“People in Need” ermənipərəstliyi və bizim milli ermənilər – sənədlər, sübutlar
Bizi izləyin

İqtisadi gündəm

“People in Need” ermənipərəstliyi və bizim milli ermənilər – sənədlər, sübutlar

"People in Need" təşkilatı barədə Musavat.com saytı maraqlı araşdırma yazısı ilə çıxış edib. Sayt bu yazı ilə həm də bu təşkilatı müdafiə edən azərbaycanlı qeyri-hökumət təçsilçilərinə iradlarını radikal formada ortaya qoyub.

Beləliklə, Musavat.com bildirir ki, bu təşkilat Azərbaycanın ərazi bütövlüyün tanımır, separatizmi dəstəkləyir; 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağa yardım edib

Batumidə 6 ölkənin qatıldığı Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən skandalın əsas səbəbkarı Rauf Arifoğludur. Foruma müşahidəçi qismində qatılan “Yeni Müsavat”ın baş redaktoru yazıb ki, Azərbaycan əleyhinə anti-təbliğat stendini Boris Novosardiyanın sifarişi ilə Çexiyanın “People in Need” təşkilatı həyata keçirib. R.Arifoğlu reportajda yazır:

“Çex təşkilatı isə Dağlıq Qarabağ heyətini - yəni erməniləri müstəqil dövlətin heyəti kimi Foruma üzv etmək təşəbbüsü göstərib. Həm də israrla. Bunu da, “ermənipərəst” ifadəsini də qəzetimizə Forumun İdarə heyətinin üzvləri deyiblər. Təşkilat təmsilçisi belə bir təşəbbüs etdiklərini mənim yanımda təsdiqlədi. Sadəcə, məlumatı verən azərbaycanlı həmkarlarını qınadı ki, niyə idarəyə heyətinin qapalı müzakirələri barədə məlumat yayırsınız..”

Əslində, hər şey gün kimi aydındır. “People in Need” faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi təqdim etməyə çalışır. Və belə bir təşkilatı ermənipərəst adlandırmaq əslində qəbahət sayılmamalıdır. Ancaq bunu qəbahət hesab edənlər də var. Özü də Azərbaycandan. Məsələn, Zöhrab İsmayil Feysbukda qızğın müzakirə olunan bu mövzuya belə bir statusla münasibət bildirib:

“People in Need” təşkilatına "ermənipərəst" damğası vurmağa çalışmaq alçaqlıq və şərəfsizlikdir! Hansı ki, bunu “Yeni Müsavat” qəzeti etməyə çalışır...”

Əlbəttə, kim istəsə “Yeni Müsavat”ı alçaq və şərəfsiz hesab edə bilər. Ancaq bunun üçün ən azı gərək adamın öz əskisi tüstülü olmasın. Gəlin, bir-iki suala cavab arayaq. Zöhrab İsmayıl qeyri-hökumət təşkilatı olan “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”ndə külüng çalan biridir. Yəni, bu mötəbər şəxs də Qərbin qrantları hesabına dolanır. Bu təşkilat çeşidli Qərb donorları, hətta Azərbaycandakı səfirliklər tərəfindən maliyyələşir. Kimin şühbəsi varsa, buyurub bu təşkilatın elektron səhifəsinə baxa bilər. Onlar Qərbin çoxsaylı qrant mərkəzindən pul alırlar. Bu yüksək və şərəfli varlıq əcnəbidən pul alır və bu paranın müqabilində də erməniyə qucaq açan və separatizmə dəstək verən, üstəlik, Azərbaycanın ərazi bütövlüyünü vecinə almayan “People in Need” təşkilatının müdafiəsinə qalxır. Zatən, baş redaktorun qeydlərindən bu təşkilatın ermənilərə aşırı sevgisi aydın görünür.

Skandalın faktiki səbəkarı olan R.Arifoğlu daha sonra yazır:

“…Lakin reaksiyalar məni heyrətə gətirir. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib…Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa, Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır. Onlar da əlində planşet, tez qaçırlar Forum təşkilatçılarının üstünə... Söz azadlığının anasını ağladır Avropa demokratları ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də Musavat.com-da gedən yazılardır... Oranı tərk etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da imtina edirəm”.

Sonra məlum olacaq ki, təşkilatçılar Azərbaycan nümayəndə heyətindən daha 4 nəfəri tədbirdən kənarlaşdırmaq haqqında müzakirələr aparır…

Və elə həmin gün axşama doğru Rauf Arifoğlu yazdı ki, dostlar, Musavat.com-un tarixində olan ən böyük “kiber-atakla” üz-üzəyik. Buna da təbii baxmaq lazımdır. Çünki Ermənistanla Azərbaycan arasındakı savaşın ən önəmli cəbhə xətlərindən biri də media müstəvisindən keçir…

İndi isə “People in Need” təşkilatının ermənipərəstliyi ilə bağlı arqumentlərə nəzər salaq. Arqumentlər isə o qədər də uzaqda deyil. Bu təşkilatın İnternet səhifəsinə ötəri baxmaq kifayətdir. “Kapitan Qrantın uşaqları”nı da həmin səhifəyə baxmağa dəvət edirəm…

Təşkilatın “Homepage”ində olan “Ermənistan” bölməsində yazılıb: “Çex Respublikası və xüsusən “People in Need” tərəfindən başlamış lap ilkin humanitar yardım Ermənistana edilib. 1988-ci ildə ölkənin (Ermənistan nəzərdə tutulur) şimal-qərbi dağıdıcı zəlzələ ilə üzləşdi və on minlərlə insan öldü. (Söhbət Spitak zəlzələsi kimi tanınan fəlakətdən gedir.) Ona görə də Praqada bir qrup tələbə yardım toplamağa başladı və bu aksiya xalq arasında geniş rezonans doğurdu. 50 ton material Ermənistana daşındı və sonra yaranan “People in Need”in üzvülərinin çoxu məhz həmin tədbirin təşkilatçıları arasından çıxıb (özülü-özəyi orada qoyulub)”.

Bu təşkilat 1998-ci ildə də Ermənistana humanitar yardım edib. 2003-cü ildən isə Ermənistanda rəsmən fəaliyyətə başlayıb və hazırda bu ölkədə onlarla müxtəlif xarakterli layihələr həyata keçirir. Ən önəmli işləri isə Ermənistanın ən böyük problem olan mühacirətlə bağlıdır.

Yəni, bu təşkilat özü etiraf edir ki, faktiki olaraq Ermənistana yardım üzərində qurulub. Bu təşkilat özü-özünü ermənipərəst hesab edirsə, biz nədən etməyək?

Siz elə düşünməyin ki, “People in Need” təşkilatı sadəcə Ermənistana yardım edib. Bunu haradasa başa düşmək də olardı. Ancaq onlar həm də Dağlıq Qarabağdakı separatçılara dəstək veriblər. Özü də uzaq 1992-ci ildə. Təşkilat öz səhifəsində yazır ki, Jaromir Stetinanın rəhbərliyi altinda Dağlıq Qarabağdakı böhranla bağlı yardım kompaniyası keçirdik və Dağlıq Qarabağdakı xəstəxanalara yardım payladıq. Yaxşı, bu adını çex dilində yazdığım Jaromír Štětina kimdir? Hə, bu mötəbər şəxs münaqişə zonalarından yazan jurnalistdir. 10 kitaba imza atıb. Və ən önəmlisi isə “People in Need”i yaradan iki kişidən biridir. Birinci şəxs isə Simon Panek-dir. O, Çexslovakiyadakı “Məxməri İnqilab” zamanı önəmli fiqurlardan olub, tələbə hərəkatının liderlərindən biri kimi tanınıb.

Bir daha xatırladaq. 1992-ci ildə Azərbaycan Ermənistanla ölüm-dirim savaşına girmişdi. Və həmin vaxt “People in Need”i yaradan iki kişidən biri Azərbaycan tərəfinin razılığı olmadan Dağlıq Qarabağa yardım edib. Və mən heç ona da əmin deyiləm ki, bu yardın sadəcə, humanitar xarakter daşıyıb.

Yəni, hazırda bu təşkilatın Dağlıq Qarabağ heyətini - yəni erməniləri müstəqil dövlətin heyəti kimi Foruma üzv etmək təşəbbüsünün ciddi tarixi əsasları var.

Əgər bu sadaladıqlarımdan sonra da “People in Need”i Azərbaycanda müdafiə edən kimsə varsa, mənim ona daha deyiləsi bir sözüm yoxdur.

Bilməyənlər üçün onu da deyək ki, bu təşkilat Şərqi Avropada yaranmış ən böyük qeyri-hökumət təşkilatıdır. İllik büdcəsi 25 milyon avrodan çoxdur. Dünyanın əksər qrant mərkəzlərindən vəsaitlər alır və 50-dən çox ölkədə layihələr həyata keçirir.

Qeyd etdiyimiz kimi, xüsusən Ermənistanda da son dərəcə aktivdirlər. Həmin aktivlik bəzən gülüş də doğura bilər. Məsələn yazırlar ki, biz Ermənistanda “18 ailəyə qoyun, 4 ailəyə isə keçi vermişik, 16 ailə isə bizdən inək alıb. Verdiyimiz heyvanların çoxu doğmaq ərəfəsində olub…”

Yəni biz bu təşkilatdan Avropa qurumlarına rəsmi şikayət göndərməli tərəf bizik. Açıq şəkildə şikayətdə vurğulanmalıdır ki, bu təşkilat separatizmi dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyün tanımır.

Səhv etmirəmsə, tanınmış qələm sahibi Xalid Niyazov hələ 12 il əvvəl "Kapitan Qrantin uşaqlari" adlı bir yazı yazmışdı. Həmin yazıda müxtəlif təşkilatlardan və müxtəlif məqsədlər naminə qrant alanların ölkəyə yaratdığı problemlərdən geniş bəhs olunmuşdu. Həmin problem bu gün də ortadadır. Bu kimsəyə sirr deyil ki, biri İrandan, biri vəhhabi Səudiyyədən qrant alır, biri pulun müqabilində Rusiyaya işləyir, biri Amerikaya yaltaqlanır. Əminəm ki, biz Azərbaycan vətəndaşı olaraq Azərbaycanın maraqlarından çıxış etməliyik. Bizə Suriya və Liviyada, elə Gürcüstan və Ukraynada baş verənlər dərs olmalıdır...

Sonda onu da deyim ki, “People in Need”i ermənipərəst təşkilat adlandırmaq əslində yanlışdır. Bu təşkilatı olduğu kimi, yəni erməni təşkilatı kimi qəbul etmək lazımdır. Ən azı ona görə ki, mayası erməni sevgisindən yoğrulub...

Elbəyi Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm