Prezident İlham Əliyev: "Tərəfdaşlıq Xəzərdə təhlükəsizliyin təminatıdır"
Bizi izləyin

İqtisadi gündəm

Prezident İlham Əliyev: "Tərəfdaşlıq Xəzərdə təhlükəsizliyin təminatıdır"

Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək".

İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.

Azərbaycan Prezidenti qeyd edib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusilə də milli zonaların eninin və dəniz bioloji resurslarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların hazırlanması üzrə danışıqlar prosesinə yeni təkan verdi: "Bakı sammitinin nəticələri üzrə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qaçaqmalçılıq, icazəsiz ov, qanunsuz miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət strukturları arasında vacib əməkdaşlıq və qarşılıqlı fəaliyyət mexanizmi yaradıb".

İlham Əliyev vurğulayıb ki, ötən dövr ərzində Xəzərdə əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb: "Tərəflər Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin ləğv olunması sahədində əməkdaşlıq haqqında sazişin razılaşdırılmasını başa çatdırıblar və imzalanmasını təklif ediblər. Bu sahədə Xəzəryanı ölkələrin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək. Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, Qazaxıstan və Rusiya arasında ikitərəfli əlaqələrin, eləcə də Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişi xüsusilə qeyd etmək istəyirəm".

Prezidentin sözlərinə görə, bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli nizamlanması üçün vacib rol oynayır: "Azərbaycan hesab edir ki, bu sazişlərdə yer almış prinsiplər bütün Xəzəryanı dövlətlər arasında dəniz dibinin bölünməsi üzrə razılaşmaların əldə olunması üçün yaxşı əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli əməkdaşlıq regionumuzda sabitlik, əmin-amanlıq və təhlükəsizliyin rəhnidir".

Dövlət başçısı qeyd edib ki, enerji resurslarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli üzrə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, Xəzər dənizi regionunda etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması və yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi fəaliyyətin prioritet istiqamətlərindən biridir: "Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir çox beynəlxalq və regional layihələrin birləşdirici halqasıdır. Azərbaycan neft-qaz sahəsində Xəzəryanı qonşuları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzərin Azərbaycan sektorunda neft-qaz resurslarının işlənməsində sərmayədarlar qismində uğurla iştirak edirlər. Azərbaycan, həmçinin Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisi vasitəsilə neft və neft məhsullarının tranzitini həyata keçirir. Bundan başqa, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektrik enerjisi və nəqliyyat sahəsində yaxşı perspektivlər mövcuddur".

İlham Əliyev deyib ki, cari ilin sentyabr ayının 22-də Azərbaycanda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompeksinin birinci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib: "Birinci mərhələdə bu limanın yükaşırma gücü ildə 10 milyon ton və 50 min konteyner təşkil edəcək. Həyata keçirilməsi iki ildən sonra planlaşdırılan üçüncü mərhələnin yekununda isə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq".

Prezident qeyd edib: "Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün gəmi növlərini istehsal etmək qabiliyyətinə malik yeni gəmiqayırma zavodu istismara verildi. Bu zavod ölkələrimiz üçün nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin reallaşdırılması üzrə iqtisadi tapşırıqların həllində əlavə imkanlar yaradır. Tərəfimizdən yaradılan müasir logistik infrastruktur ümumi işimizə böyük töhfə verir və Xəzərdə əməkdaşlığı daha da dərinləşdirir".

Dövlət başçısı III Bakı sammitində Xəzər dənizində bioresursların mühafizəsi və rasional istifadəsi haqqında sazişin razılaşdırılmış protokol həllinin icrasını xüsusi qeyd edib: "Azərbaycan ekoloji sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bügünkü vəziyyəti ilə bağlı sahilyanı dövlətlərin ümumi narahatlığını bölüşür. Biz daha səmərəli əməkdaşlıq üzrə ümumi səyləri yüksək qiymətləndiririk və Xəzərin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində işə öz töhfəmizi veririk. Bakı sammitində qəbul olunmuş birgə həllə sadiqliyimizi təsdiq edərək, sahilyanı dövlətin suverenliyinə şamil edilən su məkanının daxil olduğu 25 dəniz milindən çıxış edərək milli zonanın eninin müvafiq razılaşdırılmasının tərəfdarıyıq. Biz dəniz dibinin bölünməsinin başlıca normaları qismində orta xəttin əsas prinsiplərini dəyişməz hesab edirik, dənizçilik, Xəzər dənizindnə digər dənizlərə azad çıxış və tranzit məsələlərinə böyük önəm veririk".

İlham Əliyev sonda Rusiya tərəfinə sammitin təşkilinə görə təşəkkürünü bildirib: "Sammit qarşımızda dayanan vacib tapşırıqların yekun həlli üçün Xəzəryanı ölkələrin mövqeyinin gələcəkdə yaxınlaşmasına xidmət edəcək".

Prezident əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə sadiqliyini təsdiq edib.

***

Bu gün Xəzər dənizində gələcəkdə qarşılıqlı fəaliyyətin vacib məsələləri üzrə çox səmərəli iş, açıq və dostcasına dialoq aparıldı. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammitinin yekunu üzrə mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib: "Vladimir Vladimiroviç bizim bu gün müzakirə və həll etdiyimiz əsas məsələləri artıq qeyd etdi və buna görə də artıq təkrarlamaq istəmirəm. Hesab edirəm ki, uğurlarımızın əsasını xalqlarımız arasında tarixən yaranan sıx qarşılıqlı fəaliyyət təşkil edir. Azərbaycanın bütün Xəzəryanı ölkələrlə sıx, qarşılıqlı faydalı, dost, tərəfdaşlıq əlaqələri mövcuddur. Xalqlarımızı tarix birləşdirir və böyük dəyər ondadır ki, qarşılıqlı fəaliyyət ənənələrini, dəstəyi və mehriban qonşuluğu qoruduq və hazırda bunları genişləndiririk".

Prezidentin sözlərinə görə, 2010-cu ildə Bakıda keçirilmiş sammitdən sonrakı illərdə faydalı şəkildə iş görülüb: "Həştərxan sammitində əldə edilən razılaşmalar çox ciddi, səmimi işin nəticəsidir. Çünki ümumi siyasi iradəmizi ortaya qoymasaydıq, nail olduğumuza çatmağımız çətin olacaqdı".

İlham Əliyevin sözlərinə görə, bu gün qəbul edilən qərarları bir neçə istiqamətdə irəliyə atılan vacib addım kimi qiymətləndirmək olar: "Bu qərarlar, həmçinin Xəzərdə qarşılıqlı fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə dair bizə böyük əminlik verir".

Azərbaycan Prezidenti qeyd edib ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin müxtəlif mərhələlərində bu fəaliyyətin başlıca məsələlərin nizamlanması üzrə konsensusa çatmağın nə qədər real olmasına dair müxtəlif qiymətləndirmələr mövcud olub: "Həştərxan sammitinin yekunu üzrə müzakirələr, həllər və imzalanmış sənədlər Xəzəryanı ölkələrin siyasi iradənin olduğu təqdirdə bütün qarşılıqlı fəaliyyət məsələlərini həll edə biləcəyini açıq-aydın göstərir".

İlham Əliyev vurğulayıb ki, Xəzərdə təhlükəsizliyin təminatı ikitərəfli və çoxtərəfli formatda tərəfdaşlıqdır: "Azərbaycana Xəzər dənizi üzrə qonşularının bir-biri ilə yaxşı tərəfdaş olmaları və bir-birilərini dəstəkləmələri çox xoşdur. Xəzəryanı ölkələr beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Bu müsbət tendensiyalar davam etdirilməlidir və mütləq davam etdiriləcək".

Dövlət başçısı deyib: "Xəzər bizim ümumi sərvətimizdir, biz onu qoruyuruq. Daha da yaxşı qorumalıyıq. Bunu konkret addımlarımızla, o cümlədən infrastruktur layihələr və investisiyalarla etməliyik, ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Ölkələrimizin üstünlüyü təkcə öz aramızda dostluq etməyimizdə və bir-birimizə səmimi yanaşmağımızda deyil. Bizim üstünlüyümüz həm də ondadır ki, biz iqtisadi baxımdan özümüzü təmin edən ölkələrik. Ölkələrimizdə ciddi maliyyə problemləri yoxdur, biz infrastruktura iri həcmdə investisiyalar yatıra bilərik və bunu edirik. Vladimir Vladimiroviç gələcəkdə nəqliyyat infrastrukturunun zəruriliyini qeyd etdi və mən öz çıxışımda Azərbaycanda görülən işləri xüsusilə vurğuladım".

Prezidentin sözlərinə görə, növbəti mərhələdə Xəzəryanı ölkələrin nəqliyyat işçilərinin fəaliyyətinin əlaqələndirilməsi məsələsini, o cümlədən yaradılan və artıq yaradılmış limanların fəaliyyətinin əlaqələndirilməsini nəzərdən keçirmək lazımdır: "Bu bütün istiqamətlər, çox perspektivli Şimal-Cənub istiqaməti və Şərq-Qərb istiqaməti üzrə fasiləsiz daşınmanı təmin etməyə imkan verəcək. Azərbaycan hər iki layihədə iştirak edir. Biz belə qarşılıqlı fəaliyyətdə yalnız mənfəət və fayda görürük".

İlham Əliyev vurğulayıb ki, Xəzərdə təhlükəsizlik məsələləri əlbəttə ki, xüsusi diqqət tələb edir: "Deməliyəm ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsi və etimad nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə eyni zamanda öz təhlükəsizliyini və qonşusunun təhlükəsizliyini təmin edir. Azərbaycan Həştərxanda əldə olunmuş sənədlərdən, razılaşmalardan məmnundur".

Sonda dövlət başçısı ümid etdiyini bildirib ki, növbəti sammitdə hələ öz həllini tapmamış məsələlər həll olunacaq.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub.

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Təntənəli mərasimdə çıxış edən tədbirin aparıcısı uşaq bağçasının istifadəyə verilməsini Həştərxanın həyatında əlamətdar hadisə adlandırdı.

Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin tədbirdə çıxış edərək dedi: “Bu gün həqiqətən gözəl və əlamətdar bir gündür. Əvvəla, Həştərxan şəhəri qürur duyur ki, Xəzəryanı beş dövlətin prezidentləri buraya toplaşaraq çox mühüm bir tədbir - Sammit keçirirlər. Bu tədbirdə Xəzərin sahillərində məskunlaşan insanların - yüz milyondan çox əhalinin əcdadları kimi sülh, dostluq və bütün xalqlara ehtiram şəraitində yaşamaları üçün lazımi və düzgün qərarlar işlənib hazırlanır.

Mən qeyd etmək istəyirəm ki, məhz çox hörmətli İlham Heydər oğlunun şəxsi mövqeyi sayəsində Həştərxan şəhərində, Həştərxan vilayətində hazırda mövcud olan münasibətlər, Azərbaycan Respublikası tərəfindən burada həyata keçirilən konkret layihələr nəinki hörmət, həmçinin heyranlıq hissi doğurur. Bu, ölkəmiz ilə Azərbaycan Respublikası arasında praktiki olaraq həyata keçirilmiş konkret planların, bütün sazişlərin və liderlərimizin razılaşmalarının nümunəsidir.

Cənab İlham Heydər oğlu, mən bu cür münasibətə görə həştərxanlılar adından çox minnətdaram. İnanın mənə, həştərxanlılar da Azərbaycan xalqına, şəxsən Sizə eynilə bu cür hörmət və məhəbbət bəsləyirlər. Mən Sizin qarşınızda Heydər Əliyev Fonduna, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Sizdə yaxşı mütəxəssislər, rəhbər işçilər var. Onlar bütün işləri vaxtında və keyfiyyətlə görüblər. Əlbəttə, belə münasibətlərin zəruriliyini təbliğ edən bütün diasporumuza da minnətdarlığımı bildirirəm.

Bu hədiyyəyə görə çox sağ olun. Qızım mənə deyir: “Ata, unutma ki, sənin kiçik nəvən bu bağçaya gedəcək”. Mən də deyirəm ki, onun bağçaya getməsi hələ tezdir. Amma əgər belə bir məqsədin varsa, deməli, gedəcək, çünki bu, çox gözəl bağçadır. Çox sağ olun.
Mən uşaq bağçasının müdirinə öz adımdan multimedia dəsti hədiyyə etmək istəyirəm. Çünki bu, ən mükəmməl uşaq bağçasıdır. Qoy burada uşaqlarımız da çox savadlı olsunlar. Çox sağ olun, İlham Heydər oğlu.

İcazə verin, protokoldan kənar da olsa, Xəzəryanı dövlətlərin Sammitinin keçirilməsi şərəfinə Sizin üçün hazırladığımız hədiyyəni göstərək. Bu, bir camdır. Qoy bu cam həmişə Azərbaycan xalqı üçün uğur və firavanlıqla dolu olsun. Camın üzərində Azərbaycan dilində yazılıb: “Sammitin keçirilməsi şərəfinə”. Çox sağ olun”.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək dedi: “Demək istəyirəm ki, dost Həştərxan torpağında yenidən olmağıma şadam. Bu, Həştərxan vilayətinə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobildə gələrkən mən Aleksandr Aleksandroviçi Həştərxan vilayətinin son illərdə qazandığı böyük uğurlar münasibətilə təbrik etdim. Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, mənzillər, ticarət mərkəzləri, ictimai yerlər tikilir, parklar salınır. Bütün bunlar Həştərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr Aleksandroviçin mənimlə artıq bölüşdüyü planlar gerçəkləşəndə Həştərxan daha da gözəl olacaq”.

İlham Əliyev deyib ki, Xəzəryanı dövlətlərin dörd il bundan əvvəl keçirdiyimiz Bakı Sammitindən sonra indi Həştərxanda keçirilməsi də, əlbəttə, bu şəhərin inkişaf səviyyəsinin göstəricisidir: “Sammit Rusiya Federasiyasının istənilən başqa şəhərində keçirilə bilərdi, lakin məhz Həştərxan seçildi və biz buna çox şadıq. Əminəm ki, Xəzəryanı dövlətlərin bu gün qəbul edəcəyi qərarlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Biz buna çalışırıq, bunu istəyirik və əlbəttə, Bakı ilə Həştərxan arasında çoxəsrlik tarixə malik olan qədim əlaqələrin bu gün necə inkişaf etməsinə sevinirik.
Biz həm də sevinirik ki, Həştərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə “Həştərxan-Bakı” Dostluq parkı var. Keçən dəfə həmin parkı Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq”.

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, uşaq bağçası “Drujba” adlandırılıb: “Mənim fikrimcə, bu adın rəmzi mənası var, çünki bizim nəslimiz dostlar nəslidir, biz bir ölkədə yaşamışıq, bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik. Gərək gənclər də bir-biri ilə ünsiyyətdə olsunlar, kiçik yaşlarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varisliyini təmin edərik.

Bizi birləşdirən cəhətlər çoxdur – tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə, regionlar arasında münasibətlərə görə şadıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan münasibətlərin səmimiliyinin və dərinliyinin daha bir göstəricisidir.
Bu əlamətdar hadisə münasibətilə həştərxanlıları, bizim hamımızı, Həştərxanın dostlarını bir daha təbrik edirəm və arzu edirəm ki, uşaqlar burada özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli vətəndaşları kimi böyüsünlər”.

Daha sonra bağçanın açılışı oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm