Məşhur rus politoloqdan sensasiyalı Qarabağ açıqlaması
Bizi izləyin

İqtisadi gündəm

Məşhur rus politoloqdan sensasiyalı Qarabağ açıqlaması

Bu gün Soçidə Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşün əsas müzakirə mövzusu son günlər cəbhə xəttində artan gərginlik, atəşkəsin pozulması, itkilər və bu kimi halların qarşısının alınması da olacaq. Ekspertlər hesab edirlər ki, atəşkəs rejiminin imzalanmasından keçən 20 ildə hələ Ermənistan-Azərbaycan cəbhə xəttində gərginlik bu səviyyəyə qalxmamışdı.

Bəs konfliktin yenidən qızışdırılması hansı qüvvələrə sərf edir? Ukrayna və Suriya münaqişələri fonunda Dağlıq Qarabağ münaqişəsi sanki beynəlxalq ictimaiyyət üçün arxa plana keçmişdi. Amma dünyanın belə unutqanlığı regionun lider dövləti olan Azərbaycana sərf etmir. Bakının planlarında işğal edilmiş torpaqların azad edilməsi prioritetdir. Rəsmi Bakının torpaqlarını qaytarmaq arzusu anlaşılandır. 1990-cı illərin əvvəlləri ilə müqayisədə indi Azərbaycan tamam ayrı dövlətdir. Güclü iqtisadiyyatı, ən müasir texnikası, enerji resursları var və bu gün bu imkanlar ona torpaqlarını qaytaracağına əminlik yaradır. Ermənistan isə 20 illik atəşkəs dövründə inkişaf etməyib, əksinə iqtisadiyyatı xeyli geriləyib.

O ki qaldı ermənilərin şövqlə dediyi Rusiya dəstəyinə, indi o dəstəyə ümid etmək olmaz. Ukrayna hadisələrində tərəflərdən birinin mövqeyini tutmaqla Moskva özünü çətin vəziyyətə salıb və çətin ki, daha bir tanınmamış ərazinin müdafiəsi üçün ikinci cəbhənin açılışına razı ola. Bu baxımdan rəsmi Bakının məhz indi hərbi cəhətdən fəallaşması anlaşılandır.

Rusiyanın tanınmış analitiklərindən biri Stanislav Belkovski "Bizim Yol"un əməkdaşı ilə söhbətdə, Qarabağda yeni müharibənin alovlanması ehtimalları, bu riskin kimə sərf etməsi və həmçinin Prezidentlərin Soçi görüşü barədə fikirlərini açıqladı.

- Cənab Belkovski, Ermənistan-Azərbaycan cəbhə xəttində nə baş verir? Bunu yeni Qarabağ müharibəsinin ilkin siqnalları kimi qəbul edənlər də var...

- Məncə, son çatışmalar onu deməyə əsas verir ki, müharibə o qədər də uzaqda deyil. Barıt qoxusu hər gün keçdikcə Azərbaycan-Ermənistan sərhədini daha çox bürüyür. İndi əsas sual "Baş verənlərdən sonra məsələni öz məcrasına qaytarmaqla status-kvonun bərpası mümkündürmü" sualıdır.

- Keçmiş prezident Medvedevdən fərqli olaraq, indiyədək Vladimir Putin Qarabağ münaqişəsinin həlli yönündə heç bir aktivlik göstərmir. Nə baş verdi ki, Putin Rusiyanın bu münaqişə ətrafında aparılan danışıqlarda moderatorluğunu bərpa etməyə başladı?

- Ukraynada baş verən son hadisələr, onlardan doğan iqtisadi sanksiyalar fonunda Vladimir Putinə sülhməramlı əbası geyinmək olduqca vacibdir. Odur ki, Putin Soçi görüşü zamanı mütləq hansısa bir real nəticənin əldə olunması üçün imkanı daxilində olan hər şeyi edəcək. Bu nəticə xırda belə olsa, Putin səy göstərəcək.

- Yəni öz maraqları üçün olsa belə, Putin Qarabağ məsələsinə ciddi girişib?

- Əlbəttə. İndiki situasiyada həm dünya, həm də ölkə ictimaiyyətinin diqqətinin bir müddətlik olsa belə, Ukraynadan başqa səmtə yönəldilməsi ona çox vacibdir. Yəni Putin Ukraynanın cənub-şərqində uğur əldə edə bilmir, sanksiyalar artır və indi onun daha uğurlu fəaliyyət göstərəcəyi bir istiqamət lazımdır - o da ki, Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin həlli zamanı Putini heç olmasa mülki sərnişin təyyarələrini vurmaqda ittiham etməyəcəklər. Mənə də çox maraqlıdır: o qarşısına qoyduğu məqsədə nail ola biləcəkmi?

- Bu hadisələr fonunda, Siz Azərbaycanın işğal olunmuş torpaqlarının mərhələli qaytarılması variantına necə baxırsınız?

- Bu, Dağlıq Qarabağ ətrafında yerləşən işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması üçün kompromis variant olaraq yaxşıdır. Buna nail olsa, bu, Putinin böyük uğuru sayıla bilər. Putin bilir ki, bu variantın reallaşmasına nail olsa, dünya birliyi ona başqa gözlə baxacaq. İndi dünya ona yalnız Ukraynada baş verənlərlə bağlı aqressor kimi baxır. Putin bu imici dəyişmək üçün səy göstərəcək. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli Putin üçün "xilas yolu" ola bilər.

- Deyək ki, sizin də bildirdiyiniz kimi, Putin bu konflikti həll etməyə cəhd edəcək. Amma yəqin siz də razılaşarsınız ki, bu münaqişədə heç də hər şey məhz Putindən asılı deyil.

- Siz haqlısınız. Amma unutmayın ki, artıq qlobal dünyada Putin bu münaqişənin həllində Rusiyanın münasibətləri yaxşılaşan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəstəyinə də ümid edir. Bu fikirləri demək üçün kifayət qədər əsas var. Unutmayın ki, Krım hadisələri zamanı yarımadada alovlana biləcək Krım tatarlarının üsyanının genişlənməməsinə məhz Ərdoğan kömək etdi.

- Siz demək istəyirsiniz ki, Ərdoğana görə Putin Ermənistana güclü təzyiq göstərəcək?

- O qədər də deyil. Putin ümid edir ki, Ermənistan Avrasiya İttifaqına üzv olacaq, odur ki, ssenari təmiz azərbaycanpərəst olmayacaq. Yəni əgər söhbət konkret rayonların azad edilməsindən gedəcəksə, onda Azərbaycandan da ciddi güzəştlər tələb ediləcək. Bu güzəştləri isə Putin birbaşa yox, Ərdoğan vasitəsi ilə reallaşdıra bilər.

Düzdür, söhbətin hansı güzəştlərdən getdiyini bu gün söyləmək olmaz, amma Soçidə Putin davamlı atəşkəsin bərpasına nail olsa, bunun özü də uğur sayılacaq. Dediyim kimi, Ukrayna krizisinin vurduğu ziyanlar fonunda istənilən uğur mətbuat tərəfindən nəhəng uğur kimi qiymətləndiriləcək.

Təkrar edirəm, Putin üçün indi köhnəlmiş hansısa konfliktin fonunda sülməramlı əba geyinərək, diqqətləri Ukraynadakı uğursuzluqlardan yayındırmaq çox vacibdir. Qarabağ məsələsində xırda da olsa, irəliləyişə nail omaqla Putin: a) özünün sülhpərvər olduğunu, b) Qərblə loyal münasibətlərin bərpasına hazır olduğunu göstərmək istəyir. Bəs Bakı və Yerevan buna gedəcəklərmi? Əsl sual elə bundadır.

- Ümumiyyətlə, Bakı razılaşmasa, sizcə, Putin Azərbaycana hansı yollarla təzyiq edə bilər?

- İndidən onun Azərbaycandan nə tələb etdiyini proqnozlaşdırmaq belə düzgün deyil. Putin üçün Soçi görüşündə minimum plan - davamlı atəşkəsə nail olmaq və tərəfləri kompromisə hazır olmağa çağırmaqdır. Əgər Putin böyük müharibənin qarşısını alan sülhməramlı kimi qələmə verilsə, onda Qərblə qlobal problemlərin həllini sonraya da saxlamaq olar.

- Və sonda: Sizcə, kimə sərf edir Ermənistan-Azərbaycan cəbhəsindəki son qarşıdurmalar?

- Yaxşı sualdır. Sizcə, əsas potensial sülməramlıya çevrilmək istəyən şəxs bunda maraqlı ola bilərmi? Məncə, bu sual düşünmək üçün geniş meydan yaradır.

/bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm