Ticarət dövriyyəsində müsbət saldo yaranıb – Mərkəz rəhbəri
Bizi izləyin

İqtisadi gündəm

Ticarət dövriyyəsində müsbət saldo yaranıb – Mərkəz rəhbəri

Bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın ticarət balansı barədə danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6 milyard dollar dəyərində müsbət saldo yaranıb:

“Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard dollar təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukraynaya ixrac olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı isə 9 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub”.

Sosial islahatlar barədə fikirlərini bölüşən Vüsal Qasımlı qeyd edib ki, 2019-cu ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir: “Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib. İyunun 18-də imzalanan sərəncamla 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olub. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Orta aylıq əmək haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir”.

Mərkəz rəhbərinin sözlərinə görə, sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır: “Belə ki, ölkə başçısının sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edib. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm