Nazir: AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə...
Bizi izləyin

İqtisadi gündəm

Nazir: AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə...

Göyçay rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir:

“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi 2019-cu ildə də aqrar sektorda artım 6%-dən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”.

Azərbaycanda narçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 264 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Nəyin hesabına? Çünki, Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi var idi. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var - vəhşilik və barbarlıq!"

Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur:

“Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu - 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaranıb”.

Nazir qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zəruri edir:

“Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi narçılıqda da inkişaf müşahidə edilir. Hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı 155 min tona çatdırılıb. Bununla belə əkin sahəsinə görə əldə edilən məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Nazir İnam Kərimov əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.

Müşavirədə narçılığın inkişafı, nar tingləri ilə təminat, yeni nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi, yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, narçılığın regionlar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi, mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması, ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm