Nabrana cənnəti görməyə...
Bizi izləyin

İqtisadi gündəm

Nabrana cənnəti görməyə...

İyunun 16 və 17-də Mədəniyyət və Turizm Nazirliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, "Malibu" İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur keçirilib.

Publika.Az-ın məlumatına görə, iki gün davam edən infoturda turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyət iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəfər Qarayev bildirib ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanın turizm sahəsində böyük inkişaf perspektivləri var:

"Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Biz nazirlik olaraq Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirməyi, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etməyi, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə birgə layihələr həyata keçirməyi planlaşdırırıq.

Bu layihənin məqsədi respublikamızın ən füsunkar rayonlarından biri olan Xaçmaz rayonuna yerli turizm şirkətlərindən və kütləvi informasiya vasitələrindən ibarət turizm üzrə infoturun təşkil olunması, onlara "Malibu" istirahət mərkəzinin turizm potensialını, mövcud infrastrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə mərkəz arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.

Bu tip infoturlar daxili turizmin səviyyəsi ilə yaxından tanış olmaq üçün əlverişlidir və nəticə olaraq bölgələrdə turistlərin sayının artmasına müsbət təsir göstərir".

Səfərin ilk günü Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şabran şəhərinin qalıqlarına ekskursiya ilə başlayıb. Buranın tarixi barədə iştirakçılara məlumat verilib. Sonra səfər 10 yaşını qeyd edən "Malibu" İstirahət Mərkəzinə doğru yol alıb.

İnfotur çərçivəsində "Malibu"nun fəaliyyətinin 10 illiyi ilə bağlı tədbir təşkil olunub. Tədbirdə mərkəzin təsisçisi Abdulla Muradov buranın Nabranda fəaliyyətə başlayan ilk istirahət mərkəzi olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür infoturların təşkili bölgənin turizm imkanlarının öyrənilməsində və təbliğində, yerli və xarici turistlərin cəlb edilməsində böyük əhəmiyyət kəsb edir.

Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev isə bildirib ki, rayonda fəaliyyət göstərən 70 istirahət mərkəzi bu yay mövsümündə qonaqları qarşılamağa tam hazırdır:

"Qiymətlər də əvvəlki illərə nisbətən daha münasibdir. Təxmini hesablamalarımıza görə, bu yay mövsümündə rayona 80 min turistin gələcəyi gözlənilir. Ümumiyyətlə, mayda Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsindən sonra rayona gələn xarici turistlərin sayı artıb".

Nazim Ağayev onu da qeyd edib ki, turistlərin diqqətini cəlb etmək üçün Xaçmazda yeni kitabxanalar, xalça muzeyi, digər mədəni-iaşə obyektləri istifadəyə verilib.

Tədbirin sonunda infotura qatılan hər kəsə aktiv iştiraklarına görə "Malibu" İstirahət Mərkəzinin rəhbərliyi tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub.

Xəyalə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm