Bakıda 3 nəfərin yandığı DƏHŞƏTLİ QƏZANIN şahidi DANIŞDI - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda 3 nəfərin yandığı DƏHŞƏTLİ QƏZANIN şahidi DANIŞDI - FOTO/VİDEO - (YENİLƏNDİ)

Digər avtomobil yanğından mühafizə olunub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, "KİA" markalı avtomobil "VAZ-2104" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində "VAZ-2104" markalı avtomobil alışmağa başlayıb.

Hadisənin şahidlərindən Fikrət Ağammədov deyir ki, qəzaya səbəb "İkarus" markalı avtobus olub: "Gəldim gördüm ki, burada maşın yanıb. İçərisində 3 nəfər var idi. Üçü də yanmışdı. Sıxılmış vəziyyətdə qalmışdılar. Qəza olan kimi benzin bankından od tutub, yanıb. Məlumata görə, "İkarus" çaşdırıb "KİA"nın sürücüsünü, o da gəlib dəyib "VAZ-2104"ə. "KİA"da bir nəfər idi. O da sağ idi. Digərlərini isə xilas etmək mümkün olmadı". (apa.tv)

***

Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbir Məmmədova Klinikası”na məxsus olub.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.

***

Bu gün səhər Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı maraqlı məqamlar əldə etmişik.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında baş verən və 3 nəfərin maşında yanaraq ölməsi ilə nəticələnən dəhşətli qəzanın sual doğuran məqamları var. Hazırda qəzanın hansı şəraitdə baş verdiyi, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

“Qafqazinfo” “VAZ-2107” markalı avtomobilin üstündə olan və sıradan bir dövlət nömrə nişanı sayılmayan 10 AX 002 nömrəsi ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, bundan əvvəl sözügedən dövlət nömrə nişanı “Mercedes BENZ SLS” markalı iki qapılı sport stilli avtomobilin üzərində olub. Bu avtomobildə gənc bir oğlanın da fotoları var. Olduqca bahalı avtomobildən götürülərək “07”ə vurulan nömrə həm də onun sahibinin avtomobil kolleksiyası olması ehtimalını yaradır.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, qəza zamanı hər iki avtomobilin ön nömrəsinin çıxarılması da diqqətdən yayınmayıb. Sözügedən nörmənin “Mercedes” markalı avtomobilin üzərindəki fotolarını təqdim edirik:

Məlumat üçün bildirək ki, “AX” seriyalı nömrələr adətən hüquqi şəxslərə məxsus olur.

***

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

***

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb, avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm