Jurnalistlər üçün daha bir müsabiqə elan olundu
Bizi izləyin

İqtisadi gündəm

Jurnalistlər üçün daha bir müsabiqə elan olundu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Mətbuat Şurası ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edib.

Fonddan Publika.az-a bildirilib ki, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-in fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

• Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;

• Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;

• Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti.

Birinci yerin qalibinə 1000 manat, ikinciyə 800 manat, üçüncüyə 500 manat, 5 nəfərə isə 200 manat həvəsləndirici mükafat nəzərdə tutulur. Müsabiqə mükafatçılarının adları iyulun 20-də açıqlanacaq.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;

• Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

• Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

• İfadə vasitələrinin zənginliyinə;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə;

• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə aprelin 10-dan iyulun 10-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

• yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

• yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

• yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

• materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

• diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

• yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir. Təqdimatda yer almalıdır:

• Müsabiqə yazısı ("Word" faylında, imzasız);

• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

• Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";

• Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);

• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə aprelin 10-dan iyulun 10-dək həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə telefonu:(012) 441 35 30; (055) 201 99 26; (012) 498 77 53 (1820/1824).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm