Deputatlığa namizəd azərbaycanlının və yaxınlarının güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT - - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Deputatlığa namizəd azərbaycanlının və yaxınlarının güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT - - YENİLƏNDİ

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az-ın APA-ya istinadən xəbərinə görə, məlumatda deyilir ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində "Gürcü Arzusu" Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: "Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır".

Məlumatda qeyd olunub ki, daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.

Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.

***

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində gecə saatlarında güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır.

APA-nın yerli bürosunun məlumatına əsasən, həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

***

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm