Azərbaycan paytaxtı 2015-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan paytaxtı 2015-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı

Artıq 2014-cü il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin uğurlu dinamik inkişafı ili kimi qalacaqdır. Azərbaycan 2014-cü ildə də iqtisadi inkişafa nail olub, beynəlxalq mövqelərini möhkəmləndirib. Azərbaycan iqtisadi artım tempinə görə lider mövqeyini yola saldığımız ildə də qoruyub saxlayıb.

Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, Dördüncü Bakı Beynəlxalq Humanitar və Gənclər siyasəti üzrə birinci Qlobal forumlara ev sahibliyi etməsi, Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının, “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimin, “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsinin, həmçinin ölkədə bələdiyyə seçkilərinin keçirilməsi, Azərbaycanın ikinci süni peykə- “Azərsky”a sahib olması, yeni sənaye müəssisələrinin açılması, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdir. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə etimadın göstəricisidir.

Azərbaycan 2015-ci ilin iyununda birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlara ciddi hazırlıq işləri görülür.

AzərTAc xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm atəşfəşanlıq təşkil edilib.

Bulvar ərazisində müxtəlif yerlərdə quraşdırılan hündür şam ağaclarının bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib.

Dəqiqələr ötdü və xalqımız 2015-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin səmasını əlvan rənglərə boyadı.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla və heyranlıqla seyr etdilər.

Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2015-ci il.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm