“Pulları Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin” – MTN işində şok ifadələr
Bizi izləyin

Hadisə

“Pulları Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin” – MTN işində şok ifadələr

“Pulları Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin”

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi proses təyin edilmiş vaxtdan bir qədər gec başlayıb.

Hakim bildirib ki, proses təqsirləndirilən şəxsin məhkəməyə gec gətirilməsi səbəbindən gec başlayıb. Hakim ləngiməyin səbəbini konvoy rəisindən soruşub. Təqsirləndirilən şəxsləri məhkəməyə gətirən məsul şəxs gecikməni yolların buz bağlaması ilə əlaqələndirib.

Cinayət işlərində dolaşan vəkilə etiraz

Daha sonra hakim təqsirləndirilən şəxsdən vəkil Cahangir Cavadova etiraz edib-etməməsi ilə maraqlanıb. Vüsal Ələkbərov vəkilinə etiraz etməyib. Zərərçəkmiş Nizami Kazımovun nümayəndəsi isə bildirib ki, Cahangir Cavadov təqsirləndirilən Vüsal Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə Nizami Kazımov həbs olunan zaman Cahangir Cavadov onun müdafiəçisi olub. Nizami Kazımovun özü də bu faktı təsdiqləyib.

Hakim deyib ki, hazırkı mərhələdə Cahangir Cavadov məhkəmədə iştirak etmir: “Belə olan halda vəkilin özü-özünə də etiraz etmək hüququ var. Qanunla vəkil özünə etiraz verməlidir. Vəkil növbəti məhkəməyə gələndə, biz bu məsələyə qayıdarıq”.

Vüsal Ələkbərov: “Vəkilimdən imtina etmirəm”

Vüsal Ələkbərov etiraf edib ki, Cahangir Cavadov Nizami Kazımovun müdafiəçisi olub: “Onu da deyim ki, bu cinayət işində adı keçən zərərçəkmişlər vaxtilə 613 saylı cinayət işində zərərçəkmiş olublar. Mən də həmin cinayət işinin aparan istintaq qrupunun rəhbəri idim. Belə çıxır ki, həmin işə rəhbərlik edən şəxs bu işdə təqsirləndirilən ola bilər, zərərçəkmişlər zərərçəkmiş kimi tanına bilər, amma başqa işdə vəkil çıxan şəxs bu işə çıxa bilməz. Mən vəkilimdən imtina etmirəm”.

Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: “Bizim əsas qanunlarımız Konstitusiyamızda yazılıb, orada yazılanlar bizim üçün əsasdır. Amma Konstitusiyamızla yanaşı digər qanunlarımız da var. Cinayət-Prosessual Məcəlləsində bütün qaydalar qeyd olunub.

Cinayət-Prosessual Məcəlləsində olan müvafiq maddələrə uyğun işimizi görürük. Biz vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq”.

“Mənim azadlıqda olmağım zərərçəkmişlərin xeyrinədir”

Daha sonra Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib: “Bundan əvvəl də belə vəsatətlə çıxış etmişəm. Amma məhkəmə həmin vəsatəti təmin etmədi və bildirildi ki, zərərçəkmişlər aqressivdir, mənim azadlıqda olmağım təhlükə yarada bilər. Bu, düzgün deyil. Mənim azadlıqda olmağım onların xeyrinə olar. Bunu əminliklə deyirəm. Mənim azadlığa buraxılmağıma zərərçəkmişlər etiraz etmir”.

Bu zaman zərərçəkmiş Namil Rzayev təqsirləndirilən şəxsə sərt replika verib: “Burada camaatın adından danışma! Camaatı razı sal, səndən şikayətimiz olmasın”.

Dövlət ittihamçısı Vüqar Quliyev vəsatətin əsassız olduğunu bildirib. Zərərçəkmiş Nizami Kazımov deyib ki, dəymiş ziyan ödənilmədiyi halda Vüsal Ələkbərovun azadlığa buraxılmasından söhbət gedə bilməz: “Pullarımız ödənilsin, onun da azadlığa buraxılması barədə vəsatət təmin edilsin. Əks halda, biz onun azadlığa buraxılması ilə razı deyilik”.

Hüseyn Səfərov da dəymiş ziyanın ödənilməsini istəyib: “Vüsal Ələkbərov caamatın pulunu ödəsin, ondan heç kim narazı qalmayacaq”.


Elşən Mədətov da işin zərərçəkmişlərin xeyrinə həll edilməsini, ondan sonra Vüsal Ələkbərovun azadlığa buraxılması məsələsinə baxılmasının mümkün sayıb: “Bizim obyektimiz, evimiz satılıb. Pullarımızı tələb edirik. Vüsal Ələkbərovun həbs edilməsini istəmirik. Özümüz həbs olunmamaq üçün Vüsal Ələkbərova pul vermişik. İndi də o, dəymiş ziyanı ödəməlidir ki, onu həbsdən azad etsinlər”.

Namil Rzayev yenə də çıxış edərək bildirib ki, Vüsal Ələkbərovun aldığı pulların az miqdarını özünə saxlayıb: “Vüsal Ələkbərov pulları kimə verib, ondan da tələb etsin. Getsinlər Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsinlər... Əks təqdirdə vəsatəti təmin edilməsin”.

Mövlam Şıxəliyevin telefonlarına zəng çatmır

Təqsirləndirilən şəxsin vəkilləri vəsatətin təmin edilməsini istəyib. Qeyd ediblər ki, məhkəmə artıq 4-5-ci prosesdir davam edir: “Əvvəlki proseslərdən fərqli olaraq zərərçəkmişlərin Vüsal Ələkbərova münasibətləri yumşalmağa başlayıb. Onlar ziyanını ödənilməsini istəyirlər. Vüsal Ələkbərov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi zərərçəkmişlərin xeyrinə olacaq. Zərərin ödənilməsi həlli müsbət nəticə verəcək”.

Prosesdə Vüsal Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməyib.

Məhkəmə iclasının katibi bildirib ki, prosesə zərərçəkmiş Nizami Kazımovun epizodu üzrə adı keçən şahidlər gəlib. Katib həmçinin qeyd edib ki, bu iş üzrə adı keçən MTN-nin baş istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb.

Katib məruzəsində bildirib ki, “Texnikabank” ASC-nin rəhbəri şahid Etibar Əliyevlə əlaqə saxlanılıb, o, məhkəməyə gəlməyəcəyini deyib: “Həbsdə olan Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb”.

Hakimin sözlərinə görə, adı hallanan şahidlərin məhkəməyə gətirilməsi üçün tədbir görüləcək.

“Fikirləşdim ki, başqa məsələdir...”

Daha sonra zərərçəkmiş Nizami Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda imiş: “Qayıdanda eşitdim ki, Nizamini həbs ediblər. Bildirdilər ki, banka pul qoyub, buna görə həbs ediblər. İnanmadım, fikirləşdim ki, adamı banka pul qoyduğu üçün həbs edərlər? Fikirləşdim ki, burada başqa iş var.

Onunla məhkəmədə görüşdük, dedi, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim.

Nizami dedi ki, həm həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb”.

Şahid qeyd edib ki, Vüsal Ələkbərova ilkin olaraq 1 milyon dollar verilib: “Pulu MTN-nin binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Nizami azadlığa çıxdı, Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi”.

“Adamın qüruru olar”

Dövlət ittihamçısının suallarını cavablandıran Tahir Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoylub: “1 milyon dolların toplanması üçün mən də 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları torplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub. Az pul aparmamışdıq, ona görə də mühafizəçi ilə ora getmişdim.

MTN-çilər reketçilik edərək Nizami Kazımovu tutublar, onun azadlığa buraxılması üçün pul tələb ediblər. Guya oğlum Nizami Kazımovdan şikayətçi olub. Amma onun azadlığa çıxması üçün pulu biz toplamışıq, daha niyə ondan şikayətçi olaq?”.

Bu zaman Vüsal Ələkbərovun vəkillərinin şahid Tahir Əbdülqasımova pulu aparanda “Nə rəngdə paltar geymişdin”, “Hansı rəngdə maşınla getmişdin”, “Yaz və ya yay fəsli idi” kimi suallar verməsi zərərçəkmiş Hüseyn Səfərovun əsəbləşdirib: “Ayıbdır, bir az sanballı suallar verin. Adamın qüruru, vicdanı olar. Bu qədər pul aparıblar, bunu demirsiz. Amma geyinilən paltarların rəngələri ilə maralanırsız”.

Hakim Hüseyn Səfərovu sakitləşdirməyə çalışıb: “Müdafiəçinin borcudur ki, suallar versin. Sual vermək müdafiəçinin vəzifəsidir. Məhkəmədə çəkişmə deyilən bir anlayış var”.

“Qayınatamın üzünə durmağımı tələb etdi”

Sualları cavablandırmaqda davam edən Tahir Əbdülqasımov bildirib ki, Vüsal Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər.

Şahid qeyd edib ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər.

Sonra Nizami Kazımovun kürəkəni Samir Nadirli ifadə verib. O, ifadəsində “Texnikabank”a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs edilməsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: “Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər”.

Samir Nadirli daha sonra Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolların toplanmasından, həmin vəsaiti Vüsal Ələkbərova MTN-in binasının arxa tərəfində verdiyini təsdiqləyib.

Vüsal Ələkbərovun vəkillərinin suallarına yenə də zərərçəkmiş Hüseyn Səfərov etiraz edib. Bu zaman Vüsal Ələkbərovun vəkillərindən biri zərərçəkmişin barəsində tədbir görülməsini istəyib.

“Öləcəm, bu zalda öləcəm”

Vəkilin bu tələbi Hüseyn Səfərovu daha da əsəbləşdirib: “Bizim pullarımızı alıblar, icra qərarı gəlib, yaşadığım evi də əlimdən alırlar. Biz nə etməliyik, harada yaşamalıyıq? Mən dözürəm, amma yenə də özümü saxlaya bilmirəm. Mənim pulumu versin, Vüsalın dədəsi Hicrana borcum yoxdur. Öləcəm, bu zalda öləcəm, amma əl çəkən deyiləm, pulumu da alacam”.

Zərərçəkmişi sakitləşdirməyə şalısan hakim bildirib ki, vəkillər hərəkətlərindən diqqətli olmalıdırlar: “Zərərçəkmişlər əsəbidir, onları sakitləşdirməyə çalışırıq. Amma vəkillər onları daha da qızışdırır. Bu, heç kimə xeyr gətirməyəcək. Mənim səlahiyyətlərim var, qanunu pozan zərərçəkmişin barəsində ciddi tədbir görə bilərəm. Amma bunu etmirəm. Onların düşdüyü vəziyyəti başa düşməyə çalışıram. Hər iki tərəfə xəbərdarlıq edirəm, təhqirlərə yol verməyin”.

Hüseyn Səfərov sakitləşəndən sonra Nizami Kazımovun epizodu üzrə digər şahid Vüqar Hüseynov ifadə verib. Günün sonuna yaxın isə Hüseyn Səfərovun epizodu üzrə şahidlərin dindirilməsi başlanılıb.

Proses fevralın 9-da davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm