• USD 1,7000 0,00% EUR 1,9689 -0,24%
    • GBP 2,3344 +0,32% RUB 0,0239 +0,42%

Bu, Azərbaycanın valyuta gəlirlərini artırır - Vüqar Bayramov

Bu, Azərbaycanın valyuta gəlirlərini artırır - Vüqar Bayramov

“Avropada müşahidə edilən enerji böhranı neft daxil olmaqla digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub. Mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda “Brent” markalı neftin bir bareli artıq 80 dollardan baha təklif olunur. Kömür də Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır: “Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, neftə tələbin artması müşahidə olunmaqdadır. Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC+ alyansının oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir”.

V.Bayramov vurğulayıb ki, bu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da, dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir: “Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 milyon 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu, 8 milyard 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5% azalsa da, dəyər ifadəsində 25,1% artıb. Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatını gələn aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəlik isə 78 min barel həcmində olacaq. Mövcud qiymət büdcədə nəzərdə tutulan dəyərdən iki dəfə çoxdur. Bu isə Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır. Gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur”.

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR