• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Atasını öldürən 17 yaşlı oğlanın ETİRAFLARI - MƏHKƏMƏ

  • Hadisə
  • 12 Aprel 2017 11:24
  • 874 Baxış
Atasını öldürən 17 yaşlı oğlanın ETİRAFLARI - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Tamila Nəsrullayevanın sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl ötən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovu ürək nahiyəsindən bıçaqlayıb. O, hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, Kənan bir neçə gün əvvəl liseydə təhsilini dayandırıb. Valideynləri Kənan Qasımovu evləndirmək istəyiblər. O isə atasına evlənməyəcəyini bildirib. Qulu Qasımov oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən oğul mətbəxdən bıçaq götürüb. Atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla atasının ürək nahiyəsini tapıb və bıçağı onun ürəyinə sancıb.

Prokurorun sözlərinə görə, Kənan Qasımov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Prokurorun çıxışından sonra hakim Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib. Sonra söz alan Kənan Qasımov özünü təqsirli bilib.

Kənan Qasımov atasını öldürməsindən peşman olduğunu, özünü günahkar hesab etdiyini qeyd edib: “Hərbi liseydən öz istəyimlə çıxmışam. Oranım rejimi dözə bilmirdim. İbadətlə məşğul idim. Liseydə bunun üçün şərait yox idi, gizlin namaz qılırdım. Namaz qılmağı tanışımdan öyrənmişdim. Hərbi liseydən çıxmaqda məqsədim universitetdə oxumaq idi. Atam hərbi liseydən çıxmağıma çox əsəbiləşirdi. Həmişə cüzi məsəllərə görə aramızda mübahisə olurdu”.

Kənan Qasımov qeyd edib ki, mübahisə zamanı atasını öldürməklə hədələyib: “Bu səbəbdən evdə bıçaqları gizlədirdilər. Hadisədən bir gün qabaq anamla mübahisəmiz olmuşdu. Buna görə də atam üstümə açıqlanmışdı. Şkafdan bıçağı götürdükdən sonra atamın uzandığı otağa keçdim. Ona bir dəfə zərbə vurdum.

Həbsxanada hər gün atam gözümün qabağına gəlir, hər gün yadıma düşür. Atamın həm yaxşı, həm də pis xüsusiyyətləri var idi. Istəməzdim ki, belə hadisə olsun. Oğlun atasını öldürməsi düzgün deyil”.

Prokuror xatırladıb ki, Kənan Qasımov ibtidai istintaqa verdiyi ifadəsində atasını “şeytan” adlandırıb. Kənan Qasımov belə ifadə verməsinin səbəbini izah edə bilməyib.

Daha sonra şahid qismində Kənan Qasımovun ailəsi ilə qonşuluqda yaşayan Asif İmanov ifadə verib. Onun sözlərinə görə, Kənan ağıllı uşaq olub: “O, hamıya salam verən, böyük-kiçik yerini bilən bir uşaq idi. Daha sonra xəbər tutdum ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olub. Bildiyimə görə, 1 ilə yaxın orda oxudu. Daha sonra atası Qulu dedi ki, Kənan hərbi liseydən çıxarılıb. Ondan səbəbini soruşduq, bildirdi ki, uşaq normal adamlara qoşulmayıb. Qulu onu da dedi ki, oğlum müxtəlif dini cərəyanlara qoşulub, dərsə getmir”.

Şahid qeyd edib ki, Qasımovlar ailəsində münaqişələrin baş verməsinin, söz-söhbət olmasının şahid olmayıb. Onun sözlərinə görə, hadisə günü onların evindən səs eşidib: “Evdən çıxanda gördüm ki, Qulu fəryad edir, onu qan aparırdı. Qulunu bu vəziyyətdə görəndə oğluma dedim ki, təcili yardım çağır. Qulu bildirdi ki, imkan verməyin, oğlum məni öldürəcək. Bu zaman Kənan əlində bıçaqla gəldiyini gördüm. O, gülə-gülə üstümüzə gəlirdi. Kənan “Asif dayı, icazə ver, atama birində vurum” deyə bildirdi. Amma mən onu yenə də atasını vurmasına imkan vermədim.

Daha sonra təcili yardım gəldi və Qulunu xəstəxanaya göndərdik. Sonra Kənanın dayısına zəng etdim. Dayısı gələrək, Kənanı apardı”.

Kənan Qasımovun dayısı Elşad Sarıyevin sözlərinə görə, bacısı oğlu çox sakit uşaq olub: “Bilirdim ki, atası Kənanı incidir. Qulu 16 yaşlı oğluna deyirdi ki, get işlə, pul qazan. Kənanı atası hərbi liseydən çıxartdı. Həmin vaxt Kənanın özü də məktəbdən çıxmaq istəyirdi. Ayinlərdə dini tədbirlərə gəlirdi. Məciddə ibadət etməyə gedirmiş. Son günlər əsəbi idi, bu əsəbini içində yaşayırdı”.

Elşad Sarıyev daha sonra ifadəsində Kənanın atasını öldürməsindən danışıb: “Həmin gün rayondan Bakıya gəlmişdim. Evə yeni çatmışdım ki, zəng gəldi, Kənanın atasını vurduğunu dedilər. Mən də ora gəldim, Kənanı götürdüm. Ondan heç nə soruşa bilmədim. Heç özümdə deyildim, şok vəziyyətində idim. Soruşdum ki, atanı niyə öldürübsən, cavab verdi ki, məni incidirdi, döyürdü”.

Proses aprelin 18-də davam edəcək. (teleqraf)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR