Qüdrət Həsənquliyev: "Siyasi partiyalara və KİV-ə ayrılan vəsait artırılmalıdır"
Bizi izləyin

İqtisadi gündəm

Qüdrət Həsənquliyev: "Siyasi partiyalara və KİV-ə ayrılan vəsait artırılmalıdır"

"Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalət prinsipi tam təmin edilməyib. Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, büdcə layihələri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir. Təəssüf ki, biz millət vəkilləri bu məsələdə prezidentə kömək etmək imkanı xaricindəyik".

Publika.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili bildirib ki, büdcə sistemi haqqında qanuna zidd olaraq dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib: "Ona görə də bizim neçə obyektin tikiləcəyi, hansı obyektin tikintisinə nə qədər vəsait ayrılması barədə ən kiçik məlumatımız belə yoxdur. Hesablama Palatası 34 dövlət proqramı, 4 tədbirlər proqramı, 7 tədbirlər planı ilə əlaqədar olaraq 15 icraçı quruma məktub göndərib və icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılıb, konkret hədəflər göstərilməyib. Hesablama Palatasının rəyində bu cür qeyd olunur. Bununla Hesablama Palatası əslində prezidentin dediklərini təsdiq edib. Söhbət büdcə xərclərinin 37,9 faizini təşkil edən 10 milyard 209, 9 milyon manatın xərclənməsindən gedir. Bununla yanaşı, gələn il 951 milyon manat xarici kredit hesabına dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Xarici borc üzrə büdcədən 1 milyard 828 milyon vəsaitin geri qaytarılması göstərilib. Biz bilirik ki, götürülən kreditlər də əsasən tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisdə təsdiq olunmalıdır. Çünki o pulları biz büdcədən qaytarırırq. Əlbəttə o pulların səmərəli istifadə olunduğu sahələr var. Məsələn, mən bir neçə gün bundan əvvəl bir məlumatla tanış oldum. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi qlobal rəqabətlilik hesabatında Azərbaycan Dəmir Yollarının səmərəlilik indeksi 70,8 faiz olub. Bu sahədə islahatlar real olaraq həyata keçirilir və hər bir vətəndaşı məmnun edir. Amma "Azərenerji"yə dəfələrlə artıq vəsait yönəldilib. Buna baxmayaraq keçən ilin yayında Mingəçevirdə baş verən qəza nəticəsində ölkənin yarısı qaranlığa qərq oldu. Biz xarici dövlətlərdən elektrik enerjisi almaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, yeni rəhbərlik orada da köklü dəyişikliklərə nail olacaq.

Duinq Biznes hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutur. Amma bu ilin 9 ayında əsas kapitala investisiyaların həcmində 49.4 faiz paya malik olan sənaye investisiyaları 10 faiz, xarici investisiyaların həcmi isə 27,6 faiz azalıb. Bu da onu göstərir ki, biz iqtisadi sferanı tənzimləyən, biznes mühitini yaxşılaşdıran qanunlar qəbul etməklə yanaşı, qanunların aliliyini təmin etmək məqsədilə məhkəmə hüquq islahatlarını da dərinləşdirməliyik. Təqdim olunan sənədlərdən görünür ki, neft hasilatı 2, 8 faiz azalıb, qaz hasilatının 29,3 faiz artması isə ümumi neft-qaz sektorunda yalnız 1 faizlik artımı təmin edib. Neft sektoru büdcə gəlirlərinin 56,1 faizini təşkil edir. Əgər neftin qiyməti və hasilatı azalacaqsa, biz gələcəkdə maliyyə problemləri ilə üz -üzə qalacağıq. Hesab edirəm ki, bundan yayınmaq üçün qeyri-neft sekrorunun və özəl sektorun inkişafına xüsusi diqqət yetirməliyik. Biz böyük özəlləşməyə getməliyik. Gələn il özəlləşmədən büdcəyə 62 milyon vəsaitin daxil olması proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Məsələn, bu günlərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə fəaliyyət göstərən özəl sektorun nümayəndələri mənə müraciət edərək deyirlər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlətə məxsus kabel kanalizasiya qurğularından istifadəyə Bakı Telefon Rabitəsi MMC və "Aztelekom" MMC vasitəsilə qadağa qoyub. Özləri isə artıq müsair dünyada istifadə olunmayan və mənən köhnəlmiş qurğulardan istifadə etməklə keyfiyyətli xidmət göstərə bilmirlər. Söhbət 21 özəl şirkətə yaradılan problemlərdən gedir. Hesab edirəm ki, müvafiq strukturlar bu məsələni aydınlaşdırıb tədbir görəcəklər. Vaxtım başa çatdığına görə çox məsələlər barədə təəssüf ki, danışmaq imkanım yoxdur. Amma islahatlarla bağlı xərclərə 878 milyon manat vəsait ayrılıb. Sonda mən həmkarımın o fikrini də dəstəkləyirəm ki, siyasi partiyalara, QHT-lərə və KİV-ə ayrılan vəsait artırılmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm