Avstriyadan Azərbaycana göndərilən 170 000 avroluq dərman Ukraynada yoxa çıxıb - - FOTO
Bizi izləyin

Hadisə

Avstriyadan Azərbaycana göndərilən 170 000 avroluq dərman Ukraynada yoxa çıxıb - - FOTO

Yükün yoxa çıxmasında “Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.

Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.

Şirkətin baş direktoru Surxay Mustafayev APA-ya bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.

Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub: "Yükün çatdırılmasını “Rodnev” şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Reva Tarasla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra “Rodnev” şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur”.

S.Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında “Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.

Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm