Problemli kreditlərlə bağlı bütün məhkəmə işlərinə xitam veriləcək - Millət vəkili
Bizi izləyin

İqtisadi gündəm

Problemli kreditlərlə bağlı bütün məhkəmə işlərinə xitam veriləcək - Millət vəkili

"Cənab Prezident problemli kreditlərlə bağlı inqilabi fərman imzalayıb. Bu, neçə illər vətəndaşları narahat edən məsələlərdən birincisi idi".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu fərman vətəndaşlar üzərindəki böyük bir yükü aradan qaldıracaq:

“2015-ci ildə manatın devalvasiyası vətəndaşları banklarla bağlı böyük problemlə üz-üzə qoymuşdu. Bu müddət ərzində bir çox vətəndaş məhkəmə çəkişmələri ilə üzləşmişdi. Bu problem ildən-ilə dərinləşməyə doğru gedirdi. Vətəndaş götürdüyü kredit məbləğindən bir neçə dəfə artıq maliyyə yükü altına düşmüşdü. Prezidentin bugünkü fərmanında isə vətəndaşların üzərinə yığılmış bu yükün tam aradan qaldırılması əks olunub. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək. Bu da vətəndaşa imkan yaradır ki, götürdüyü kreditdən qalan məbləği ödəyə bilsin. Bu fərman qüvvəyə minəndən sonra problemli kreditlərlə bağlı bütün məhkəmə işlərinə xitam veriləcək, güzəştlər tətbiq ediləcək. Vətəndaşlar qeyd etdiyimiz illərdə 10 min dollara qədər olan kreditlərini götürdükləri illərə uyğun məzənnə ilə ödəyəcək”.

Millət vəkili bildirib ki, bu fərman dollarla götürdüklərinə krediti manata çevirmiş şəxslərə də şamil ediləcək:

“Fərmanda qeyd edilir ki, 10 min ABŞ dolları və 17 min manat məbləğində kredit götürmüş hər kəsə bu qərar şamil ediləcək”.

A.Badamov onu da vurğulayıb ki, bu fərman təkcə vətəndaşların problemini həll etmiş olmayacaq, bankların fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək.

“Bu fərman əsasında banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin ediləcək. Bilirsiniz ki, banklar da ödənişlərin gecikməsinə görə problemlə üzləşmişdilər. Bu vəsait həm də bankların normal fəaliyyətinə təsir edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm