XİN Avropa Oyunları zamanı sadələşdirilmiş viza sistemi qaydalarını açıqladı
Bizi izləyin

İqtisadi gündəm

XİN Avropa Oyunları zamanı sadələşdirilmiş viza sistemi qaydalarını açıqladı

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- 12-28 iyun tarixlərində ilk dəfə olaraq Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar azarkeşlər və idmançılar üçün viza prosedurlarının sadələşdirilməsi nəzərdə tutulurmu?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 8 avqust 2014-cü il tarixli, 675 nömrəli sərəncamı ilə Oyunlarla bağlı ölkəmizə səfər edəcək əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün sadələşdirilmiş viza prosedurları müəyyən edilib.

Bu onu nəzərdə tutur ki, əcnəbi vətəndaşlar Oyunların açılışına 10 gün qalmışdan etibarən Oyunların başa çatmasının son gününə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində 30 günlük birdəfəlik giriş vizası ala bilərlər. Bunun üçün aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi kifayətdir:

Viza üçün ərizə-anket forması. Anket formasını təyyarədə və hava limanında əldə etmək münkündür. Əcnəbinin və ya xarici dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxsin dönüş tarixindən sonra ən azı üç ay etibarlı olan pasportu və ya şəxsiyyət vəsiqəsi olmalı və iki ədəd rəngli fotoşəkil (3x4 sm, ağ fonda) təqdim etməlidir. Bundan əlavə isə Bakı 2015 Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədin çap edilmiş formada təqdim edilməsi kifayətdir.

Viza rüsumu gəliş zamanı hava limanında ödənilməlidir. Rüsum dərəcələri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilib. “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət rüsumunun məbləğləri barədə məlumat ölkəmizin beynəlxalq statusa malik hava limanlarında hamı tərəfindən görünən yerdə lövhədə yerləşdirilib. Dövlət rüsumunun dərəcələri barədə məlumat Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş bütün səfirlik və baş konsulluqlarının internet informasiya resurslarında da yerləşdirilib.

Azərbaycan Respublikasının beynəlxalq statusa malik hava limanları isə bunlardır:

- Heydər Əliyev Beynəlxalq Hava Limanı
- Gəncə Beynəlxalq Hava Limanı
- Naxçıvan MR Beynəlxalq Hava Limanı
- Qəbələ Beynəlxalq Hava Limanı
- Zaqatala Beynəlxalq Hava Limanı
- Lənkəran Beynəlxalq Hava Limanı

Kifayət qədər sadə xarakter daşıyan bu qaydalar Bakı Avropa Oyunlarını seyr etmək niyyətində olan azarkeşlər üçün nəzərdə tutulub. Yəni Oyunları seyr etmək üçün onlayn qaydada bilet alan və ya biletin alınmasını təsdiq edən çeki olan əcnəbi vətəndaş Azərbaycanın beynəlxalq hava limanlarında etibarlı pasport və müvafiq viza rüsumunun ödənilməsi əsasında vizasını ala biləcək.

Müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. I Avropa Oyunları ilə bağlı akkreditasiya olunacaq şəxslərin dairəsi və akkreditasiya kartının forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” 9 fevral 2015-ci il tarixli, 31 nömrəli Qərarı müəyyənləşdirilib. Bu kateqoriyada, əsasən, Avropa Oyunlarda iştirak edəcək idmançılar və onların komandaları nəzərdə tutulur.

- Turizmin inkişafı baxımdan viza sistemində nə kimi tədbirlər həyata keçirilir?

- Azərbaycan Respublikasına səfər edən turistlərə vizaların elektron qaydada verilməsi işi müvəffəqiyyətlə həyata keçirilməkdədir və bunun sübutu kimi elektron vizaya müraciət edən turistlərin sayının getdikcə artmasını göstərmək mümkündür. Burada da kifayət qədər sadələşdirilmiş mexanizm tətbiq olunur. Belə ki, turizm məqsədilə Azərbaycana səfər etmək niyyətində olan şəxs tələb olunan sənədləri müəyyən olunmuş turist şirkətinə təqdim edir və bu əsasda güzəştli viza rüsumu tətbiq edilməklə elektron vizasını əldə edir.

Azərbaycan Respublikasında turizmin inkişafı kontekstində ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizalarının rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə təşkili məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) mövcud proqram təminatının təkmilləşdirilməsi, bu sahədə müfəssəl statistik təhlillərin aparılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə müvafiq işlər aparılır.

Eyni zamanda, ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi işinin operativliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının əməkdaşlarının ştat sayının artırılması məsələsi nəzərdən keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm