Müstəqil varlığımızın gələcəyi...
Bizi izləyin

İqtisadi gündəm

Müstəqil varlığımızın gələcəyi...

Publika.Az maraqlı olacağını nəzərə alıb "Müstəqil varlığımızın gələcəyi və milli humanitariya: çağırışlar, cavablar" sərlövhəli məqaləni diqqətinizə çatdırır.

Müstəqillik əldə ediləndən sonra ilk dəfə gələcəyimizə dair ümumxalq müzakirələri başlanmışdır. Onun təkanverici səbəbi isə Prezident sərəncamıdır. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası dövlətimizin yeni keyfiyyət mərhələsinə keçid almasını təmin edəcəkdir. Sərəncamda başlıca ideyalar ən qısa şəkildə deyilsə belə səslənir: ölkə yeni gələcək inkişafa keçid almaq ərəfəsindədir və bu ideyaların kapitallaşması üçün yaxın 8 il sınaq dövrü kimi seçilmişdir.

Dövlət başçısının bu sərəncamda imzası - Azərbaycanın rəsmi olaraq yeni, innovasiyalı strategiyanı qəbul etməsi, yaxın perspektivdə inkişafın təbii resurslara əsaslanan formasından intellektual resurslara keçidin təmin edilməsi deməkdir. Dövlət başçısının yüksək texnologiyalı və innovasiyalı cəmiyyət quruculuğu ilə qabaqcıl ölkələr səviyyəsinə çatmağı bəyan edən kursu, öz növbəsində, humanitar elmi-intellektual elitanın islahatların önündə getməyi, əməli və real dəstək verməsini tələb edir.

Yeniliyin fəlsəfəsi belədir ki, yalnız gələcək məqsədlərin irəli sürülməsi, onların gerçəkləşdirilməsi, yeni layihələrin həyata keçirildiyi şəraitdə yeniləşmək mümkündür. Əgər miqyaslı ümummilli inkişaf strategiyaları, layihələr, dövlət proqramları, yoxdursa, deməli, yeni mərhələyə keçiddən söhbət gedə bilməz.

Müstəqil Azərbaycanın inkişaf tarixinin ən mühüm yekunlarından biri də budur ki, siyasi liderlər davamlı olaraq həm dövlətimizin müstəqil varlığını qüdrətli edən siyasətin strateji təşəbbüskarı, həm də ümummilli layihələrin reallaşmasının təminatçısı olduğunu sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il 29 noyabr tarixində ölkəmizin gələcək inkişafının əsaslarını müəyyən edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqda sərəncam imzalamışdır. Sərəncamdan sonra "dəyirmi masa" təşkil edilmiş, ölkə ictimaiyyətinin fikir mübadiləsi və müzakirələri keçirilmişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Prezident İlham Əliyevin sərəncamını şərh edərkən bu sahənin qarşısında duran əsas məsələlər barədə demişdir: "Təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafı, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi də əsas istiqamətlərdəndir".

Hazırda həm ölkəmizdə, həm də bütün dünyada yaxın və uzaq gələcəyin ən müxtəlif - nikbin və bədbin, real və qeyri-real ssenariləri gündəmin əsas mövzularını təşkil edir. Gələcəyin modeli - mümkün gələcəyin reallığa ən yaxın ifadəsi, təsviridir. Gələcəyin arzu olunan, məqsədəuyğun obrazına və gerçəkliyə çevrilməsi yollarına dair təsəvvürlər ortaq modeldə birləşərək perspektivlərin ümumi mənzərəsini yaradır.

Xüsusilə də son illər ərzində milli quruculuq və islahatların sistemli, düşünülmüş və strateji xarakter daşıması vurğulanmalıdır. Uzunmüddətli strateji planlaşdırmaya və proqnozlara əsaslanan bu siyasət Azərbaycanı digər postsovet ölkələrindən fərqləndirən cəhətdir və son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasi fəaliyyətin əyani sübutudur.

İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam - ölkəmizin yaxın gələcək üçün ictimai-siyasi, iqtisadi inkişaf strategiyasının müəyyən edilməsini əks etdirən və müstəqillik dövründə bu qəbildən olan ilk rəsmi dövlət sənədidir. Nəzərə almaq lazımdır ki, xronoloji çərçivələrin aydın göstərilməsi ilə yanaşı, sərəncam mahiyyətcə dövlətçiliyimizin qarşısında duran daha geniş vəzifələri - XXI əsrdə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq, güclü dövlət qurmaq və yüksək rifah təmin etməyə yönəlmiş siyasətin tərkib hissəsidir. Qısa demək olarsa, bundan sonra gerçəkləşdirilə biləcək vəzifələrin və veriləcək bütün qərarların doktrinal, nəzəri əsasıdır. Yeni yüzillikdə milli müstəqil varlığımızın daha güclü, əbədi olmasının konseptual əsasıdır.

Sovetlər imperiyasının dağılmasını təhlil edərkən məşhur siyasətçi Z.Bjezinski başlıca səbəb kimi bu dövlətin "varlıq konsepsiyasına" malik olmamasını göstərmişdi.

Hazırda dünya ölkələrində yaxın və uzaq gələcəyin ən müxtəlif - nikbin və bədbin, real və utopik, esxatoloji ssenariləri fəal müzakirə edilir.

Azərbaycanın da öz inkişaf modelini təkmilləşdirmək və daim yeniləşdirmək yönündə axtarışları davam edir. Çünki dünya sürəkli surətdə dəyişir və mürəkkəbləşir. Strateji planlaşdırma müasir dövrdə öz rəqabətə davamlılığını təmin etmək istəyən qabaqcıl dövlətlər tərəfindən geniş istifadə edilir. Strategiya ehkamlara çevrilməyib, dövlətçiliyin inkişafının çevik vasitəsi kimi çıxış etməli, daxili və xarici əhatənin dəyişən reallıqları nəzərə alınmaqla onlara daimi düzəlişlər

edilməlidir. Zamana adekvat olan inkişaf strategiyasının hazırlanması üçün mövcud siyasi və iqtisadi, sosial-mədəni proseslərin, dünya inkişafının meyillərinin, çağırışlarının dərk edilməsi vacibdir. Son 50 ildə dəyişən dünyada milli dövlətin statusu və rolunun azalmasına dair verilən proqnozlara baxmayaraq, bu gün də milli dövlət dünya birliyinin aparıcı subyekti olaraq qalır. Dövlətlərarası münasibətlərdə məhz belə ssenarilərin reallaşmasına yönəlmiş rəqabət isə, öz növbəsində, yaşadığımız ən yeni tarixin təkanverici amili kimi çıxış edir.

Gələcəyi hədəfə alan ümummilli lider siyasəti yaşayır və inkişaf edir

Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illərində xalqımız gələcəyimizin necə olmasına dair geniş müzakirələrin aparılmasına imkan tapa bilməmişdir. Qarşıda fövqəladə dərəcədə çətin məsələlər dururdu. Paradoks onda idi ki, bütün bu məsələlərin hamısını eyni vaxtda həll etmək tələb edilirdi. Müstəqilliyin ilk illərində transmilli korporasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, xammal ixracatçılarının, bir sözlə, Azərbaycana sərmayə qoyuluşunda marağı olan tərəflərin yeni iqtisadi sistemin qurulmasına cəlb edilməsi özü də strateji məsələ idi. Bu baxımdan Azərbaycanın siyasi müstəqilliyinə xidmət edən iqtisadiyyatının dirçəldilməsi və güclənməsi naminə müxtəlif təşkilatların baxışları və fəaliyyəti həssaslıqla nəzərə alınırdı. Lakin tarixi baxımdan qısa bir vaxt ərzində iqtisadi müstəqilliyimiz artıq həlledici amilə çevrildi və Azərbaycan öz taleyinin sahibi olduğunu qətiyyətlə bəyan etdi.

Ən böyük strategiya da, missiya da müstəqil ola bilmək qadirliyini sübut etmək, dünyaya göstərmək idi. Xalqın istəyi ilə hakimiyyətə gələn, Azərbaycan dövlətçiliyinin sükanını ələ alan ümummilli lider Heydər Əliyev mahir strateq, siyasət dahisi kimi bu missiyanı gerçəkləşdirdi. Strateji məqsədlərlə Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırılmış, qiyamın qarşısını almaqla bütövlükdə Azərbaycanda dövlətin sütunlarını möhkəmləndirmək üçün milli birliyi təmin etmək məqsədilə bütün qüvvələr işğal və təcavüzün dəf edilməsinə, daxili siyasi çəkişmə və vətəndaş qarşıdurmasının aradan qaldırılmasına yönəldilmişdi. Bütün bunları təmin etmək üçün atəşkəs sazişi və "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan saziş Azərbaycanın nəinki ilk neft strategiyasının, bütövlükdə milli quruculuq və dirçəliş strategiyasının başlanğıcı oldu.

Heydər Əliyev irsinin - intellektualizmin və strateji təfəkkürün yüksək keyfiyyətlərini özündə cəmləyən zəkanın böyük örnək və məktəb kimi öyrənilməsinin zəruriliyi təkcə bu faktla bitmir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Dünya birliyinə, Avropaya inteqrasiya kursu - bütün bunlar gələcəyin güclü Azərbaycanını yaratmaq strategiyasının həyati vacib həlqələri idi. Bütün bunlar ulu öndər Heydər Əliyevin qadir siyasətini ümummilli inkişaf strategiyası səviyyəsinə qaldırdı və qalibiyyətlərimizin başlıca səbəbinə çevirdi.

Suveren Azərbaycanın intellektual-elmi inkişaf strategiyasının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlətimizin siyasi müstəqilliyini onun elmi intellektual, mədəni intibahı ilə bir

arada, tarixin və taleyin sınağında gerçəkləşdirə bilən şəxsiyyətin - Heydər Əliyevin həm dövlət öndəri, həm də, eyni zamanda, zəka öndəri olması bütün dünyada qəbul edilmiş tarixi həqiqətdir. Məhz bu səbəbdəndir ki, obyektiv elmi siyasətə əsaslanan əbədi, suveren Azərbaycan ideyası üzərində qurulan müstəqil vətənimiz tarixin heç bir dövründə Heydər Əliyev epoxasında olduğu qədər dünyada etiraf və təsdiq olunmamışdır. Məhz onun fədakar xidmətləri sayəsində Azərbaycan dünya siyasi xəritəsinə adını birdəfəlik həkk etmişdir.

İntellekt və zəkanın dünyada, xüsusilə də yeni qurulan Azərbaycan cəmiyyətində nələrə qadir olduğunu, ümummilli liderimizin necə dəyərləndirdiyini onun bütün həyatı, ictimai-siyasi fəaliyyəti sübut edir. İnnovasion yönümlü elm cəmiyyətinin formalaşması qanunauyğunluqlarını, yeni dövrün başlandığını bütün dünyada vurğulayan zəka sahibləri sırasında Heydər Əliyev birincilərdən olmuşdur. Onun elmə, intellektə münasibəti, milli elitanın formalaşdırılması istiqamətində göstərdiyi xidmətlər bu sahədə konkret məqsədləri, aydın hədəfləri necə müəyyən etməsi hələ çoxlu tədqiqatların mövzusu olacaqdır.

Qüdrətli Azərbaycanın qurulması, siyasi və iqtisadi sabitliyin təmin olunması kimi möhtəşəm vəzifənin hər şeydən əvvəl elmə və zəkaya əsaslanan siyasət əsasında həyata keçirilməsinə, bu istiqamətdə ölkənin malik olduğu intellektual potensialın səfərbər edilməsinə, insanların intellektual imkanlarına xüsusi dəyər verməsi Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi olmuşdur. Hələ sovet dövründə ölkə gənclərinin dünya elminin qabaqcıl nailiyyətlərinə yiyələnməsi üçün seçilmiş ali məktəblərə göndərilməsi bunu sübut edir. Dövlətçiliyin tarixində, müstəqillik salnaməsində dönüş nöqtəsi olan 1993-cü ildə yeni, suveren Azərbaycanın yaradılması üçün Bakıya qayıdan ümummilli liderin ilk görüşə ölkə alimlərindən, düşünən insanlardan, ziyalılardan başlaması hamının xatirindədir. Bu, əslində, hər bir inqilabi yeniliyin şüurlardan başladığına, insanın inam və intellektinin vəhdətinə əsaslandığına bəslənilən böyük ümiddən irəli gəlirdi. Bu görüş həm də cəmiyyətdə intellektin missiyasının və fəlsəfəsinin bilicisi olan tarixi şəxsiyyətin hansı zəkaya sahib olduğuna bir simvolik işarə idi. Ümummilli lider bununla da yaradılan yeni dövlətin bünövrəsinin elmi əsaslar üzərində qurulduğunu, zəka potensialına arxalandığını, insan resurslarını necə dəyərləndirdiyini nümayiş etdirdi. Onun elmə, təhsilə, mədəniyyətə, mənəviyyata göstərdiyi diqqət və qayğının kökündə, bunların milli qüdrətin və özünüdərk prosesinin ayrılmaz tərkib hissəsi olduğuna əminlik dururdu.

Bu qayğının kökündə insan amilinə, onun mədəni-elmi səviyyəsinə, intellektual imkanlarına dərin inam dururdu.

Heydər Əliyevi dövlət və siyasət öndəri səviyyəsinə ucaldan amil, onun nadir istedada, ensiklopedik biliyə, fəhm və intuisiyaya malik böyük strateq, həm də praqmatik olması öncə məhz zəka və düha sahibliyindən irəli gəlir. Onun elmə verdiyi dəyərin səbəblərini məhz burada, "zər qədrini zərgər bilər" xalq deyimində axtarmaq lazımdır. Təhsilin və elmin strateji istiqamətlər və dövlət siyasətinin ən mühüm məsələsi kimi bəyan edilməsi, ardıcıl quruculuq işləri bu gün öz konkret nəticələrini verir və verəcəkdir.

İnkişafın yeni mərhələsindən - 2003-cü ildən Azərbaycan dövlətçiliyi qazaınılan uğur və təməllərin üzərində strateji təşəbbüsü ələ keçirməyə nail olmuşdur. XXI əsrin gəlişi ilə strateji oriyentirlərin seçimi əsasında milli layihələrin müəyyən edilməsi və həyata keçirilməsi dövlət başçısının təşəbbüsü ilə ənənəyə çevrilmişdir. Bu o qədər də asan məsələ olmayıb, nəinki böyük məsuliyyət tələb edən vəzifədir, belə layihələrin ümumxalq müzakirəsinə təqdim edilməsi ilk növbədə tarixi nailiyyətdir. Çünki Azərbaycan xalqı bu sərəncamda əksini tapan yeni tarixi vəzifələri irəli sürmək üçün 20 illik müstəqil inkişaf yolunu qət etməli olub. Bu 20 illik zaman müddətini əksər postsovet dövlətləri keçib. Lakin daha keyfiyyətli inkişaf mərhələsinə adlamaq üçün qəbul edilən bu cür dövlət qərarları ətrafımıza baxanda yox dərəcəsindədir. Çünki dünya təcrübəsindən məlumdur ki, yeni gələcək yalnız fundamental tarixi nailiyyətlər üzərində qurula bilər. Azərbaycan məhz bu dövlətlər sırasındadır. Akademik Ramiz Mehdiyev bununla bağlı qeyd edir: "Mövcud çətinliklərə və geosiyasi mühitin incəliklərinə baxmayaraq, neft strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi suverenliyini təmin etdi, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verdi. Öz növbəsində Azərbaycan Xəzər dənizinin enerji resurslarının istehsalı və emalını ilk olaraq xarici sərmayəçilər üçün açdı və bu gün ölkəmiz neft və qazını 7 istiqamət üzrə dünya bazarına çıxarır. Güclənən iqtisadiyyatımız müasir qloballaşma kontekstində uğurla idarə edilir. Nəticədə 2009-cu ildə Azərbaycan bazar iqtisadiyyatına keçidi başa vurdu. Ölkəmiz iqtisadi keçid dövrünü bitirərək yeni iqtisadi münasibətlər sisteminə qədəm qoydu. 90-cı illərin əvvəlində 500 milyon dollar olan dövlət büdcəmiz 2011-ci ildə 20 milyard dolları artıq keçmişdir. Dövlətin maliyyə imkanlarının artması, onun iqtisadi fəaliyyətini daha da genişləndirmiş, xarici ölkələrə sərmayə yatırmasına şərait yaratmışdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ümumdaxili məhsul 2003-cü ildən 2011-ci ilə qədər 7 dəfə artmışdır".

Azərbaycan dövləti siyasi, sosial, mədəni-mənəvi sahələrdə yeni miqyaslı dəyişikliklər ərəfəsindədir. Bu, hər bir vətəndaşın və ya hər bir təşkilatın nəzərə almalı olduğu obyektiv reallıqdır. Dövlət başçısının sərəncamında qeyd etdiyi məsələlər miqyas baxımından epoxal məsələləri əhatə edir. Lakin sərəncamın imzalanmasından artıq yarım ilə yaxın vaxt keçir. İctimaiyyətşünaslarımız bu sahədə nə kimi baxışlarını təqdim edə bilmişlər? Milli humanitariyanın sosial-iqtisadi, mədəni, mənəvi, intellektual sferada resurs və potensialları səfərbər edilirmi?

Gələcək üçün model çoxluğu

Yeni mərhələyə qədəm qoyuruq və ilk növbədə, onun necə gördüyümüzü təsəvvür və dərk etməliyik. Suallar isə kifayət qədərdir. Bizim dünyada tutduğumuz yer 8-10, 20 ildən sonra necə görünəcək? Hadisələrin gedişatını müşahidə edəcək, yoxsa oyun qaydalarının formalaşmasında iştirak edəcəyik?!

XXI yüzilin lider dövlətləri hansı mərhələlərdən keçmişlər, kapitalizm, sosializm, ənənəvi və müasir dövlət modelləri bir-birindən nə ilə fərqlənir? Bütün ölkələr üçün vahid "dövlət quruculuğu resepti" mövcud deyil. Elə isə hansı modellərdən bəhrələnmək daha məqbul hesab edilməlidir. Belə ki, qabaqcıl dövlətlər hər hansı yekcins inkişaf modelinə malik deyillər. ABŞ, İngiltərə, Almaniya, yaxud da Yaponiya hər biri spesifik inkişaf tarixinə malikdirlər. ABŞ-ı

"böyük depressiyadan" çıxaran F.Ruzveltin "Yeni kursu" olub, yaxud Asiya möcüzəsi adlanan Asiya pələnglərinin inkişaf modeli var.

Azərbaycan da daxil olmaqla bütün dövlətləri birləşdirən bir anlayış var ki, bu da yaşanılan zamanın "postindustrial, qloballaşma və informasiya sivilizasiyası" mərhələsi adlanmasıdır. Bu nə klassik anlamlı kapitalizm, nə də imperializmdir.

Bütövlükdə hazırda qabaqcıl dövlətlərin malik olduğu və formalaşdırdığı inkişaf modellərini fərqləndirmək o qədər də mürəkkəb məsələ deyil və bu barədə kifayət qədər ədəbiyyat mövcuddur.

Söhbət qabaqcıl ölkələrdən getdikdə qeyd edək ki, "Böyük səkkizliyə" (G8) daxil olan, bu gün üçün inkişafin lokomotivləri hesab edilən, beynəlxalq məsələlərdə kifayət qədər həmrəy çıxış edən dövlətlər qrupunun modelləri var. Qloballaşmanın hegemonu və lideri kimi qəbul edilən bu dövlətlərin milli quruculuq təcrübəsi var.

Digər qrup ölkələr (məs.Avstriya, İsveç və s. kimi) dünya sistemində öz uğurlu yerini tapmış, əhalisinin yüksək həyat səviyyəsini təmin etmiş və daim inkişaf edən dövlətlər sırasındadırlar.

Üçüncü qrup ölkələr də var ki, onlar nə inkişafın liderləri, nə də onların ətrafında yer alan ölkələr sırasında deyillər. Bununla belə, öz mövqelərini ardıcıl olaraq saxlamağa nail ola bilirlər. Sadalanan postmodern inkişaf modellərinin hansı Azərbaycan üçün cəlbedici və məqbul ola bilər? Təbii ki, müzakirə mövzusu olarsa, əksəriyyət birinci qrupda olmağa üstünlük verərdi. Birinci qrup ölkələr sırasında heç kim bizi "səbirsizliklə qoynunu açıb" gözləmir, digərlərini isə Azərbaycan öz hədəfi kimi müəyyən etməmişdir. Öz əhalisinə layiqli həyat təmin edə bilən ikinci qrup ölkələrin modeli də çoxları üçün müzakirə predmeti ola bilər.

Lakin məsələ ilk baxışda göründüyü qədər asan deyil!

Qlobal maliyyə böhranının qərq etdiyi birinci qrup ölkələrlə müqayisədə böhran dövründə də inkişaf templərini saxlayan və hətta artımı təmin edə bilən Azərbaycan kimi dövlətlər var. Yaxud qeyd edilən modellərin heç birini yararlı hesab etməyən Çin inkişaf modeli mövcuddur.

Deməli, qabaqcıl ölkələrin inkişaf modellərindən bəhrələnmə məsələsinə gəldikdə çoxsaylı amillərin dərin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın müstəqillik illərində yaratdığı və böhran dövrünün sınaqlarından çıxmağa imkan verən öz modelinin daha da inkişaf

etdirilməsi əsas məsələdir. Məsələ qabaqcıl və müsbət hesab edilən nə varsa, həmin modelin məzmun və mahiyyətinə uyğun şəkildə tətbiq edilməsidir.

Gələcəyə strateji baxışın kompromis və kreativ modelləri mövcuddur. Birinci halda əsasən mövcud təcrübənin tətbiqinə, uyğunlaşmaya və inkişafın önündə olan ölkələrə çatmağa mühüm diqqət verilir. İnkişaf etmiş iqtisadiyyatlarda kreativlik maddi və mənəvi dəyərlərin başlıca mənbəyinə çevrilmişdir. Yeni təfəkkür tipi - sistemli kreativ təfəkkürdür.Kreativlik isə başlıca olaraq özünü məhz strateji baxışlarda göstərir. ABŞ alimi, "kreativ sinif" anlayışını elmə gətirən Riçard Floridaya görə, ABŞ-da kreativ sinif 30 faiz təşkil edir. Onun 11 faizini superkreativ özək, 18,3 faizini peşəkar kreativlər, 26 faizini fəhlə sinfi, 43 faizini xidmət sinfi, 0,4 faizini isə kənd təsərrüfatı işçiləri təşkil edir. Yəni bu onu göstərir ki, kreativlik cəmiyyət və fəaliyyət həyatının bütün sahələrində işləyən insanlara xasdır.

Rəqabətədavamlı təfəkkür, mövcud olan bütün mövqelərə, baxışlara bələd olmaqla yanaşı, həm də qeyri-standart, yaradııcı təşəbbüsləri irəli sürülməsi qabiliyyəti deməkdir. Azərbaycanın inkişafı göstərir ki, xalqımız həm də unikal intellektual-kreativ resurslara malikdir.

İkinci halda isə mövcud olan bütün modellər çoxluğu tənqidi və yaradıcı şəkildə öyrənilərək milli özünəməxsusluğu nəzərə alan fərqli və yeni inkişaf yolu seçilir.

İctimai elmin missiyası: sosial-humanitar "kollayderlərin", intellektual infrastrukturun formalaşması

Dünya məkanında dövlətlər çoxdur, lakin müasir dövlətlərin sayı o qədər də çox deyil. XXI əsrdə müasir dövlət olmadan güclü olmaq qeyri-mümkündür. Müasir olmaq, qabaqcıl dövlətlər səviyyəsində olmaq, elmə və biliyə əsaslanan cəmiyyəti formalaşdırmaq deməkdir. Milli inkişaf xətti qloballaşma dövründə əvvəlki - ənənəvi mənadan daha geniş müstəviyə keçid alır, başqa sözlə, qlobal kontekstli milli doktrina məzmunu kəsb edir; qlobal və milli aspektlərin koordinasiyası, balanslaşdırılması, proseslərə fəal qoşulmaqla strateji təşəbbüsün əldə olunması, dünya birliyinə Azərbaycan üçün maksimal əlverişli şərtlərlə inteqrasiyanın təmin olunması üzvi bağlılıq təşkil edir. Prezident İlham Əliyev XX əsrin əvvəllərində öz siyasətində dünyada qlobal oyun qaydalarının dəyişməsi prosesində dövlətçiliyin maraqları ilə dünyanın magistral inkişaf meyilləri arasında kövrək balansın əldə edilməsinə nail ola bilmişdir. Geosiyasi mövqedən irəli gələn unikal aspekt və üstünlükləri reallaşdırmaqla qloballaşmanın verdiyi unikal tarixi şansları əldən verməmək, dinamik realizm və siyasi praqmatikanın optimal sintezini təmin etmək, qlobal layihələrdə Azərbaycanın statusunu möhkəmləndirmək yeni siyasi manevrlərin tam olmayan sırasıdır. Qloballaşan dünyada Azərbaycan öz siyasi dəst-xətti olan suveren milli dövlət və müstəqil subyekt qismində çıxış edir.

Gələcəyin yeni cəmiyyət quruculuğuna keçid texnoloji mənada başadüşülən proses deyil, hər şeydən əvvəl humanitar, sosial-mədəni problemdir. Hər bir cəmiyyətin mənəvi, iqtisadi tərəqqisi bu problemlərin həlli ilə təmin olunur. Onun reallaşması cəmiyyətdə zamanın tələbləri ilə

ayaqlaşa bilməyən, qlobal inkişaf meyillərinə uyğun gəlməyən hər şeyin yenidən yaradılması, innovasion infrastrukturun formalaşdırılması deməkdir.

Sərəncamın əhəmiyyətini Azərbaycanın XXI əsrin kreativ millətləri sırasında yer almasına, yeni nəsil elitanın formalaşmasına, mədəni-intellektual statusunun yüksəldilməsinə xidmət etmək kimi amillər müəyyən edir. Yaşanılan məqamın daha bir özəlliyi ondadır ki, inkişaf səviyyəsindən asılı olmayaraq, dünyanın bütün ölkələri qarşısında eyni məqsəd durur: insan resurslarına, intellektual kapitala əsaslanan innovasion cəmiyyət modelinə keçid almaq, onu reallaşdırmaq və möhkəmləndirmək.

XXI əsrin inkişaf fəlsəfəsinin müəyyənləşməsi də burada mühüm yerlərdən birini tutur. İnkişafın fəlsəfəsi sahəsində müxtəlif baxış və təlimlərin min illərlə yaşı var. Ona ilk nümunə olaraq Cin fəlsəfi abidəsini - "Dəyişikliklər kitabı"nı qeyd etmək olar. Qədim filosof öz davamçılarını dəyişikliklərə hazırlayırdı. Bugünkü inkişaf fəlsəfəsi çeviklik və dəyişikliklərin sürətini duymaq və yeniləşmək fəlsəfəsidir.

Milli humanitariya bu deyilənlər aspektində dəyişikliklərin təşəbbüskarı, millətin səsi, nailiyyətlərin təkanverici qüvvəsi olmalıdır. Milli ziyalı elita xalqın həm simvolik, həm də real resursudur.

Sərəncamda qarşıdakı illərdə ölkənin yüksəliş templərinin təbii sərvətlərdən asılılığını minimuma endirən rəqabətədavamlı inkişaf strategiyasının müəyyənləşməsi Azərbaycan elminin, birincisi, ənənəvi rolu və statusunun; ikincisi, elmin struktur, funksiya və mahiyyət aspektlərinin tamamilə yeniləşməsini, fərqli model əsasında inkişafını gündəmə gətirmişdir. Dünya elm və təhsil məkanına inteqrasiya, informasiya cəmiyyətinin qurulması və elmin inkişaf səviyyəsinin yüksəldilməsi üçün müasir şəraitdə hər bir dövlət öz intellektual resursrlarına, təhsilə, qabaqcıl texnologiyalara, innovasiyalara əsaslanır.

Azərbaycan dövlətinin XXI əsrdə tərəqqisi bütün sahələrdə inkişafın intellektual-elmi əsaslar üzərinə keçirilməsini təmin edən, yaxın və uzaq perspektivlər üçün nəzərdə tutulan milli innovasiya sisteminin yaradılmasını təxirəsalınmaz məsələyə çevirir. Bütün bu məsələlər və formalaşmaqda olan informasiya sivilizasiyasında Azərbaycanın hansı yeri tutacağına dair düşüncələr, ilk növbədə, bir neçə vacib sualları cavablandırmağı tələb edir.

Son illər dünyada informasiya inqilabının texnoloji başa düşülən mənası dəyişmişdir.

Yeni cəmiyyətin qurulması və inkişafı üçün yeni intellektual mərkəzlər, çoxsaylı institutlar var. Lakin onların müxtəlif ölkələrdə innovasiyalı inkişafa töhfəsi müxtəlif cürdür. Hazırda artıq

dünyada texnoloji tsiklin 7-ci mərhələsindən - sosial humanitar texnologiyalar (ukladından) söhbət gedir. Bu gün dünyada intellektual kapitalın: "silikon vadiləri", texnoparklar, biznes inkubatorları, innovasiya mərkəzləri və s. kimi təşkilatlanma formaları mövcuddur. Dünya ölkələrinə nəzər salsaq, hazırda Finlandiyada innovasiya məhsulu - 30 faiz, İtaliya, Portuqaliya və İspaniyada 10-20 faiz, Rusiyada 1 faizdir. Dünya ticarətinin ümumi həcmində ABŞ və Yaponiyanın elm tutumlu məhsullarının payı 30-35 faiz Almaniyanın 17 faiz, Çinin isə 6 faiz təşkil edir. Bu nailiyyətlər, ilk növbədə, insan resurslarının həlledici olmasının dərki ilə əldə edilmişdir. Bu baxımdan yeni mərhələyə - innovasiyalı inkişaf mərhələsinə keçid ictimai-humanitar elmin potensialının düzgün dəyərləndirilməsi çox vacib məsələdir. İnkişafın adi subyekti ilə müasir kreativ subyekti bir-birindən tamamilə fərqlənir.

Burada bir paralel aparmaq istərdik. Dünya alimləri maddi, nüvə (vakuum) enerjisini ram etməyə çalışaraq "süni günəş" effektinə bərabər enerji qaynağı yaratmaq üçün səylərini birləşdirir, Böyük Adron Kollayderində ortaq qüvvələrini sərf edirlər. Analoji olaraq, sosiumda sosial-humanitar enerjini cəmləyərək onu dəfələrlə artıran, gələcəyimizi qurmağa yönəldilən humanitar-mənəvi sosial kollayderin yaradılması lazımdır.

Müasir dünyada texnoloji tərəqqi yalnız ayrıca götürülmüş bir ölkənin qüvvəsi sayəsində mümkün deyil. Beləliklə də, Azərbaycanın qabaqcıl ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün xarici siyasi resurslar hərəkətə gətirilmişdir. Bu sahədə əsas tərəfdaşlar, təbii ki, texnoloji baxımdan yüksək inkişaf etmiş dövlətlər, onlarla əlaqələrin qurulmasıdır. Hərbi-siyasi alyanslara analoji olaraq müasir dövrdə texnoloji-innovasiya alyanslarının təşkili Azərbaycan üçün ön sırada duran məsələlərdəndir. Azərbaycanın daxili resursları bu sahədə çox böyükdür: bu iqtisadi inkişafın lideri olan ölkə imici, mükəmməl investisiya mühiti, xarici sərmayələr, qeyri-neft infrastrukturunun potensialı, ən başlıcası isə - dövlət başçısının siyasi iradəsi və əzmidir.

Azərbaycan ictimai elmi dövlətimizin intellektual-elmi resurslarının yeni dövrün tələblərinə və dünya təcrübəsinə uyğun şəkildə maksimum səfərbər edilməsinə və minimum zaman müddəti ərzində intellektual kapitala çevirməyə imkan verən inkişaf modelinə keçməsi hansı istiqamətlərdə islahatların aparılmasını zəruri edir?

Elmin XXI yüzillikdə inkişaf strategiyasını müəyyənləşdirmək üçün hökmən bu təcrübəyə bələd olmaq, səhvləri təkrar etməməklə daha tez uğur qazanmağa imkan verir. Həmçinin "romantik-utopik şüarlarla" real elmi praqmatizmə əsaslanan təklifləri fərqləndirməyə şərait yaradır. İnkişaf etmiş ölkələr bir neçə on il əvvəl belə seçim qarşısında olmuşlar. Bu baxımdan çeşidli müqayisə imkanlarının olması optimal model seçiminə müsbət təsir göstərə bilər.

Müasir elmin optimal inkişaf modeli dünyada "innovasion strategiya" kimi qəbul edilmişdir və dünya elmi bu gün "innovasion səfərbərlik" rejimində işləyir. Yalnız ideyalar deyil, onların praktiki təcəssümünün reallaşması innovasiyalar adlanır.

İnnovasiya modelini bu prinsiplər səciyyələndirir:

1. Elm və cəmiyyətin məqsəd və dəyərlərinin inteqrasiyası;

2. Tədqiqat, tədris və innovasiya proseslərinin vəhdəti;

3. Cəmiyyətin müvafiq strukturları ilə strateji tərəfdaşlıq;

4. Yeni korporativ mədəniyyət. Dövlət maraqlarına xidmət;

5. İntellektual resursların diaqnostikası və ardıcıl ciddi attestasiyası.

Bu gün dünyada korporativ universitetlər anlayışı və hadisəsi var. Bu o deməkdir ki, dövlətçiliyin müəyyən strateji hesab edilən sahələrinin öz tədris və təlim mərkəzləri, insan resurslarının təkrar istehsalı mərkəzləri var. Məsələn, ABŞ-da əməkdaşlarının sayı 1000 nəfərdən çox olan hər bir müəssisənin 62 faizində elektron təhsil də daxil olmaqla tədris sistemi mövcuddur. Yaxud başqa ölkələrdə ən iri transmilli şirkətlərin korporativ universitetləri var. Bütün dünyada korporativ universitetlərin sayı ötən əsrin 90-cı illərində 400-dən 1800-ə qədər artmışdır.

Azərbaycanda dövlət başçısının sərəncamı ilə yaradılan Ali Neft Məktəbi və başqa sahəvi ali təhsil müəssisələrini də bu qəbildən olan korporativ universitetlər sırasına daxil etmək olar və çox təqdirəlayiq bir təcrübənin tətbiqindən xəbər verir.

Korporativ universitetlərin yaranması və inkişafı yeni innovasiyalı iqtisadiyyat üçün gərək olan mütəxəssis hazırlığının innovasiyalara həssas və çevik olaraq yeniləşən tədris proqramların tətbiqinin zəruriliyi, ənənəvi başa düşülən akademik təhsilin kifayət qədər səmərəli olmaması, işçilərin fasiləsiz təhsil almasının zəruriliyi diktə etmişdir. Bu deyilənləri nəzərə alsaq, təbii ki, milli elm və təhsil məkanında da korporativ universitetlərin yaranması və fəaliyyəti, Qərb təcrübəsi ilə müqayisədə nisbətən gecikən sahə kimi gündəmdə duran mühüm məsələlərdən biri olmalıdır.

Dünyanın aparıcı universitetlərinin və tədqiqat institutlarının ətrafında yüzlərlə kompakt, mobil, kiçik elmi müəssisə yeni ideyaların həmən alınaraq satılması ilə məşğuldur. Fəaliyyət və düşüncənin bütün sahələrdə yeni standartlarını, dövlətin humanitar resurslarının konsolidasiyasını təmin edən beyin mərkəzləri, fikir fabrikləri, ideyalar bankı dünya elminin genişlənən "innovasiya dalğasının" təzahürləridir. Bəşəriyyəti yarandığı gündən ənənə və novasiyalar kimi fundamental inkişaf meyilləri onu həmişə müşayiət etmişdir. Müasir cəmiyyət və insan çoxşaxəli innovasiya axınlarının (elmi, texnoloji, sosial, siyasi, mədəni və s.) təsəvvürəgəlməz ritmi və təsirinə məruz qalır. Demək olar ki, hər gün "yenilik - qeyri-müəyyənlik - seçim" şəraitində mövcudluq - yəni fasiləsiz novasiyalar prosesi hər birimizi müşayiət edir. Bu da, öz növbəsində, artıq baş verənlərin nəticələrini təhlil etmək deyil, prosesləri önləyərək fəaliyyət göstərməyi gündəmə gətirir - innovasiya fenomenini şərtləndirir. Yəni bütün sahələrdə inkişafın intellekt sayəsində məqsədəuyğun yönəldilməsi zərurətə çevrilir.

İngilis aliminin dediyi kimi, "dinozavrlar problemi yenə də mövcud olaraq qalır. Çünki onları atom bombası, başqa hansısa xüsusi hadisə deyil, dəyişikliklərin tempi məhv etmişdir. Biz özümüzü informasiya inqilabı faktı ilə aldada bilmərik. Biz bu inqilabı şərtləndirən dəyişikliklərin tempinə baxmalıyıq. Bu temp isə dəyişikliklərdən çox sürətlidir və biz məhz ona uyğunlaşmalıyıq". (B.Stafford).

(ardı var)

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm