Cəbhədə daha çox həlak olan var? - AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Cəbhədə daha çox həlak olan var? - AÇIQLAMA

Ermənistan mənbələri cəbhə bölgəsində daha çox Azərbaycan əsgəri öldürdükləri barədə məlumat yayıblar.

Publika.Az-ın məlumatına görə, voskanapat.info saytı iyunun 5-də cəbhə xəttinini Qazax istiqamətində baş vermiş atışmada daha 4 Azərbaycan hərbçisinin öldürüldüyünü iddia edib. Sayt həlak olan Azərbaycan hərbçilərinin adlarını da açıqlayıb.

Azərbaycan saytları da cəbhədəki ataşmalarda daha çox erməni əsgərinin öldürülməsi ilə bağlı məlumat veriblər. Məsələn, AzeriDefence.com saytı atışmalarda daha 4 erməni əsgərinin öldürüldüyünü bildirib və onların adlarını göstərib.

Müdafiə Nazirliyi iyunun 5-də Qazax rayonu istiqamətində baş verən atışmada Azərbaycan tərəfinin daha çox itki verməsi barədə Ermənistan mətbuatının məlumatlarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın bununla bağlı sualına cavabında erməni mətbuatının yaydığı məlumatların dezinformasiya olduğunu bildirib: "Son günlər cəbhədə hökm sürən gərgin vəziyyət səngimək bilmir. Xəbər verdiyimiz kimi, dünən gecə və bu gün səhərə yaxın cəbhənin bütün istiqamətlərində gərgin atışmalar gedib.

Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan tərəfinə həmlələr etməyə cəhd göstərsələr də, düşməninin qarşısı qətiyyətlə alınıb. Ermənistanın qəzəbli əhalisini sakitləşdirmək üçün erməni hiyləsi yenə işə düşüb. Bir sıra erməni kütləvi informasiya vasitələrində uydurma adlar və rütbələr düzəldərək guya daha 4 və ya ümumilikdə 10-dan artıq Azərbaycan əsgərinin şəhid olduğunu göstərirlər.

Bunlar tamamilə yalan və həqiqəti əks etdirməyən məlumatlardır. Düşmən bu metoddan birinci deyil ki, istifadə edir. Lakin təəssüf ki, Azərbaycanda həmin bu uydurma yalanları diqqət mərkəzinə alıb, buna yer ayıran saytlar da tapılır. Bu adamı çox ağrıdır. Qoy, mənim bu sözlərimdən kimsə inciməsin. Belə yanlışlıqlara və şübhə toxumu səpən məkrli hiylələrə vaxt sərf etməkdənsə, bir alığa dərindən düşünsünlər - necə ola bilər, bu qədər itkiyə yol verilsin, lakin bu barədə söhbət açılmasın? Daha dəqiq ifadə etsəm, "dırnaqarası fakt" gizlədilsin. Bu ümumiyyətlə, mümkün deyil, nə də vicdana sığışan bir haldır".

Nazirlik sözçüsü deyib ki, Azərbaycan o qədər də böyük bir ölkə deyil, ucqar bir rayonda baş verən hər hansı bir hadisə barədə ölkənin bütün yerlərində məlumat alırlar:

"Mətbuat da baş verənlərdən dərhal xəbər tutur. Əgər onlar təqdim etdiyi kimi bu qədər itki olubsa, onda həlak olanlar haradadır və harada torpağa tapşırılıblar? Biz çox diqqətli olmalıyıq. Düşmən kifayət qədər hiyləgər və alçaq prinsiplərlə işləyir. Ona görə də düşmənin dezinformasiyalarına əsaslanıb, hər hansı məlumat yaymaq lazım deyil. Bu bizim ümumi işə çətinliklər gətirir".

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm