• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi

Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Ə.İnsanovun məhkəməyə ərizə ilə müraciət etdiyi elan olunub.

Sabiq nazir ərizəsində qeyd edib ki, iclas onun iştirakı olmadan keçirilsin.

Hər iki tərəf buna etiraz etməyib.

Daha sonra Ə.İnsanovun vəkili Ağaveys Şahverdi vəsatətlə çıxış edib. O, prosesin məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, müvəkkilinin narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsini tələb edib.

Vəsatətlər təmin edilməyib.

Məhkəməinin növbəti iclası iyunun 22-nə təyin edilib.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. (report)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR