Son bir ildəki islahatlar.. - Ekspert AÇIQLADI
Bizi izləyin

İqtisadi gündəm

Son bir ildəki islahatlar.. - Ekspert AÇIQLADI

Son bir ildə ölkəmizdə aparılan islahatlar növbəti illərdə daha sürətli iqtisadi artımın əldə edilməsi üçün baza formalaşdırır.

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, son bir il Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi kimi yadda qaldı. Həmin müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

“Azərbaycan Dünya Bankının reytinqi əsasında 25-ci pilləyə yüksəldi. Bu, ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri olmaq deməkdir. Eyni zamanda, Azərbaycan məhz son bir il üçün dünyada ən çox islahat aparan 10 ölkədən biri elan olundu. Hesabat dövründə diqqətçəkən əsas məqamlardan biri də struktur islahatları idi. Struktur islahatlarının aparılması nəticə etibarilə idarəetmə sistemində çevikliyin gücləndirilməsinə şərait yaratdı. Çeviklik, prosedurların sayının azalması deməkdir ki, bu da xidmətlərin elektronlaşması deməkdir. Yalnız vətəndaşlar deyil, eyni zamanda, iş adamları da artıq daha çox elektron xidmətlərdən istifadə edirlər. Bu da məmur-vətəndaş, məmur-sahibkar ünsiyyətinin minimallaşdırılması və nəticə etibarilə şəffaflığın gücləndirilməsinə xidmət edir”, - deyə V.Bayramov vurğulayıb.

Qeyd edib ki, 2018-ci ildə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş əsas vəzifələrdən biri də kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı oldu. Dövlət başçısı tərəfindən vergi və gömrük sistemində islahatların dərinləşməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin genişləndirilməsi ilə bağlı tapşırıqlar verildi. Nəticədə biz xüsusən hər iki sektorda şəffaflığın güclənməsini müşahidə etdik. Gömrük sistemində şəffaflığın güclənməsi və qeydiyyat mexanizminin təkmilləşməsi, ölkəyə daxil olan məhsulların qeydiyyatı prosesinin liberallaşması nəticə etibarilə Dövlət Gömrük Komitəsi tərəfindən nəzərdə tutulandan daha çox vəsaitin dövlət büdcəsinə ödənilməsinə səbəb oldu: "Biz 2019-cu ilə həm vergi, həm gömrük sistemində yeni dəyişikliklərlə qədəm qoyduq. Xüsusən də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı vergi sistemində edilən dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən mikro və kiçik sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi həyata keçirildi ki, bu da sahibkarların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsinə şərait yaradır. Bu baxımdan biz 2019-cu ilə həm iqtisadi, həm də sosial sferada yeni islahatlar paketi ilə daxil olduq. Bütün bunlar da təbii ki, iqtisadiyyatın liberallaşması və şəffaflığın daha da gücləndirilməsi baxımından vacib amillərdəndir. Bütövlükdə son bir ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artımın bərpa edilməsi ili kimi yadda qaldı".

V.Bayramov deyib ki, Azərbaycan 2017-ci ildə iqtisadi stabilliyə nail oldu. 2018-ci ildə iqtisadi artımın bərpası və 2019-cu ildə daha sürətli iqtisadi artımın yenidən bərpa edilməsi ili kimi yadda qalacaq. 2019-cu, 2020-ci və 2021-ci illər üçün beynəlxalq maliyyə qurumlarının proqnozları göstərir ki, Azərbaycan 3 faizdən çox iqtisadi artıma nail ola biləcək. Bu da təbii ki, iqtisadi artım tempinin yüksəlməsi deməkdir. Son bir ildə aparılan islahatlar nəticə etibarilə növbəti illər Azərbaycan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradır: “Bu kontekstdən məhz son bir il, ölkə başçısının ötən seçkilərdən sonrakı fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan iqtisadi islahatların aparılması baxımından yeni mərhələyə qədəm qoyub. Bu keyfiyyət mərhələsi əvvəlki dövrlərdə formalaşmış infrastrukturun dəyərə çevrilməsi mərhələsidir. Ötən bir ildə aparılan islahatlar növbəti illərdə daha sürətli iqtisadi artımın əldə edilməsi üçün baza formalaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm