Bu, kredit şərtlərini yumşalda bilər - Deputat
Bizi izləyin

İqtisadi gündəm

Bu, kredit şərtlərini yumşalda bilər - Deputat

Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb: "4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manat isə manatda saxlanılır. Xarici valyutada saxlanan əmanətlərin payı cüzi çox olsa da, etiraf etmək lazımdır ki, son illər depozitlərin valyuta strukturu xeyli dərəcədə yaxşılaşıb. Bu isə milli valyutanın 2017-ci ilin fevral ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividendin ödənilməsi ilə bağlıdır".

Millət vəkilinin sözlərinə görə, fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil: "Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir. Bu baxımdan bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu, passiv vəsaitlərin banklara cəlb edilməsinə və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm