Arvadını intihara məcbur etdi, qohumlarına bıçaq çəkdi - CİNAYƏT
Bizi izləyin

Hadisə

Arvadını intihara məcbur etdi, qohumlarına bıçaq çəkdi - CİNAYƏT

Onların birgə nikahından iki uşaq olub.

Həyat yoldaşını intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Daşqın Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Daşqın Nəhmətov Ülkər Həsənovla 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub. Daşqın Ülkəri özündən asılı vəziyyətə salmaqla rayonun İkinci Yeddioymaq kəndində özünə məxsus evdə müxtəlif bəhanələr gətirərək yaşadıqları evdə fiziki və psixi zor tətbiq edib.

Əxlaqsız hərəkət etmək bəhanəsi

Daşqın Nəhmətov həyat yoldaşına 2013-2014-cü illər ərzində, həmçinin 2015-ci ilin mart-oktyabr aylarında dəfələrlə qızları Humra Nəhmətovanın, eləcə də qonşuların gözü qarşısında nümayişkaranə şəkildə saçından tutaraq sürüyüb.

Daşqın Nəhmətov həyat yoldaşının əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirib, onu işləməyə qoymayıb. Hər gün həyat yoldaşını söyərək təhqir edib. Ülkər Nəhmətova dəfələrlə məcbur qalaraq atası evinə gedərək orada qalıb.

İntihar

O, bu hərəkətləri ilə Ülkər Nəhmətovanı özünü öldürmə həddinə çatdırıb. Ülkər Nəhmətova əri Daşqın Nəhmətovun bu cür təhqirlərinə, ləyaqətini mütəmadi olaraq alçaltmasına dözməyib. O, 17 oktyabr 2015-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihara cəhd edib.

Bundan başqa, Daşqın Nəhmətov 6 oktyabr 2015-ci il tarixdə, saat 22 radələrində həyat yoldaşı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə, mübahisə edib.

Xuliqanlıq

Daha sonra Daşqın Nəhmətov Ülkər Nəhmətovanı qaynı Fəttah Həsənovun evinə aparıb. Orada Daşqın əlindəki bıçaqla qohumu Nəzakət Həsənova ilə yanaşı, oradakı digər şəxslərin də üzərinə gedib. Onun hərəkətlərinin qarşısını almaq istəyən Fəttahın oğlu Xələfin önündə bıçağı sağa-sola hərəkət etdirib.

Daşqın Nəhmətov Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.

4 il cəza

Masallı rayon Məhkəməsinin hökmü ilə Daşqın Nəhmətov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Dövlət ittihamçısı Nicat Hüseynlinin imzası ilə yazılan şikayət Şirvan Apelyasiya Məhkəməsinə daxil olub.

Dövlət ittihamçısı protestini onunla əsaslandırıb ki, Daşqın Nəhmətovun məhkum olunması barədə Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilməlidir: “İşin hallarından görünür ki, Daşqın Nəhmətov Ülkər Nəhmətova ilə ailə həyatı qurduqdan sonra mütəmadi olaraq alkoqollu içkilər içməklə, sərxoşluqla məşğul olub, ailənin qayğısına qalmayıb. O, Ülkər Nəhmətovaya mütəmadi olaraq mənəvi və fiziki əzab verib, ona qarşı zor tətbiq edərək amansız rəftar göstərib. Arvadının ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə ona qarşı etdiyi uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırıb. Nəticədə Ülkər Nəhmətovanın onun təhqirlərinə, döymələrinə, ləyaqətinin mütəmadi olaraq alçaldılmasına dözməyərək özünü asaraq intihar etməsinə səbəb olub”.

Arvadına 10 ildir işgəncə verirmiş

Prokuror həmçinin qeyd edib ki, Daşqın Nəhmətov silah qismində istifadə etdiyi bıçaqla qonşularına qarşı qərəzli xuliqanlıq əməli törədib: “O, cəmiyyətdə yalnız mənfi xüsusiyyətləri ilə xarakterizə edilib. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan həddə cəza təyin edib. Daşqın Nəhmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti başqa şəxsin həyatı, təqsirin forması-cinayətin dolayı qəsdlə törədilməsi, ictimai təhlükəli xarakteri isə cəmiyyətdə formalaşmış və dərin özülləri olan ailə münasibətlərini pozaraq iki övladının anası olan qadına qarşı 10 ildən çox müddət ərzində qeyri-etik münasibət göstərməklə, onu özünü öldürmə həddinə çatdırmasında ifadə edilib. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini, o cümlədən cəza təyini zamanı faktiki olaraq həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayıb”.

Prokurorun qeydlərinə görə, məhkəmə Daşqın Nəhmətova təqsirləndirildiyi hər iki maddə üzrə ən aşağı həddə cəza təyin edib: “Məhkəmə Daşqın Nəhmətovun zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hal qisimində nəzərə alıb. Məhz hansı zərərçəkmiş şəxslə və hansı hərəkətləri etməklə razılıq etməyə cəhd etməsini aydınlaşdırmayıb. Məhkəmə Daşqın Nəhmətovun özünü öldürmə həddinə çatdırdığı zərər çəkmiş şəxsin hüquqi varisi ilə hər hansı razılıq əldə edilməməsini və bu cür razılıq əldə edilməsinə cəhd belə edilməməsini nəzərə almayıb”.

Prokuror şikayətinin sonunda təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib. Prokurorun şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda prokurorluğun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm