Yeniyetmələrə niyə siqaret satılır?- ARAŞDIRMA
Bizi izləyin

İqtisadi gündəm

Yeniyetmələrə niyə siqaret satılır?- ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütünçəkmə XX əsrdə 100 milyondan artıq insanın həyatına son qoyub. Tütündən yaranan xəstəliklər hər il 5 milyondan artıq insanın həyatına son qoyur. Hazırda dünyada 1,5 milyarda yaxın insan tütün istehlakçısıdır. 2020-ci ilədək bu rəqəmin 2 dəfə artacağı, XXI əsrdə 1 milyard insanın tütündən yaranan xəstəliklərdən həyatını itirəcəyi gözlənilir.

ÜST-ün son siyahısında Azərbaycan ən çox tütün istehlak edən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə 22-ci yeri tutur. Təxmini hesablamalara görə, vətəndaşlarımızın hər 4 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 2 milyondan artıq siqaret istehlakçısı olduğu güman edilir ki. Bu sıraya daхil olanların içində gənclər və yeniyetmələrin də əhəmiyyətli payı var.

Yeniyetmələr və gənclər niyə siqaret çəkirlər?

Azərbaycan Müstəqil Səhiyyə Assosiasiyasının eksperti Mərziyə Ağayarovanın sözlərinə görə, tütünə qarşı maarifləndirici kampaniyalar aparılsa da, respublika qanunvericiliyi tütün məmulatlarının KİV-lərdə, ictimai yerlərdə reklamını qadağan etsə də, siqaret çəkənlərin sayı azalmaq əvəzinə artır: "Rusiya, ABŞ, Çin, Yaponiya, İndoneziya, Türkiyə və Avropa Birliyi ölkələrindən fərqli olaraq, Azərbaycanda siqaret çəkənlərin tam əksəriyyətini kişilər təşkil edir. Bizdə siqaret çəkmə az qala kişilik atributu sayılır. Yeniyetmələr də bu zərərli ənənəni necə görürlərsə, elə də davam etdirirlər".

Psixoloq Nail Cəlilin fikrincə, yeniyetmələr dostlarından fərqlənməmək kimi psixodavranış motivinə malikdirlər: "Əgər yeniyetmənin dostları arasında siqaret çəkənlər çoxluq təşkil edirsə, onun buna meylinin artacağı ehtimalı yüksəkdir. Azərbaycanda yetkinlik yaşına çatan oğlanların 2/3-i siqaret çəkir. Bu səbəbdən də, əksər yeniyetmələrin ətrafında siqaret çəkənlər üstünlük təşkil edir və siqaret yalançı psixotipə çevrilir. Hətta, iş arası fasilənin "perekur" adlandırılması da buna təsir göstərir".

Musa Quliyev: "Cərimələrin 50 manata çatdırılması gözlənilir"

Müvafiq qanunvericilik 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmasını qadağan edir. Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşahidələr zamanı da, ictimai təşkilatların monitorinqlərlə də ortaya çıxır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində tütün məhsullarının 18 yaşa çatmamış uşaqlara, həmçinin lisenziya olmadan satılması, siqaretlərin tək-tək satılmasına qarşı cərimələrin məbləğinin artırılması ilə bağlı dəyişiklik ediməsi gözlənilir: "Hazırda bu cərimələr simvolik məbləğ təşkil edir: 5-10 manat. Bu qadağa faktiki olaraq işləmir. Parlamentin yaz sessiyasında Məcəlləyə bununla bağlı dəyişikliyin edilməsi nəzərdə tutulub, cərimələrin 50 manata çatdırılması gözlənilir".

Deputatın sözlərinə görə, siqaretlə mübarizə sahəsində işlər kompleks şəkildə gedir: "İndiyədək edilmiş və bundan sonra ediləcək dəyişikliklər ona hesablanıb ki, tütün və tütün məhsullarının istehlakının məhdudlaşdırılması haqqında qanun qəbul olunanda, müəyyən şərtlər yerinə yetirilmiş olsun".

Mütəxəsislərin fikrincə isə yalnız inzibati metodlarla bu problemin qarşısını almaq mümkün olmayacaq. Psixoloq Elnur Bayramovun fikrincə, burada əsas faktorlardan biri də ictimai qınaq və maarifləndirmədir.

Elektron siqaretlər sağlamlığa zərərdirmi?

Son vaxtlar elektron siqaretlərin satışı artır. Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin onun tərkibində tənbəki yoxdur. Buna baxmayaraq, bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi də qadağan edilmişdir.

Elektron siqaretlər haqda yekun elmi rəy hələlik verilməyib. Onların tam zərərsiz olduğu iddia edilir, amma bəzi mütəxəssislər tərkibində kansorogen maddə olduğu ehtimalını irəli sürürlər. Qeyd edilir ki, e-siqaretdə tapılmış nitrosamin maddəsi onun xərçəng xəstəliyi törədə bilər. Bir çoxları isə belə məlumatların iri tütün şirkətləri tərəfindən mətbuata ötürüldüyünü düşünürlər.

Həkim Rizvan Məmmədov deyir ki, siqaret çəkməyin yeniyetmələrin orqanizminə zərəri daha böyükdür və bir çox ağır xəstəliklərin birbaşa səbəbi tütündür: "Siqareti birdən-birə tərgitmək orqanizmdə digər хəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də, gündə 2 ədəd siqaretdən vaz keçilməlidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə tərgitmək olar. Son vaxtlar təbii tərkibli müxtəlif müalicə vasitələri hazırlanıb ki, bunlar da orqanizmə zərər vermədən siqareti tərgitməyə yardımçı olur. Belə vasitələrin qiyməti o qədər də baha deyil, ən uzağı 1 aylıq siqaret xərci qədər olar".

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm