Təqsirləndirilən şəxslər: "Kredit götürmək göstərişini Dünyamin Xəlilovdan almışıq"
Bizi izləyin

Hadisə

Təqsirləndirilən şəxslər: "Kredit götürmək göstərişini Dünyamin Xəlilovdan almışıq"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan elan edib.

D.Xəlilov və digər müttəhimlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Sabiq deputat məhkəmənin hazırkı mərhələsində sərbəst ifadə verməkdən imtina edib.

Digər təqsirləndirilən M.Zeynalov dindirilərkən istintaqa verdiyi igadəsini təsdiq etdiyini söyləyib. O, "Azərtikinti" şirkətində hüuquqşünas vəzifəsində işlədiyini vurğulayıb: "Sonra Dünyamin Xəlilovun göstərişi ilə "Kondor Qrup" MMC yaradıldı və mən orada təsisçi oldum. İşlərlə əlaqədar olaraq, tez-tez xaricə gedirdim. Bir qədər sonra məni Vergilər Nazirliyinə çağırdılar. Orada mənə dedilər ki, barəmdə cinayət işi açılıb. Nazirlikdən çıxandan sonra qoxrdum və şirkətin rəhbərliyi vəzifəsindən imtina etdim. Şirkət adımdan çıxarılıb, Abdulla adlı şəxsin adına keçirildi. Mən MMC-də rəhbər vəzifəsində çalışanda ancaq səndələrə qol çəkirdim. Şirkətə görə maaş almırdım, lakin digər çalışdığım şirkətdə hüquqşünas kimi mənə məvacib verilirdi".

Təqsirləndirilən Ş.Musayev ifadəsində qeyd edib ki, "İntertekstil" ASC-nin İdarə Heyətinin üzvü olarkən həmin şirkətin rəhbəri D.Xəlilov ona göstərişlər verib: "Dünyamin müəllimdən göstəriş gələndən sonra işçilərimi Beynəlxalq Bankın Mərkəzi filialına göndərirdim. Həmin bankda işçilərimin adına kredit ayırılırdı. Lakin onlar kreditin məbləğinin nə qədər olduğunu bilmirdilər. İşçilərim sadəcə müqaviləyə imza atırdılar. Pul barədə xəbərləri yox idi".

Daha sonra F.Əmiraslanov ifadə verib. O, D.Xəlilovun göstərişi ilə 2007-ci ildən "Aqora" MMC-nin direktoru olduğunu deyib. Təqsirləndirilən şəxs bildirib ki, işlər formal olaraq, həyata keçirilib: "Kreditin hara xərcləndiyi və pulun kim tərəfindən götürüldüyündən xəbərsizəm. Sadəcə sənədlərə qol çəkmişəm. İşlə əlaqədar xarici ölkələrə getməmişəm. Mən Vergilər Nazirliyinə çağırılanda barəmdə cinayət işinin açıldığını bildim və sonra şirkətin rəhbər vəzifəsindən imtina etdim".

S.Seyfullayev dindirilərlərkən "Səbail Mebel" ASC-nin təsisçisi olduğunu vurğulayıb. O, şirkəti D.Xəlilova satdığını deyib: "Dünyamin müəllim şirkəti səhimdarlardan alandan sonra dedi ki, Beynəlxalq Bankdan kredit götürmək lazımdır. O, dövlət əhəmiyyətli obyekt tikildiyini bildirdi. Buna görə alıq-satqını ləğv etdi, 6 milyon manat kredit götürüldü".

Digər təqsirləndirilən R.Əsgərov ifadəsində söyləyib ki, D.Xəlilovun göstərişi ilə MMC açıb: "Sonra Dünyamin müəllim mənə Beynəlxalq Banka gedib adıma kredit götürmək lazım olduğunu dedi. Bir müddətdən sonra ondan krediti ödəyib-ödəmədiyi barədə soruşanda bildirdi ki, kredit ödənilib".

Təqsirləndirilən R.Əliyev ifadəsində qeyd edib ki, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğunda baş elmi işçi vəzifəsində çalışıb. O, D.Xəliovu tanımadığını deyib: "Dostum "İntertekstil" ASC-nin İdarə Heyətinin üzvü Camal mənə dedi ki, adıma şirkət açaq. Heç bir iş görməyəcəyimi söylədi. Şirkət açıldı və mən ancaq sənədlərə qol çəkirdim. Banka da gedib sənədlərə imza atırdım. Heç nədən xəbərim yoxdur".

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.

Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm