Qana qan: 18 il cəzasız qalan cinayət – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

Qana qan: 18 il cəzasız qalan cinayət – BİR QƏTLİN TARİXÇƏSİ

18 il əvvəl qətldə təqsirli bilinən Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Şaiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Şaiq Qasımov 30 dekabr 1998-ci il tarixdə saat 12.00-da Yevlax şəhərinin Nizami küçəsi ilə M.Sübhi küçəsinin kəsişdiyi yerdə şəhər sakini Ramiz Kamalovu görüb. O, dayısının öldürülməsində Ramizdən şübhələndiyi üçün qisas almaq – onu öldürmək fikrinə düşüb. Və özündə olan “Makarov” tipli tapançadan R.Kamalova iki atəş açıb.

Lakin onun qaçdığını görüb, arxasınca düşüb. M.Sübhi küçəsindəki 56 saylı evin yanında ona bir neçə dəfə də atəş açaraq bədəninin müxtəlif nahiyələrindən yaralayıb. R.Kamilov aldığı yaralardan dünyasını dəyişib.

Cəzasız cinayət...

Şaiq Qasımov 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsi ilə axtarışda olub. Lakin 18 ildən sonra -ötən il hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

Şaiq Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib, barəsindəki cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə isə Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona qətl maddəsi ilə cəza təyin edilməyib. Buna səbəb isə cinayətin baş verməsindən uzun müddət keçməsi olub. Beləliklə, Ş.Qasımov məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verərək, Şaiq Qasımova həbs cəzası istəyib. Şikayət araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Qatilin etirafı

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şaiq Qasımov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Bildirib ki, Yevlax rayon sakini Ramiz adlı şəxs digər şəxslərlə birlikdə 1995-ci ildə keçirilən toy mərasimində onun dayısı İsaqı öldürüb: “Həmin faktı toyda iştirak edənlərin əksəriyyəti bilib və bu barədə rayonda insanlar arasında danışılıb. Hətta dayımın öldürülməsində iştirak edən şəxslərdən də bunu təsdiq edən olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1998-ci ildə küçə ilə maşınla getdiyi zaman dayısının öldürülməsində iştirak edən Ramizi yolda görüb, maşını saxlayıb: “Bərdə rayonunda tanımadığım şəxsdən aldığım və üzərimdə gəzdirdiyim tapançanı götürərək maşından düşdüm. Ramiz məni görün kimi qaçmağa başladı. Mən də onun arxasınca qaçaraq tapançadan bir neçə atəş açdım. Bu zaman Ramiz yerə yıxıldı. Bundan sonra maşına minərək evimizə gəldim. Hadisə barədə danışdım. Atam da məni polis şöbəsinə apardı”.

Kimdir müqəssir?

Zərərçəkmiş şəxsin hüquqi varisi Fatma Rüstəmovanın sözlərinə görə, 30 dekabr 1998-ci il tarixdə, saat 10 radələrində həyat yoldaşı Ramiz Kamalov evdən küçəyə çıxıb: “Aradan bir müddət keçmiş qonşumuz Almaz bizə gəldi. Dedi ki, Fəramizin qardaşını küçədə vurublar. Elə bu zaman onun arxasınca qonşumuz Mirzə də bizə gəldi və bildirdi ki, Ramizi küçədə güllələyiblər. Bundan sonra küçəyə çıxanda gördüm ki, Ramiz qonşumuz Zülfiqargilin bağının məftildən olan hasarından iki əlli tutaraq ayaq üstə dayanıb. Ona yaxınlaşaraq soruşdum ki, səni kim vurub? Cavab vermədi. Başından qan axırdı. Bundan sonra Almaz və eltisi Gülüstanla birlikdə Ramizi evə apardıq. Həyətə gətirəndə, yerə çökdü. Bundan sonra isə Ramizi Yevlax Şəhər Mərkəzi Xəstəxanasına apardıq. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, xəstəxanada öldü. Hadisə baş verən günə qədər bizim heç kimlə ədavətimiz, düşmənçiliyimiz olmayıb”.

Məhkəmədə dövlət ittihamçısı Vidadi Cabbarov çıxış edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Şaiq Qasımovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Tərəfləri dinləyən hakimlər isə prokurorluğun protestini təmin etməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıblar.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm