• USD 1,7000 0,00% EUR 2,0661 0,00%
    • GBP 2,3748 0,00% RUB 0,0229 0,00%

“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi DANIŞDI - TƏFƏRRÜAT - FOTO/VİDEO

  • Hadisə
  • 18 Oktyabr 2017 14:38
  • 6 750 Baxış
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi DANIŞDI - TƏFƏRRÜAT

Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.

O, sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb:

"9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.

Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir.

O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb, qolunu kəsirdi. Sizcə, bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O, buna layiqdi”.

O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”. (bakupost)

***

Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Vahid Qasımlının evli olduğu halda başqa bir qızı qaçırmasının təfərrüatı məlum olub.

Publika.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, V.Qasımlı Şahnaz Heydərli ilə sevərək ailə qurub.

“Onlar təxminən 3 il olar ki, ailə qurublar. 2 yaşlı qızı var, yoldaşı hamilədir. Vahid Şahnazı da qaçırmışdı. Sonra da el adəti ilə toy etdilər. Amma Vahidin birdən-birə belə iş tutması anlaşılan deyil. Şahnazın atası xəstə idi, arada onun yanına gedib-gəlirdi. Vüsal da anası ilə birlikdə kəndin yaxınlığındakı kök sahəsində işləyirdi. Atası isə bir neçə il əvvəl infarkt keçirib, o vaxtdan işləmir. Bir bacısı var, o da ailəlidir”, - deyə sakinlər bildirir.

Sakinlərin sözlərinə görə, V.Qasımlının qaçırdığı qız kəndin yaxınlığındakı Ağdam şəhərciyində yaşayır. Qızın 18 yaşı var. Hətta hadisədən sonra ailəsi Vahidi polisə şikayət edib.

“Polislə birlikdə Vahidgilin evinə gəlmişdilər, qızlarını qaytarmaq istəyiblər. Ancaq Vahidin qızı Bakıya apardığı deyilir. Qızın ailəsi onlarla danışıb, qız istəyərək qaçdığını deyib”, - deyə kənd sakinləri söyləyib.

Sakinlər deyir ki, Vahidin valideynləri bu hərəkətindən sonra onu evə qoymayacaqlarını bildiriblər.

Vahidin həyat yoldaşı Şahnaz Heydərlinin anası Gültəkin Həsənova Publika.az-a açıqlamasında kürəkənindən belə bir addım gözləmədiyini deyib:

“Yoldaşım onkoloji xəstədir, iyun ayında Bakıda əməliyyat edilib. 3 qızım var, vaxtaşırı onlar növbə ilə atalarının yanında qalıblar. Şahnaz da ərinin, qayınanasının razılığını alandan sonra 8 gün atasının yanında qalıb. Ata evinə də hər dəfə icazə ilə gəlib. Axırıncı dəfə də gələndə yoldaşı razılıq verib, qayınatası da gətirib. Yoldaşı kök sahəsində işləyir. Həmin sahə kənddən kənardadır, 4 aydır gecə-gündüz orada işləyir. Arada anası razılıq verəndə evə gəlir. Qızım sonuncu dəfə 10 gün əvvəl bizə gəlib, onda da qayınanası deyib ki, “yoldaşın evdə yoxdur, sən burda niyə oturmusan, mənim ərimə arvad gəlməmisən ki, get anangilə”. Bir neçə gün əvvəl kənddəki tanış qadın zəng vurub hadisəni bizə dedi. Qızım şok keçirib”.

G.Həsənova deyir ki, ailədə problem yaradan qayınana olub:

“Vahidin valideynlərinin ailə qurandan 18 il sonra bir qızı, bir oğlu olub. Qızı 3 dəfə ailə qurub. Qayınana qızımla yola getmirdi. Qızımın ata evinə gəlməyinə narazılıq edirmiş. Qızımın ailədə yeganə narazılığı qayınanasından idi. Qayınanası qızımı istəmirdi, bütün qızıllarını əlindən almışdı, toy kasetini sındırmışdı, hətta toy şəkillərini də cırmaq istəyirmiş. Bütün kənd bilir ki, o qadın mənim qızımın başına hansı oyunu açıb. Vahid anasına bağlı uşaqdır, amma özü də anasının xasiyyətindən narazılıq edirdi. Biz Vahiddən belə bir addım gözləmirdik. Adam 10 günün içində ailə dağıdıb, yeni ailə qurar? Bu oyunu kim qurub, bilmirəm. Qızımın bir uşağı 1 yaş 8 aylıqdır, özü də iki aylıq hamilədir. 10-15 gün əvvəl qızımla birlikdə qohumlarının toyuna getmişdilər. Ona gələn qız nə düşünüb? Atanı iki balasından ayırıb. Eşitdiyimizə görə, gətirdiyi qızın ürək qüsuru var. Onun ailəsi də qızlarını geri qaytarmaq istəyirlər. Ancaq biz ailənin kim olduğunu bilmirik”.

Gülxar

***

Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla - Vahid Qasımlı ilə ailə qurub.

Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Çünki həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Şahnaz deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdıgını da bilib, amma bunu qabartmayıb.

Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.

Qarşı tərəfin mövqeyini də öyrənmək istədik, amma Vahid Qasımlını kənddə tapa bilmədik. Kənd sakiləri bildirdilər ki, o, Bakıya köçüb. Vahidin mobil telefonuna da zəng çatmır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR