bu isə İrana sərbəst hərəkət etmə imkanı yaradır. OPEK-in hasilatı cəmi 800 min barrel azaltması texniki səviyyədir, yəni, zaman-zaman heç bir anlaşma olmadan belə OPEK-in hasilatlnda aydan-aya 1 mln. barrel civarında oynaqlıq olur”.

İqtisadçı bildirib ki, dünyada “forex bazarı”nda 30-40 milyon insan neftlə bağlı treyderlik edir:

“Onlar ancaq günlük xəbər axınına kökləniblər. Artıq 1 aydır ki, media onların qulağını doldurur ki, OPEK+ anlaşması olsa, neft bahalaşacaq - anlaşma xəbəri olan kimi həmin naşı treyderlər ordusu neft fyuçerslərini almağa başlayır və nəticədə qiymətlər 5% qalxır. Görüşdən öncə isə 1 ay həmin media qulaqlarını doldururdu ki, anlaşma olmasa, neft kəskin düşəcək - onlar da 1 aydı qiymətin azalmasına oynayırdılar. Bütün bundan qazanan isə (özü də həm enmədən, həm qalxmadan) neft bazarının akulaları - iri yatırım fondları və treyder şirkətləridir. Onların sayı çox deyil, amma həlledici manipulyasiya gücü onlardadır”.

İqtisadçı vurğulayıb ki, OPEK+ daim hasilatı azalda bilməz, bu mümkün və real deyil:

“Deməli, bir gün OPEK və Rusiyanın tutub-getdikləri “divar” bitəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm