ABŞ Rusiya vətəndaşları üçün Azərbaycandan KÖMƏK İSTƏDİ - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

ABŞ Rusiya vətəndaşları üçün Azərbaycandan KÖMƏK İSTƏDİ - YENİLƏNDİ

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

FHN-dən Publika.az-a verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Əlavə məlumat veriləcək.

***

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Şamaxıda dağlıq ərazidə qalan amerika vətəndaşları ilə bağlı məlumat yayıb.

Publika.az-ın FHN-in saytına istinadən xəbər verir ki, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün bir qədər əvvəl Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub. Həmin şəxslərin xilas olması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Şamaxıda köməksiz vəziyyətdə qalan iki amerika vətəndaşını xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının əməkdaşları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilib ki, bu gün səhər saatlarında daxil olan məlumat əsasında axtarışlara başlanılıb:

“Şamaxı rayonunun Pirbəyli kəndindən 10 km məsafədə xarici vətəndaşların olduğu 2 ədəd "Nissan" markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. Həmin şəxslər “SOS” siqnalı vasitəsilə öz ölkələrinə məlumat veriblər. ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına məlumat daxil olub, onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Həmin şəxslərin kimliyi hələ ki məlum deyil”.

***

Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

ARDDA-nın Mətbuat Xidmətindən Publika.az-a veriləm məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm