Masazır sakinləri köçürülür – Evlər YARARSIZ HALDA
Bizi izləyin

Hadisə

Masazır sakinləri köçürülür – Evlər YARARSIZ HALDA

Masazırda təhlükə

“Masazır qəsəbəsindəki Zəli gölü ərazisində baş verən sürüşmə nəticəsində 7 ev tam yararsız hala düşüb, ətrafdakı evlərdə də çatlar əmələ gəlib”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, ərazidə sürüşmə aktiv fazadadır: “7 ev tam yararsız hala düşdüyündən onların sakinləri köçürülüb, çat yaranmış digər evlərdə isə hələ ki, yaşayış var. Çat yaranmış evlər barədə dəqiq rəqəm deyə bilmirik, çünki sürüşmə aktiv fazadadır. Proses tam başa çatandan sonra dəqiq fikir demək mümkün olacaq”.

Ə.Qaralov onu da vurğulayıb ki, adıçəkilən ərazi aktiv sürüşmə zonası deyil: “Bu ərazidə əvvəl sürüşmə və uçqun halları qeydə alınmayıb. Baş verən sürüşməsinin səbəbi ərazidə kanalizasiya sisteminin olmaması və son vaxtlar atmosfer çöküntülərinin artmasıdır. Hadisəsinin baş verdiyi yamacın maililiyi 30 dərəcə təşkil edir və uzunluğu təxminən 200 metrə qədərdir. Evləri yararsız hala düşən sakinlərə yardım üçün aidiyyəti qurumlar iş aparır”.

Masazır icra nümayəndəsi Şahlar Həsənov Publika.az-a bildirib ki, 7 evin sakinlərinə köməklik göstərilməsi üçün komissiya yaradılıb: “Ərazidəki vəziyyət dəyərləndirildikdən sonra onlara yardım göstəriləcək. 7 ailədən 5-i məcburi köçkündür. Onlarla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Yəqin ki, yaxın zamanda həmin ailələrlə bağlı qərar veriləcək.

Hazırda sakinlərin evlərdə yaşaması təhlükəli olduğundan qohumlarının evinə yerləşiblər”.

Ş.Həsənov bildirib ki, uçqun nəticəsində yararsız hala düşən evlərin heç birinin rəsmi sənədi yoxdur: “Onlar məcburi köçkün kimi paytaxta məskunlaşandan həmin evlərdə yaşayırlar. Hamısı köhnə tikililərdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm