AFFA-nın gəlirləri 4,5 milyon manatadək artdı
Bizi izləyin

İqtisadi gündəm

AFFA-nın gəlirləri 4,5 milyon manatadək artdı

AFFA-nın 2019-cu il üçün gəlirlərində 4 milyon 491 min 933 manatlıq artım baş verib.

Publika.az-ın məlumatına görə, hesabat ilində gəlirlər 29 milyon 948 min 618 manat olubsa, 2018-ci ildə bu rəqəm 25 milyon 456 min 685 manat təşkil edib.
Əsas gəlir mənbəyi olan SOCAR-dan 2018-ci ildə 11 milyon 50 min 500 manat, 2019-cu ildə 11 milyon 964 min 760 manat daxil olub. Başqa sözlə, 914 min 260 manat çox vəsait ödənilib.
Ən böyük artım UEFA-nın ödədiyi vəsaitdə qeydə alınıb. Avropa futbol qurumundan ödəniş 2018-ci ildə 3 milyon 54 min 145 manat olubsa, 2019-cu ildə 9 milyon 262 min 957 manata çatıb. Yəni, artım 6 milyon 208 min 812 manat olub.
Ayrılmış vəsait, müxtəlif yaş qrupları üzrə milli yığma komandaların və liqaların, "Grassroots" proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
"Hat Trick" Proqramı çərçivəsində 2018/2019 mövsümü üçün Həmrəylik ödənişləri 476 min 678 manat, 2019/2020 mövsümü üçün 3 milyon 892 min 802 manat, Millətlər Liqası üçün 2 milyon 611 min 287 manat, "Hat Trick 4" layihəsi üçün 767 min 71 manat, "Hat Trick 5" layihəsi üçün 1 milyon 515 min 119 manat olub.

"Hat Trick 5" üçün maliyyə vəsaiti Tovuz Futbol Məşq Mərkəzinin, 3 süni örtüklü mini-meydançanın inşası, mövcud stadionun təmir olunması istiqamətində xərclənib.
Əvəzində FIFA-nın ödədiyi vəsait 616 min 572 manat azalıb. Ali futbol qurumundan 2018-ci ildə 3 milyon 404 min 162 manat, 2019-cu ildə isə 2 milyon 787 min 590 manat gəlib.
FIFA-nın vəsaiti uzunmüddətli dövrdə yerli futbolun və onun idarəetmə sisteminin, infrastruktun inkişafına səbəb olacaq “Forward” Proqramı çərçivəsində ödənilib. Məbləğin 1 milyon 257 min 812 manatı FİFA İnfrastruktur Layihələri, 1 milyon 444 min 860 manatı FİFA Əməliyyat xərcləri, 84 min 918 manatı FİFA idman avadanlıqları üçün nəzərdə tutulub.
Vəsaitdən 849 min manat isə Tovuz Futbol Məşq Mərkəzinin inşası, 3 süni örtüklü mini meydançanın inşası, mövcud stadionun təmir olunması istiqamətində xərclənib. Beləliklə, Tovuzdakı infrastruktura üst-üstə 2 milyon 364 min 119 manat xərclənib.

Azalma halı Azərbaycan millisinin oyunlarının yayım hüququnun satışından daxilolmada da baş verib. 2018-ci ildə bu rəqəm 4 milyon 173 min manat olubsa, 2019-cu ildə 319 min 164 manat azalıb və 3 milyon 853 min 836 manata enib.
"Bakcell" şirkətinin ödədiyi vəsaitdə 997 min 851 manat artım baş verib. 2018-ci ildə 172 min 726 manat, 2019-cu ildə 1 milyon 170 min 577 manat ödəniş edilib.
Digər daxilolmalar 521 min 880 manatdan 566 min 593 manata çatıb ki, bu da 44 min 713 manat artım deməkdir.
"Paşa Sığorta"dan gələn vəsait isə yenə 118 min manat olub.

2018-ci illə müqayisədə sponsorlar siyahısında dəyişiklik də baş verib. 2018-ci ildə 2 milyon 909 min 172 manat ödəniş etmiş "AzərİdmanServis" və 53 min 100 manat köçürmüş "Bulvar otel" 2019-cu ildə heç bir ödəniş etməyib.
Əvəzində siyahıya UNİCEF 102 min 140 manat, "Procter and Gamble" isə 122 min 165 manat ödənişlə daxil olub.
Beləliklə, 2019-cu ildə daxilolmaların 39,95 faizi SOCAR-ın, 30,93 faizi UEFA-nın, 12,87 faizi Azərbaycan millisinin oyunlarının yayım hüququnun satışının, 9,31 faizi FIFA-nın, 3,91 faizi "Bakcell"in, 1,89 faizi digər mənbələrin, 0,41 faizi "Procter and Gamble"nin, 0,39 faizi "Paşa Sığorta"nın, 0,34 faizi isə UNİCEF-in payına düşüb. Daxil olan vəsaitlərin 53,11 faizi xarici mənbələr hesabına formalaşıb. / Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm