Fars Körfəzi və Qara Dəniz nəqliyyat dəhlizi və onun Cənubi Qafqaza təsirləri
Bizi izləyin

İqtisadi gündəm

Fars Körfəzi və Qara Dəniz nəqliyyat dəhlizi və onun Cənubi Qafqaza təsirləri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Foreign Policy News” nəşrində “Fars Körfəzi və Qara Dəniz Nəqliyyat Dəhlizi və onun Cənubi Qafqaza təsirləri” mövzusunda məqaləsi dərc olunub.

Müəllif yazır ki, regionda planlaşdırılan nəqliyyat layihələrindən biri də Fars Körfəzi-Qara Dəniz Nəqliyyat Dəhlizidir (FKQD) və İranın təklif etdiyi layihənin məqsədi Cənubi Qafqaz və Qara Dəniz vasitəsilə Avropaya çıxış əldə etmək və ixracda Türkiyədən asılılığı azaltmaqdır: “Əgər layihə Azərbaycan vasitəsilə həyata keçirilərsə, bu kommersiya baxımından daha səmərəli olar. Belə ki, zəruri infrastruktur artıq Azərbaycanda mövcuddur. Lakin bu layihə ilə əlaqədar İran Azərbaycanla bağlı açıq mövqeyini ifadə etməyib. Azərbaycan da bu layihədə iştirak etməkdə maraqlı deyil. Bu onunla bağlıdır ki, Azərbaycan həm tərəfdaşı olan Türkiyəyə qarşı yönəlmiş layihədə iştirak etmək istəmir, həm də daha çox geosiyasi və iqtisadi üstünlüklərə malik olan digər layihələrdə iştiraka üstünlük verir”.

Müəllif yazır ki, Ermənistana gəldikdə, bu ölkənin İranla heç bir siyasi problemi yoxdur. Qeyd olunur ki, İran da bu layihəni əsasən Ermənistan vasitəsilə həyat keçirmək istəyir: “Lakin Ermənistanda layihə üçün zəruri infrastruktur yoxdur. Əgər Ermənistan layihədə dəmiryolu vasitəsilə iştirak etmək istəyirsə, bunun üçün dəyəri 3,5 milyard dollardan çox olan Cənubi İran-Ermənistan seqmenti tikilməlidir. Bu isə Ermənistanın maliyyə imkanları xaricindədir. İranın özü də maliyyə problemlərinə görə Ermənistana kömək edə bilmir. Xarici maliyyələşmə əldə etmək isə çətindir, heç kim səmərəsiz layihəyə investisiya yatırmaq istəmir. Digər tərəfdən isə Ermənistanın dəmiryolu Rusiyanın idarəçiliyi altındadır və bu layihə Rusiyanın regiondakı maraqlarına xidmət etmir”.

Vurğulanır ki, Ermənistanın avtomobil yollarında da vəziyyəti yaxşı deyil və modernizasiyaya ehtiyac var. Bu məqsədlə də Ermənistan 2012-ci ildən başlayaraq özünün ən böyük nəqliyyat layihəsi, Şimal-Cənub Magistral Yol layihəsini həyata keçirir və layihənin yalnız 20 faizini icra edə bilib: “Bu layihənin dəyəri də yüksəkdir (2 milyard dollar). Maliyyə problemlərinə görə 2018-ci ilin dekabrından etibarən tikinti dayandırılıb. Buna görə də avtomobil yolları ilə də Ermənistanın bu layihədə iştirakında məhdudiyyətlər mövcuddur”.

Ekspert bildirir ki, Gürcüstan isə hər iki istiqamət üzrə layihənin keçəcəyi ölkədir və onun layihədə iştirak edən ölkələrlə siyasi problemləri yoxdur: “Lakin Gürcüstan Qərb inteqrasiyasını əsas götürdüyündən onun İranla əməkdaşlıq etməsi ağlabatan deyil. Digər tərəfdən isə Gürcüstan regiondakı əhəmiyyətli layihələrdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etdiyindən onun İran tərəfindən FKQD layihəsinə cəlb edilməsi inandırıcı görünmür. Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanın bu layihəyə maraq göstərməsi başa düşüləndir. Bu ölkə regiondakı bütün layihələrdən kənarda qalıb və FKQD vasitəsilə özünü iqtisadi blokadadan qurtarmaq istəyir. Lakin qeyd edilən siyasi və maliyyə problemləri layihənin həyata keçirilməsini mümkünsüz edir. Digər tərəfdən isə ABŞ və İran arasında mövcud siyasi qarşıdurmanın yaxın gələcəkdə həll ediləcəyi gözlənilmir və bu da FKQD layihəsinin həyata keçirilməsi imkanlarını tamamilə aradan qaldırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm