Hadisə
Naxçıvanda hərbi parad keçirildi - FOTOLAR
Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Publika.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.
Ali Məclisin Sədri deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.
Ali Məclisin Sədri deyib: Bu gün Əlahiddə Ümumqoşun Ordunun
maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi
heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır.
Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı
ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi
təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley
günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu
quruculuğu sahəsində görülən işlərin davamıdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının
müdafiə potensialının gücləndirilməsində, buradakı ordu
hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmannasız
köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı
Qüvvələrinə hörmət və ehtiramını bildirib.
Daha sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Bu
gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim
şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli
lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan
Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin
üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı
Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində
olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi,
torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam
təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu
birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını
genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini
verirlər.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran
vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə
bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci
ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti
təbrik edib, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin
fikirləri ilə tamamlayıb: “Bu gün Azərbaycan xalqı vahid amal
ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik,
müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha
da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm
Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar
respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili
üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun
maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla
təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar
respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında
yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin
nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən
kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və
mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir
Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin
əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan
Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə
həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas
istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun
Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası,
aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu
sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun
Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.
Zakir Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının
25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin
yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad
keçirilib.
Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun,
birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan
çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq
döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə
muxtar respublika sakini izləyib.
Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı
altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil
olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi
təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür
tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı
Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir,
Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.
Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi
təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava
hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə
Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla
tribunanın önündən keçiblər.
Sonra hərbi texnikanın keçidi olub.
Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank
əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış
“Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül
zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat”
avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və
beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli
döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna
önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək
manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi,
“Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif
markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12”
topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası,
“D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər
olan “Qiasint-B” topları nümayiş olundu.
Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım
atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi
və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket
kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş
maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi,
müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş
“T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində
quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya
qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun
silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit
qurğularının keçidi tamamlayıb.
“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb,
“SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları
müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi
parad başa çatıb.
Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin
yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın
keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı
birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş
etdirib.
Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə
verilib
Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris
Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılış tədbirində iştirak edib.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və
“Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali
Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2017-ci il 17 oktyabr tarixli Sərəncamı ilə hərbi xidmətdə səmərəli
fəaliyyətinə görə 10 hərbiçi “Naxçıvan Muxtar Respublikasına
xidmətlərə görə”, 10 hərbiçi isə “Rəşadətli əməyə görə” nişanları
ilə təltif olunub.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”
və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri
hərbiçilərə təqdim edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir
Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri
nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların
yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi
qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə”
1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya
isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Təlim-Tədris Mərkəzinin açılışını
bildirən lenti kəsiblər.
Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan
binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika,
raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul
hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər
sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700
yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə
mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin
artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb,
kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri
qoyulubdur.
Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların
idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18
trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların
idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə
təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda
qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və
peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.
Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki
xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin
praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda
mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100
kompüter və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında
yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən
müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan
verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və
qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə etmək
mümkündür.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi
inkişaf yolundan bəhs edən film göstərilib.
Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də
ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq
kitab, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət
üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii
ədəbiyyatları mütaliə etmək imkanı vardır. Həmçinin kitabxanada
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28
avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan
kitablar”dan ibarət guşə də yaradılıb.
Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli
istifadə olunması, şəxsi heyətin nəzəri biliklərinin və döyüş
hazırlığının daha da artırılması ilə bağlı tapşırıqlar verib.
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO