Azərbaycanın nəhəng tankeri Qara və Aralıq dənizlərində - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın nəhəng tankeri Qara və Aralıq dənizlərində - FOTO

Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı ilə xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Publika.az-a verilən məlumata görə, dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri artıq ilk səfərinə hazırdır. Gəmi Bakı Limanından üzü Gürcüstanın Kulevi limanı istiqamətində səfərə yollanacaq. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Uzunluğu 141 metr, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük, 3-ü tankerdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm