Bakıda polis rəisinin müavinini güllələyən şəxslər tutuldu - RƏSMİ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda polis rəisinin müavinini güllələyən şəxslər tutuldu - RƏSMİ - (YENİLƏNDİ)

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan Publika.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, Müşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.

Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

***

Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma samanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

***

Bugünkü atışmada yaralanmış Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin həyatı təhlükə qarşısındadır.

Bu barədə Virtualaz.org-a məlumatlı mənbədən bildiriblər.

Sağ ayağından güllə yarası alan Orxan Axundzadə vena damarı zədələndiyindən çoxlu qan itirib.

Düzdür, həkimlər altı saatdan çox davam edən əməliyyat nəticəsində onun həyatını xilas edə biliblər. Amma yaralının vəziyyəti ağır olaraq qalır.

***

Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

İnsident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm