• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

“Cənnət bağı”na uzanan qan izi: Rusiyadan gəlib bacısının evli sevgilisini yumruqlayıb öldürdü

  • Hadisə
  • 28 Avqust 2017 17:30
  • 4 624 Baxış
“Cənnət bağı”na uzanan qan izi: Rusiyadan gəlib bacısının evli sevgilisini yumruqlayıb öldürdü

Qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Masallı rayon sakinləri - 1971-ci il təvəllüdlü Arzuman Abdinov və onun qardaşı, 1979-cu il təvəllüdlü Mülayim Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, A.Abdinov 2014-cü ilin iyul ayının əvvəllərində Rusiya Federasiyasından qayıdıb. O, qayıtdıqdan sonra qonşusu Pünhan Şiriyevin bacısı Nargilə ilə mütəmadi olaraq telefonla danışıb və münasibət saxladığını öyrənib.

Sevgi münasibəti və qonaqlıq

O, 31 iyul 2014-cü il tarixdə, saat 20 radələrində özünün, qardaşı Mülayimin ailə üzvləri və Nargilə ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” adlanan restorana gəliblər.

Orada Arzuman qardaşı ilə birlikdə spirtli içki qəbul edib və sərxoş vəziyyətdə olduqları vaxt Pünhan Şiriyevin dəvət edilmədiyi halda yeməkxanaya gəldiyini görüb.

Qısqanclıq və qətl planı

Həmin vaxt Pünhan onlarla bir masaya oturub. Bu zaman Arzuman Pünhanın bacısı ilə görüşmək məqsədi ilə gəldiyini hesab edib. O, qısqanclıq zəminində Pünhandan qisas alıb, onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Arzuman həmin gecə saat 01 radələrində yaşadıqları Ərkivan qəsəbəsindəki evə geri qayıtdıqdan sonra Pünhanın bacısı ilə olan münasibətləri barədə M.Abdinova məlumat verib, onu qəsdən öldürmək barədə niyyətini bildirib. İki qardaş əlbir olan bir qrup şəxs təşkil edib və Pünhandan qisas alıb, qəsdən öldürmək barədə aralarında razılığa gəliblər.

Söhbət etmək bəhanəsi

Abdinov qardaşları bu niyyətlərini həyata keçirmək üçün söhbət etmək bəhanəsi ilə Pünhanın idarə etdiyi VAZ-2106 markalı avtomobilə əyləşiblər. Onlar Pünhandan Ərkivan qəsəbəsində yerləşən Su-Kanal İdarəsinin yanına sürməyi tələb ediblər.

Yolda avtomaşında yaranmış mübahisə zamanı Mülayim bir neçə dəfə yumruqla Punhanın sifətindən vuraraq avtomaşını idarə etməkdən kənarlaşdırıb.

İki qardaşdan qəddarlıq

Bundan sonra Arzuman avtomaşını idarə edərək Su-Kanal İdarəsinin yanına gəlib və orada Pünhanı avtomobildən düşürüblər. Arzuman Mülayimlə birlikdə Pünhana qarşı qəddarlıq göstəriblər. Onu yumruq və təpiklə başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurublar.

Qətl

Abdinov qardaşları orada Pünhana işgəncə veriblər və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Qardaşlar Pünhanın huşsuz vəziyyətə düşdüyünü görüb və onun öldüyünü hesab ediblər.

Daha sonra Abdinov qardaşları Pünhanı huşsuz vəziyyətdə avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşıblar.

Pünhanı avtomobilin arxa oturacağında oradan keçənlər tapıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya aparıblar.

Xəstəxanada Pünhana tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Avqustun 10-da xəstəxanada vəfat edib.

İki qardaşın ittihamı

Arzuman və Mülayim Abbdinov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini və daha yüngül cəza ilə əvəz edilməsini xahiş ediblər.

Şikayət

Hökmdən narazı qalan mərhum Pünhan Şiriyevin həyat yoldaşı da apelyasiya şikayəti verib. Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, Abdinov qardaşları barəsində olan cəza daha ağır cəza ilə əvəz edilməlidir. O, vurğulayıb ki, Abdinov qardaşları onun həyat yoldaşını xüsusi amansızlıqla öldürüblər.

Yekun qərar

Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Zərərçəkmişin şikayətinə bu günlərdə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və şikayəti əsassız hesab edilib.

Ali Məhkəmə Abdinov qardaşlarının barəsində olan hökmü qüvvədə saxlayıb.

Hacı Zeynalov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>