Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdı - MASALLIDA DƏHŞƏTLİ OLAY
Bizi izləyin

Hadisə

Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdı - MASALLIDA DƏHŞƏTLİ OLAY

Həyat yoldaşına işgəncə verməkdə ittiham olunan Masallı rayonunun Hişkədərə kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ibtidai istintaqın gəldiyi nəticəyə görə, Elnur Qafarov 12 avqust 2013-cü ildə həyat yoldaşı Şəlalə Tahirova ilə mübahisə edib.

Mübahisə zamanı Şəlalə Tahirova Elnurun özü və anasına qarşı nalayiq sözlər deyib. Bu səbəbdən Elnur Qafarov həyat yoldaşınə döyüb.

Elnur Qafarov Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb.

Məhkəmənin hökmü ilə Elnur Qafarov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan Elnur Qafarov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elnur Qafarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş Şəlalə Tahirova bildirib ki, 2010-cu ildə Elnur Qafarov ilə ailə həyatı qurub. O qeyd edib ki, 2013-cü ilə kimi əri ilə münasibətləri yaxısı olub: “Lakin 3 il sonra ərimin ailəsi ilə aramızda münaqişə başladı. Münaqişəyə səbəb isə uşağımın olmaması olub”.

Zərərçəkmiş qeyd edib ki, buna görə dəfələrlə ərinin danlağı ilə üzləşib: "Qayınanam Zəhra məni yola vermirdi. Məndən tez-tez ərimə şikayət edirdi. Hadisə baş verən günü də qayınanam məndən ərimə şikayətləndi. Hər dəfə ərim məni döyürdü. Bu dəfə ərim məni döydü, sonra eyvandan aşağı atdı. Eyvan da təxminən 3,5-4 metr hündürlüyündədir. Eyvandan yıxılanda ayağım sındı. Atam məni evinə apardı. Onlar məni əməliyyat etdirdilər. Həkim dedi ki, yenidən əməliyyat olunmağıma ehtiyacı var. Ayağıma mil qoyuldu. 6 ay sonra çıxarılanda isə ayağım əyri qaldı. Yenidən ayağımı qıraraq əməliyyat etdilər. Bu dəfə əməliyyat uğurlu keçdi, amma ayağımın biri qısalıb”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Masallı rayon polis şöbəsinin Boradigah polis bölməsində sahə rəisi vəzifəsində xidmət edən İlqar Qasımov bildirib ki, avqustun 12-də Masallı rayonunun Hişkədərə kənd sakini Şəlalə Tahirovanın sağ incik sümüyünün 1/3-nin sınığı və üst topuğunun sınığı diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına daxil olub: “Xəstəxanadan daxil olmuş məlumatda qadının evdə yıxılması göstərilib. Biz faktı araşdırmaq üçün Şəlalənin yaşadığı evə getdik. Ondan hansı şəraitdə yıxılaraq xəsarət almasına dair izahat verməsini xahiş etdik. Şəlalə qayınanası Zöhrə, əri Elnurun yanında izahat verərək bildirdi ki, eyvanın qapısını açaraq həyətə baxanda ehtiyatsızlıqdan yıxılıb”.

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahmar Yəhyayevin sözlərinə görə, Şəlalə Tahirovada rentgen müayinəsindən sonra sağ ayağının incik sümüyünün aşağı ətrafının sınığı və üst topuğunun sınığı müəyyən olunub: "Şəlalə ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığını bildirdi”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elnur Qafarovun şikayəti təmin edilib və Masallı rayon Məhkəməsinin hökmü ləğv edilib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Bu hökmdən prokurorluq narazı qalıb. Prokurorluq kasasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Prokurorluq apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini istəyib.

Yuxarı instansiyada prokurorluğun şikayətinə hakim Gülzar Rzayeva baxıb. Hakim kollegiyası prokurorluğun kasasiya protestini təmin etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm