İcra başçısının qardaşı oğlu həbs edildi
Bizi izləyin

Hadisə

İcra başçısının qardaşı oğlu həbs edildi

Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlu həbs olunub.

Bu barədə vəkil Adəm Məmmədov özünün "facebook" səhifəsində yazıb.

Vəkil bildirib ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib:

“Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq, iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım.

Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətə icarəyə verir.

Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.

Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm