Ağdaşda “Infiniti” ilə qəza törədən məmur oğlu saxlanıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağdaşda “Infiniti” ilə qəza törədən məmur oğlu saxlanıldı - (YENİLƏNDİ)

Sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmiş şəxs inzibati qaydada cəzalandırılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib.

Hadisə ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, İ.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş vəziyyətdə idarə edib. Hadisə zamanı İ.Həsənov avtomobildə tək olub və heç bir xəsarət almayıb.

Yol nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan vurulması müəyyən edildiyindən İ.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub.

Ağdaş rayon məhkəməsinin qərarı ilə İ.Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilib.

***

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.

Belə ki, Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib.

Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.

***

Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib.

Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.

Məsələ ilə bağlı Publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.

“Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə hasarın küncündə işıq dirəyinə çırpılan maşın onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək”.

İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib:

“Gözətçi zərbə səsinə çölə çıxıb, bir maşının hasara çırpıldığını görüb. Maşının məkrəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan maşın idarə etməz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm