Qəbələ RLS boşaldılır?
Bizi izləyin

İqtisadi gündəm

Qəbələ RLS boşaldılır?

"Belə bir nəzəri mülahizə yürütmək olar ki, Rusiya acıqlı şəkildə Qəbələ RLS-i tərk edirsə, Paris görüşünü də pozacaq"

Rusiyanın "İzvestiya" saytı Qəbələ RLS-də çalışan rusiyalı zabitlərə ölkəni tərk etmək üçün iyulun 1-nə kimi vaxt verildiyini yazıb. Xəbərdə deyilir ki, hərbi şəhərcikdə xəstəxanalar bağlanıb, məktəblər və uşaq bağçalarının da fəaliyyətini dayandırmağa hazırlaşırlar.

Publika.Az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev xəbəri nə təsdiq, nə də inkar edib:

"Biz hansısa qəzetdə və yaxud saytda gedən xəbəri şərh etmək məcburiyyətində deyilk".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev informasiyanın qeyri-rəsmi olmasına diqqət yönəldib:

"Hardan gəldi məlumat tapıb dərc edirlər. Qeyri-rəsmi mənbədir. Rəsmi mövqeyi mətbuat konfransında nazir bildirib".

Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 14-də ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında bu məsələyə toxunmuşdu. O söyləmişdi ki, Qəbələ RLS-lə bağlı danışıqlar davam edir və bu səbəbdən nəticələr barədə danışmaq hələlik tezdir.

Politoloq Qabil Hüseynli yayılan informasiyanın həqiqətə uyğun olmasına şübhə ilə yanaşdığını bildirib. O hesab edir ki, Rusiya belə asanlıqla Qəbələ RLS-i tərk edə bilməz:

"Tərəflərdən ən azından biri rəsmi məlumat verməli idi. Deyilənlər doğrudursa, deməli Rusiya nümayişkəranə şəkildə Qəbələ RLS-i tərk edir. Rusiya Azərbaycanı da düşünməyə vadar edən bir formada bunu etmək istəyir. Ancaq razılaşmanın əldə edilməməsi haqqında rəsmi məlumatın olmaması müəyyən şübhələr, daha doğrusu Rusiyanın özünün şübhəli addımları barədə fikir yaradır. Hər halda tələm-tələsik şərh verməyə dəyməz".

Qabil Hüseynli qeyd edib ki, sözügedən informasiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü günündə yayılması iki hadisənin dolayı yolla olsa da, əlaqəsinin olacağı barədə fikir yaradır:

"Belə bir nəzəri mülahizə yürütmək olar ki, Rusiya acıqlı şəkildə Qəbələ RLS-i tərk edirsə, Paris görüşünü də pozacaq. Bundan sonra isə Qafqazda pozuculuq hərəkətlərini artıracaq".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm