• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

"Azərsığorta"nın Tovuz filialının direktorunu öldürən mühasib tutuldu (YENİLƏNDİ)

  • Hadisə
  • 25 Aprel 2017 15:22
  • 790 Baxış
"Azərsığorta"nın Tovuz filialının direktorunu öldürən mühasib tutuldu (YENİLƏNDİ)

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, aprelin 22-də Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının müdiri vəzifəsində işləyən rayon sakini Raya Bayramovanın xidməti otağında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən filialda baş mühasib işləyən, rayon sakini Vidadi Vəliyev aprelin 24-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

V. Vəliyev istintaqın ilkin mərhələsində hadisəni törətdikdən dərhal sonra məsuliyyətdən yaxa qurtarmaq və istintaqı başqa istiqamətə yönəltmək üçün cəhdlər etsə də, sonradan törətmiş olduğu cinayət əməlini etiraf edərək, cinayətin aləti olmuş predmeti və digər maddi sübutları istintaq orqanına təqdim edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) "Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR